İCRA HAKİMİYYƏTİ ŞƏHİDİN QƏBRİNƏ YÜRÜŞƏ İCAZƏ VERMƏDİ – ŞƏHİD ANASINDAN İTTİHAMLAR – YENİLİK.AZ

İCRA HAKİMİYYƏTİ ŞƏHİDİN QƏBRİNƏ YÜRÜŞƏ İCAZƏ VERMƏDİ – ŞƏHİD ANASINDAN İTTİHAMLAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Qəbələ rayon İcra Hakimiyyəti məktəblər tərəfindən aprel şəhidi Sahil Şirinovun qəbrinin üstünə təşkil olunmuş yürüşə icazə verməyib.
AZXEBER.COM xəbər verir ki, bu barədə BakuPost-a S. Şirinovun anası Şəhla Şirinova məlumat verib. Ş. Şirinova saytımızla əlaqə saxlayaraq bildirib ki, icra hakimiyyəti son anda zəng edib və yürüşün təşkil olunmasına icazə verilmədiyini bildirib. Şəhid anası deyib ki, tədbir üçün rayon Təhsil Şöbəsindən də icazə alınıb: “Bu gün 11:30-da hamımız yığışıb qəbir üstünə yürüş edəcəkdik. Qəbələnin bir neçə məktəbindən də şagirdlər gəlməliydi. Direktorlarla müəllimlər xüsusi avtobuslar tutmuşdu. Şagirdlər məktəblərin həyətinə yığışıb, avtobuslarla bizə gəlmək istədiyi vaxt icra hakimiyyətindən zəng gəlib ki, uşaqların ora aparılmasına icazə yoxdur. Şagirdlər hamısı qalıb məktəblərin həyətində”.

Şəhla Şirinovanın sözlərinə görə, şagirdləri gətirə bilməsələr də, müəllimlər özləri Sahilin qəbrinin üstünə baş çəkiblər. Lakin planlaşdırılan tədbir şagirdlər gəlmədiyi üçün baş tutmayıb. 
Qəbələ rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov məsələ ilə bağlı BakuPost-a açıqlamasında deyib ki, sözügedən tədbirdən xəbərləri belə yoxdur: “Siz dəqiq şəhidin anası ilə danışmısınız? Mən təəccübləndim, doğrusu. Çünki hazırda Hərbi Komissarlıq anım günü ilə bağlı orada tədbir keçirir. Başqa bir təşkilat günün ikinci yarısı ora getməlidir. Mənə belə bir informasiyanın verilməsi təəccüblü gəldi. Çünki bu, həssas mövzudur. Bizim də diqqətimizdə olan mövzudur. Anım günü ilə bağlı rayonumuzda silsilə tədbirlər keçirilib. Məktəblərdə də olub. Şəhidin anası özü də iştirak edib. Rayon hərbi komissarlığı da hazırda orada tədbir keçirir.
Rayonun ümumtəhsil məktəblərində ora getmək istiqamətində fikir olsaydı, bu tədbir əvvəlcədən formalaşardı, xəbərimiz olardı, yolun təhlükəsizliyini təmin edərdik, onları avtobusla təmin edərdik, yolda sakitliyi təmin edərdik. Onları müşayiət edən polis maşınları təşkil olunardı. Heç bizim xəbərimiz olmayıb. Bəlkə valideyn əsəbiləşib deyə belə bir şey deyir?”
Z. Kərimov əməkdaşımızın “Bəlkə icra hakimiyyətinin xəbəri olmayıb deyə zəng edib təxirə saldırıb” sualına belə cavab verib: “Bu istiqamətdə nəsə informasiya olsaydı bir neçə gün əvvəldən biz zəruri köməkliyimizi göstərərdik”.

Qeyd edək ki, Sahil Şirinov 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. O, aprel ayının 6-da doğulduğu Qəbələ rayonunda torpağa tapşırılıb.

Related Articles

+994 50 295 94 79
top