DAHA BİR MƏKTƏBDƏ BİABIRÇILIQ – YENİLİK.AZ

DAHA BİR MƏKTƏBDƏ BİABIRÇILIQ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin müəllimləri sözügedən təhsil ocağının direktoru Leyla İsmayılovadan narazıdırlar.

Yenilik.az yenicag.az-a istinadən xəbər verir ki, narazılıq artıq o həddə çatıb ki, müəllimlər direktorla bağlı ölkə başçısı İlham Əliyevə də şikayət məktubu ünvanlayıblar. Təhsil ocağının işçiləri daha çox rüşvətxorluqdan şikayətçidirlər:

“Sizin – cənab Prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı olan I Vitse-prezident Mehriban xanımın Azərbaycanın hər sahədə çiçəklənməsi uğrunda apardığınız ardıcıl mübarizə, təəssüf ki, mərkəzdə və yerlərdə olan irili-xırdalı bəzi məmurlar tərəfindən əməllicə sabotaj edilir.

Belə məmurlardan biri Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin direktoru Leyla İsmayılovadır. O bu vəzifəyə təyin olunduğu natamam 2 il ərzində vaxtilə təhsildəki uğurları ilə tanınmış gənc məktəbi gücdən və gözdən salıb. Başqa təfərrüatlara toxunmadan deyək ki, bunun başlıca səbəbi direktorun hədd tanımayan pul hərisliyi, habelə peşəsinə və vəzifəsinə tam yararsızlığıdır.

O, nəinki məktəbdə təlim-tədris prosesini xeyli axsadıb, həmçinin pedoqoji kollektivdə, müəllimlərlə şagird və valideynlər arasında olan işgüzar və insani münasibətlərə xeyli zərər vurub.

Bu münasibətər nəhayət bu il martın 16-da – 10A sinfi şagirdlərinin akt tərtib etməsi ilə özünün ən kəskin nöqtəsinə çatıb. Şagirdlər aktda bildiriblər ki, ingilis dili müəllimi Bəşirova Xoşbəxt və dil-ədəbiyyat müəllimi Müsadirova Səbinə yanvar-mart ayları ərzində xəstəlikləri ilə əlaqədar məzuniyyətdə olublar, sözügedən dərslər boş keçib, nəticədə şagirdlər dərs proqramından çox geri qalıblar və istəyirlər ki, müdiriyyət onların proqramı mənimsəmələri üçün tədbir görsün. Direktor Leyla İsmayılova buna şagirdlərə və valideynlərinə təzyiq göstərmək, qanuni məzuniyyətdə olmuş və xəstəlik vərəqəsi təqdim etmiş fənn müəllimlərini günahkar elan etmək və qalanlarını onlara qarşı qaldırmaqla cavab verib.

Direktor bununla özünün – işdə olmayan müəllimləri digər müvafiq fənn müəllimləri ilə əvəz etməməsi, keçirilməmiş dərslərin yalan kiçik və böyük summativ qiymətləndirmələrinin şagirdlər xəbər belə tutmadan jurnala yazılması və bunun əsasında yarımillik qiymətlərin çıxarılması, keçirilməmiş dərslərin əmək haqqının bir dəfə də sinfə daxil olmayan bir müəllimə yazılması və əlbəttə ki, özü tərəfindən mənimsənilməsi kimi – yaramaz əməllərini ört-basdır etmək istəmişdir.

Bu, hələ Leyla İsmayılovanın “xidməti siyahı”sında olan sətirlərin onda biridir. O özünü qətiyyən müqəddəs müəllim peşəsinə və məsuliyyətli məktəb direktoru vəzifəsinə layiq aparmır, məktəbdə fironluq edir, bəzən söyüş söyməkdən belə çəkinmir. (Hətta bir dəfə keçmiş direktor müavini Allahverdiyeva Humayın mərhum valideynlərinin goruna söyüb, cavabında yuxarılara şikayət məktubu ünvanlamış Humay müəllimə Leyla İsmayılovanın – hər şeyə rəğmən – cəsazız qaldığını gördükdə özü işdən çıxıb. Bundan sonra direktor bir az da azğınlaşıb: “Gördüz də… Bundan belə gedin, hara istəyirsiz, şikayət edin!.. Mənə kimsə bata bilməz!.. Lap Mehribana yazdız, nə oldu?!.”)

Balaca olduğuna görə dərslər 4 növbədə keçirilən məktəbdə növbənin özü də satılır, nəticədə əndərəbadi bir vəziyyət yaranıb…

Direktor hər bir müəllimə 5 manat məbləğində aylıq bac kəsib. Birdəfəlik baclar da var: məsələn, Novruz bayramında hər bir sinif və sinif rəhbəri birlikdə 25 manat “tərləməli” oldular…

Məktəbdə “ölü canlar” da var – adı olub özü olmayan xadimələr…

İşdən bir günlük icazənin qiyməti 20 manatdır. (Tutaq ki, Müsadirova Səbinə son “qara bayram”da valideyninin qəbri üstə getmək üçün icazə istəyəndə direktor əvəzində ondan məhz bu məbləği istəyib…)

Xəstəlik məzuniyyətində olan rus dili müəlliminin dərsini qrupları birləşdirilməklə keçirmiş paralel qrup müəllimi Vəliyeva Xalidə buna görə ona çatası əmək haqqını almayıb, çünki əmək haqqı başqa bir müəllimə – B. Şahnaza yazılıb, müdiriyyət bu pulu da onun əlindən alıb…

Hərçənd direktorun belə əlavə gəlirlərə ehtiyacı olmaya da bilərdi, axı onun həm də müəllim olaraq müxtəlif siniflərdə dərs saatları var. Di gəl ki, o bu dərsləri özü keçmir, sadəcə haqqını alır…

İsmayılova Leylanın son “hünər”lərindən biri isə lap göz çıxarır. Martın 30-da axşam saat 8 radələrində o, ən çox intriqa apardığı iki müəllimdən biri olan Bəşirova Xoşbəxtgilə gələrək (!) onun anası ilə hədələyici tonda danışıb, nəticədə müəllimənin anasının artan qan təzyiqini düşürmək üçün iki dəfə təcili yardım çağırmalı olublar…

Əgər qarşısı alınmasa, barəsində ən ciddi tədbirlər görülməsə, Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin direktoru İsmayılova Leylanın buna bənzər işləri çox olacaq. Uduzan gələcək nəsildir. Uduzan təhsilimizin və ümumiyyətlə Azərbaycanımızın gələcəyidir ki, onu möhkəm tikmək üçün Prezident və I Vitse-prezident yorulmadan çalışır.

Xahiş edirik ki, müəllim, şagird və valideynlərin haqq səsini eşidə, təhsil ocağımızı İsmayılova Leyla kimisinin əlindən qurtarasız!

Anlayış və ədalətinizə əminik.

Hörmətlə, Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin müəllimləri”.

Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə çalışsaq da, cavab verən olmadı. Qarşı tərəfin fikrini yayımlamağa hazırıq.

Related Articles

+994 50 295 94 79
top