KÖKƏLMƏK ASAN DEYİL

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bir çoxları artıq çəkidən xilas olmaq üçün müxtəlif proqram və reseptlərə əməl etdiyi halda kökəlmək arzusunda olanlar da az deyil.

Yenilik.az AZƏRTAC-a istinadən bildirir ki, kökəlmək və ya orqanizmdə olan zəifliyi aradan qaldırmaq üçün ilk növbədə, onun dəqiq səbəbini öyrənmək lazımdır.

Bu, bir həqiqətdir ki, əksər hallarda kökəlmək arıqlamaqdan daha çətin olur. Çox yemək, iştahaartırıcı vitamin və preparatlar qəbul etmək də kökəlməyə səbəb olmur. Buna qalxanvari vəzin sürətlə işləməsi, iltihablı bağırsaq, ağır xroniki stress və depressiyalar, mədə-bağırsaq sistemi, onkoloji, eləcə də bəzi ağciyər və ürək xəstəlikləri səbəb ola bilər. Lakin heç bir ciddi pozulma və xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini axtarmaq lazımdır.

İlk növbədə, onun səbəblərindən biri kifayət etməyən natamam qidalanma ola bilər. Kökəlmək istəyənlər öz qida rasionuna ciddi nəzarət etməlidir, amma bu o demək deyil ki, çəkinin artırılmasına gətirib çıxaran yağlı və şirin qidalara üstünlük verilməlidir. Nəticədə kökəlmək arzusu sağlamlıq problemlərinin yaranmasına aparıb çıxara bilər.

Qida hər zaman kalorili, keyfiyyətli və faydalı olmalıdır. Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq, necə deyərlər, daşdan yumşaq nə varsa dişə çəkib həzm etmək yalnız qarında şişkinlik meydana gətirir.

Kökəlmək üçün hər gün üç əsas və üç ara qida qəbulu, yeməkdən əvvəl gəzmək, qaçmaq və idman etmək məsləhətdir. Qidalanmadan əvvəl edilən həmin proseslər həm iştahanı açır, həm də sağlam kökəlməyə kömək edir. Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük vermək, qəbul edilən karbohidratların miqdarını artırmaq lazımdır. Südə bal, bəhməz, mürəbbə əlavə edərək içmək bu sahədə çox yaxşı nəticə verir. İçkiləri yemək yeyərkən deyil, ya qida qəbulundan yarım saat əvvəl, ya da sonra qəbul etmək düzgündür. Əsasən meyvə şirələri içilməli, fındıq, fıstıq, badam və qoz ləpələri yeyilməlidir. Hər gün yumurta qəbul edilməsi də müsbət nəticə əldə etməyə səbəb olur. Əridilmiş yox, duru yağlara üstünlük verilməlidir. Məsələ burasındadır ki, kökəlmək xatirinə çoxlu yağ yemək olmaz, çünki yağla artan çəki sağlamlıq üçün çox zərərlidir və xarici görünüşdə də uyğunsuzluq yaradır.

Bütün bunlarla yanaşı, kökəlmək üçün kifayət qədər yatmaq və dincəlmək də vacibdir. Düzgün yuxu rejimi və açıq havada gəzmək də məqsədə çatmaqda kömək edir. Ayda 2 kiloqram çəki artımı uğurlu nəticə hesab edilir.

Milli.Az

Related Articles

+994 50 295 94 79
top