AZƏRBAYCANDAN ÇİRKLİ PULLARI YUYAN BANKIN LƏĞVEDİCİSİNİN QƏTLİ – SİFARİŞÇİ AZƏRBAYCANLI “BİZNESMENLƏR”DİR?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycandan çirkli pulları yuyan Latviya bankının ləğvedicisinin qətli Azərbaycan, Rusiya və digər bəzi keçmiş sovet respublikalarından çirkli pulların yuyulmasını təşkil etdiyi üçün Avropa Mərkəzi Bankı tərəfindən 2016-cı ildə lisenziyası ləğv edilmiş Latviya bankı «Trasta komercbanka»-nın ləğvedicisi Martıniş Bunkus mayın 30-da Riqada qətlə yetirilib. Latviya KİV-ləri xəbər verir ki, həmin qətlin “bankda pulları batan azərbaycanlı biznesmenlər” tərəfindən sifariş verildiyi versiyası araşdırılır. Martıniş Bunkusun qətli hazırda bank sektorunda çirkli pulların yuyulması qalmaqallarına görə ciddi böhran yaşanan Latviyada böhranı daha da dərinləşdirib.
Xəbərlərə görə «Trasta komercbanka»-nın ləğvedici administratoru olmuş Bunkus səhər saat 08.45 radələrində Riqadakı “Lesnaya” qəbiristanlığının yaxınlığında güllələnib.
Bunkusu şəxsi “Range Rover” avtomobilində gedərkən vurublar
Latviya kriminal polisinin Baş idarəsinin rəisi Andrey Qrişin bildirib ki, bu qətl diqqətlə planlaşdırılıb. Qatillərin iki nəfər olduğu təxmin edilir. Onlardan biri “Volkswagen” markalı furqonun sükanı arxasında olub, digəri hədəf atəş açıb. Bunkus avtomat silahdan açılan atəşlə öldürülüb. Hadisədən sonra qəbiristanlığın digər səmtində həmin mikroavtobus yandırılmış vəziyyətdə tapılıb, avtomobilin salonunda avtomatdan atəş açmaq üçün əldəqayırma ştativ aşkarlanıb.
Polis qatillərin peşəkarlar olduğunu və hədəfdən yayınmamaq üçün ştativdən istifadə etdiklərini bildirir. Mikroavtobusda saxta dövlət nömrə nişanı olub. Bu qətlin araşdırılması üçün kriminal polisin ən yaxşı əməliyyatçıları və müstəntiqləri səfərbər olunub. Habelə ABŞ Federal Təhqiqatlar Bürosu qətlin araşdırılması üçün ekspertlər göndərəcəyini açıqlayıb. Qətlin Bunkusun peşə fəaliyyəti ilə bağlı olduğu şübhə doğurmur.
Martinış Bunkusun Latviyada Azərbaycan, Ukrayna və Rusiyadan çirkli pulların leqallaşdırılması ilə məşğul olan və ABŞ Maliyyə Nazirliyinin maliyyə kəşfiyyatı mərkəzi FinCEN tərəfindən sanksiya tətbiq ediləndən sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalan “ABLV bank”ın da ləğvedcisi təyin edilməsi gözlənilirdi. “Trasta Komercbanka” Azərbaycan bazarına 2010-cu ildə daxil olub, “TKB Leasing” Səhmdar Cəmiyyəti adı altında törəmə şirkət təsis edib.
Bank sektorundakı mənbələrdən  məlum olub ki, bu törəmə şirkətin əsas funksiyası Azərbaycandan Avropa İttifaqına üzv ölkələrin banklarına pul köçürmələrini və yerləşdirilməsini təmin etməkdən ibarət idi. Bu məqsədlə Latviyada və offşor zonalarda qeydiyyatdan keçmiş, “kağız üzərindəki” şirkətlərdən istifadə olunub. Bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Bəyəli Mürsəlov isə 2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iri məbləğdə dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişdi.
Məlum olmuşdu ki, B.Mürsəlov Bakı sakininin hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə mənimsəyib. İndi Latviyanın “TV3 Xəbərlər” proqramı bir neçə mənbəyə istinadən bildirir ki, Martıniş Bunkusun qətlinin sifarişçiləri azərbaycanlı “biznesmenlər” ola bilər.
Məlumata görə siyasi dairələrdə və hüquq-mühafizə orqanlarında belə təxmin edirlər ki, «Trasta komercbanka» bankında iri məbləğdə pulları batan azərbaycanlı “biznesmenlər” bu qətli sifariş verib. Proqramda bildirilib ki, həmin bankın Azərbaycan, Rusiya, Tacikistan, Ukrayna kimi ölkələrdə nümayəndəlikləri olub. Bu ölkələrdə isə pullarını məmuniyyətlə offşorlarda və xarici banklarda gizlətmək istəyən nüfuzlu qruplaşmalar fəaliyyət göstərir.
Bir neçə mənbə “TV3 Xəbərlər” proqramında belə versiya səsləndirib ki, azərbaycanlı “biznesmenlər” pullarının banklarda ilişib qaldığını və onları qaytarmaq şansının olmadığını görəndə bu qətli sifariş verə bilərdilər. Belə ki, Latviya vətəndaşı olmayan 206 əmanətçinin, o cümlədən 52 fiziki və 154 hüququ şəxsin əmanəti həmin bankda batıb. Bildirilir ki, azərbaycanlıların mafiyasının episentri hesab edilən Moskvada mart ayınnda azərbaycanlı biznesmen güllələnib. Qatillər peşəkar hərəkət ediblər və xarakterinə görə bu qətl Bunkusun qətlini xatırladıb. Bunkusun qətlində olduğu kimi Riqada da killerlər hədəfi videomüşahidə kameralarının olmadığı yerdə vurublar. Bunkusun qətlinin miqyası və forması göstərir ki, sifarişçilər və icraçılar Latviyadan deyillər. Təcrübəli polislər killerin ştattivdən istifadə etməsindən təəcübləniblər, əvvəllər Latviyada belə hala rast gəlinməyib.
Keçmiş polis rəisi Valdis Voinis bildirib ki, silahı ştativə bərkidəndə hədəfi vurmaq ehtimalı yüksək olur və görünür killerlər əvvəllər də belə təcrübəyə malik olublar. “Onlar hədəfi izləyiblər, mövqe seçiblər və sərrast atəş açıblar”-keçmiş polis rəisi deyib.
Daxili işlər naziri Kozlovskis
Latviyanın daxili işlər naziri Rixard Kozlovskis yerli televiziyalara bildirib ki, Birləşmiş Ştatlar xəfiyyələri bu səs-küylü qətlin araşdırılmasına kömək edə bilərlər. Artıq müvafiq danışıqlar gedir. Nazirin bildirdiyinə görə bu qətlin araşdırılması üçün bütün polis resursları, ən yaxşı kriminalistlər və müstəntiqlər cəlb edilib. “Biz yol verə bilmərik ki, mütəşəkkil cinayətkarlıq Riqada bizə öz şərtlərini diqtə etsinlər”-nazir deyib.
İyunun 6-da ABŞ maliyyə nazirinin terrorçuluqla mübarizə üzrə müavini -FinCEN-in rəhbəri Marşall Billingsli “ABLV bank”ın məsələsi ilə bağlı Riqaya səfər edib və baş nazir Maris Kuçunskislə görüşündə Bunkusun qətli də müzakirə olunub. FinCEN-in rəhbəri Bunkusun qətlini “allahsızlıq” adlandırıb və Latviyaya bu qətlin araşdırılması üçün hərtərəfli kömək vəd edib. Kozlovskis isə deyib ki, Latviya tərəfi ABŞ-dan bu qətlin araşdırılması üçün texniki ekspertiza köməyi xahiş edir. Çünki amerikalılar bu sahədə böyük təcrübəyə malikdir. Qətlin üstünün açılması üçün pul mükafatının da təyin edilməsi gözlənilir.
KRİMİNAL.AZ

Related Articles

+994 50 295 94 79
top