AZƏRBAYCANIN QALSTUKSUZ İLK NAZİRİ – İNAM KƏRİMOV KİMDİR? – YENİLİK.AZ

AZƏRBAYCANIN QALSTUKSUZ İLK NAZİRİ – İNAM KƏRİMOV KİMDİR?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
AZXEBER.COM Azər Niftiyevin təqdimatında “Məmur portreti” rubrikasını davam etdirir. Hər həftənin çərşənbə axşamı yayımlanacaq rubrikada oxucular ölkənin idarə olunmasında yaxından iştirak edən, müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurların fəaliyyəti və həyat yolundan xəbər tutacaqlar.
Rubrikanın növbəti qonağı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovdur.
İnam Kərimov kimdir?
Son 6 ildə karyeya zirvəsinin pik həddinə çatan və işlədiyi hər bir qurumda unikallığı ilə seçilən İnam Kərimov hazırda yer üzünə hakimlik edən “Əkizlər” bürcünün tipik nümayəndəsidir.
Astroloqlar iddia edir ki, “Əkzilər” istedadlıdır, dinamikdir anında reaksiya verirlər, eyni vaxtda bir neçə işlə məşğul ola bilir və çalışqandırlar.
Qısa müddətə populyarlaşmağı bacaran qəhrəmanımız 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub.
Hər şey onunla başladı, cəmi 17 yaşı olanda…
İnam Kərimov orta təhsilini Bakı Humanitar fənlər Gimnaziyasında təhsil alıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini ABŞ-ın İndiana ştatında Richmond High School-a verir və dünyaca məşhur bu təhsil müəssisəsinə daxil olur. Bir il sonra yenidən Bakıya qayıdır və ölkəmizin ən qədim ali təhsil ocağı – Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunur.
Ardınca yenidən xaricə – bu dəfə Fransaya üz tutur. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alır. Avropada Azərbaycan diasporunun ən fəal nümayəndələrindən və ölkəmizlə bağlı keçirilən tədbirlərin ən fəal təşkilatçılarından olur.
İlk iş yeri: Korrupsiyaya qarşı mübarizə…
İnam Kərimov əmək fəaliyyətinə Azərbaycan Respublikası Prezident Administrasiyasında məsləhətçi kimi başlayır. 2002-2004-cü ildə bu vəzifədə çalışan İ.Kərimov 2005-2012-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olur. Paralel olaraq Prezident Administrasiyasında baş məsləhətçi işləyir. Eyni zamanda Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir.
Prezidentin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilir. Cəmiyyət arasında Asan Xidmət kimi tanınan bu quruma rəhbərlik onun qarşısında böyük imkanlar açır. Ölkənin ən şəffaf dövlət qurumu imicini qazanan Asan Xidmət-ə milyonlarla insan üz tutur, ictimaiyyət arasında böyük etimad qazanır, hər bir mərkəzinin açılışında dövlət başçısı şəxsən iştirak edir.Həyatınızı asanlaşdıran mərkəz: Asan Xidmət
İnam Kərimovun rəhbərliyi dövründə Asan Xidmət böyük uğurlara imza atır, əksər dövlət müəssisələri ilə vətəndaşlar arasında “körpü” rolunu oynayır. İllərdir süründürməçiliyə salınan, ən xırda sənədi əldə etmək üçün aylarla vaxt və əsəb sərf edən soydaşlarımız yalnız dövlət rüsümunu ödəməklə, bu ağır məşəqqətdən xilas olurlar. Təsadüfi deyil ki, məhz Asan Xidmətin fəaliyyətə başlaması illərdir vətəndaşları get-gələ salan dövlət qurumlarının fəaliyyətində də müsbət dönüş yaradır. Çünki başqa seçimləri qalmır: Xidmət pis olacaqsa, vətəndaş digər alternativ instansiyaya – Asan Xidmətə müraciət edəcək.
Öz fəaliyyətini operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında quran Asan Xidmət sosial-korporativ layihələrdən də kənarda qalmır. Gənclərin könüllülük prinsipi ilə Asan Xidmət Mərkəzlərinə cəlbi, “Asan Könüllüləri” İctimai Birliyinin fəaliyyətə başlaması, “Asan radio”nun y
 aranması, gənc sahibkarlara istehsal etdikləri məhsulları satmaq məqsədilə “ABAD” layihəsinin təqdim olunması, gənc kadrların idarəetmədə təcrübə qazanması üçün yaradılan müvafiq şərait cəmiyyət arasında bu quruma olan inamı daha da artırır.

İdarəetmədə yeni yanaşma: Kərimov modeli

Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə ay öncə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri təyin edilən İnam Kərimovun nazir kimi fəaliyyətinə qiymət vermək hələ tez olsa da, o qısa müddətə fərqlənməyi bacardı. Yeni nazirin kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlər, regionlara səfərləri, bu səfərlər əsnasında əyalət insanları ilə səmimi müzakirələri onun bu sahəyə də yeniliklər gətirəcəyini deməyə əsas verir.
Yeni nazirin əlində quzu ilə yayılan fotosu cəmiyyət arasında rəğbətlə qarşılandı. Təsadüfi deyil ki, bu foto yayımlandıqdan sonra sosial şəbəkələrdə “Əsl nazir belə olmalıdır” səpkili minlərlə paylaşım və şərhlərə rast gəlirik.
Sonda xatırladaq ki, İnam Kərimov 5 dil bilir. Bunlar: Azərbaycan, rus, ingilis, fransız, və fars dilləridir. Yerli və xarici ölkələrin elmi jurnallarında nəşr olunan onlarla məqalənin müəllifidir. Fransanın Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.
Ailəlidir, iki övladı var. Qardaşı Mətin Kərimli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinidir.

Related Articles