”WHATSAPPLA MESAJ YAZIB, ƏVVƏLCƏ 200 MİN, SONRA 1 MİLYON DOLLAR İSTƏYİB” – BAŞ PROKURORLUĞUN ”KASSİRİ”NİN ADI KEÇƏN CİNAYƏT İŞİ – YENİLİK.AZ

”WHATSAPPLA MESAJ YAZIB, ƏVVƏLCƏ 200 MİN, SONRA 1 MİLYON DOLLAR İSTƏYİB” – BAŞ PROKURORLUĞUN ”KASSİRİ”NİN ADI KEÇƏN CİNAYƏT İŞİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 2
    Shares
Prokurorluğun ”kassirindən” 1 milyon tələb olunmasıyla bağlı cinayət işinin detalları
“Əlisultanın heç bir təqsiri yoxdur. Ortada heç bir sübut olmadan aylardır həbsdə saxlanılır. Ümidimiz məhkəməyədir. Amma qorxuruq ki, məhkəmə də elə istintaq kimi getsin, axırda da haqq-ədaləti bir kənara atıb, nə desələr, onu da eləsin və günahsız bir adam illərlə həbsdə çürüsün…”
Əlisultan Yüzbəyovun yaxınları Baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və başqa səlahiyyətlilərə müraciət edərək, onun işinə ədalətli baxılması üçün kömək istəyiblər.
Əlisultan Yüzbəyov elə Qaralovun işçisinin – Respublika Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsinin rəhbəri Niyaz Məmişovun adı keçən cinayət işində təqsirləndiriləndirilir. Ona qəsdən adam öldürməyə hazırlıq, hədə-qorxu ilə tələb etmə, kompüter məlumatlarının saxtalaşdırılması kimi ittihamlar irəli sürülüb. Xaçmaz sakini olan Əlisultan Yüzbəyov əmisi oğlu Emil və onun tanışı Zaur Hüseynovla birlikdə mühakimə olunur. Onlar Baş Prokurorluğun İdarə rəisi Niyaz Məmişovu qızının, nəvələrini öldürməklə, həmçinin onun qardaşı, bizneslə məşğul olan Tərlan Məmişovu hədələməkdə ittiham edilirlər.
İttihamda yazılıb ki, üç nəfər təqsirləndirilən dəstə yaradıb, “sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tərlan Məmişov və onun yaxın qohumlarına məxsus əmlakı ələ keçirmək məqsədilə onların öldürülməsini planlaşdırıblar”.
Təqsirləndirilən şəxslər isə ittihamı rədd edirlər. Bildirirlər ki, Tərlan Məmişovun adının bu cinayət işinə niyə daxil edildiyi, ümumiyyətlə, onlara məlum deyil, onun bu işə heç bir aidiyyəti yoxdur. İddiaya görə, təqsirləndirilən Zaur Hüseynov Rusiya ərazisinə keçərək, “Şirvanovka” nəzarət-buraxılış məntəqəsindən İMEİ kod göstəriciləri dəyişdirilmiş telefon vasitəsilə, Dağıstan vətəndaşının adına olan bir nömrədən Niyaz Məmişova “Whatsapp” proqramı vasitəsilə mesaj yazıb, ondan əvvəlcə 200 min, daha sonra 1 milyon dollar pul istəyib. İstifadə edilən Çin istehsalı olan telefon Əlisultan Yüzbəyovun həyat yoldaşına məxsus olub.
Yaxınlarının sözlərinə görə, Əlisultanın əmisi oğlu Emil Xudatda kompüter, telefon ustasıdır. Günlərin birində Zaur Hüseynov onun yanına gəlib deyib ki, Çin istehsalı olan telefon lazımdır, almaq istəyir. Onun da yadına düşüb ki, əmisi oğlugildə belə bir köhnə telefon vardı. Gedib Əlisultana deyib ki, əgər həyat yoldaşı Şəbnəmin telefonunu satmaq istəyirsə, almaq istəyən var. O da razılaşıb, telefonu satıb, Emil götürüb aparıb. Yaxınları bildirir ki, Əlisultanın nə o telefonun kimə verilməsindən xəbəri olub, nə də ondan hansı məqsədlə istifadə ediləcəyindən. Buna baxmayaraq, ona yeddi ağır maddə ilə ittiham veriblər: “Günahsız, kasıb bir adam aylardır türmədə çürüyür, nə var ki, o biri tərəf vəzifəlidir və nə deyirsə, onu eləyirlər”.
Emil Yüzbəyov da bildirib ki, Zaur Hüseynovun telefonu niyə almasından, ondan necə istifadə edəcəyindən nə onun, nə də əmisi oğlunun xəbəri olub. Onlar ümumiyyətlə, Niyaz Məmişov adlı adamı tanımırlar. Təqsirləndirilən Zaur Hüseynov isə Niyaz Məmişova mesaj yazıb pul istəməsini təsdiqləyir. Lakin bildirir ki, məsələ ittihamda yazıldığı kimi deyil. Məqsəd Məmişovların pulunu ələ keçirmək yox, Niyaz Məmişovun ona borclu olduğu pulu almaq olub. Zaur Hüseynov Baş Prokurorluğun şöbə rəisi üçün Xaçmazda ev tikintisinə rəhbərlik edib, iş icraçısı olub. Təqsirləndirilən şəxsin dediyinə görə, uzun müddətdir Niyaz Məmişovla işləyir. Bundan əvvəl N.Məmişov prokurorluq rəhbərliyinin yaxın qohumları üçün də ona ev tikdirib. Sonunsu işin başa çatmasına az qalmış N.Məmişov onlara pul verməkdən imtina edib. Təxminən 40 minlik borc yaranıb. Zaur Hüseynov bildirib ki, o da istifadə etdiyi tikinti materiallarını nisyə aldığından həmin adamlara borcu yaranıb. Adamlar borclarını istəyəndə isə çıxılmaz vəziyyətə düşüb. Niyaz Məmişov da pulu ödəmək istəməyib. Zaur Hüseynov onu çətin vəziyyətə salan Niyaz Məmişovdan qisas almaq qərarına gəlib və ona mesaj yazaraq, hədələyib, pul tələb edib.
Təqsirləndirilən şəxslər hesab edir ki, Niyaz Məmişovun qardaşı Tərlan Məmişovun adını bu işə qoşmaqla istintaq orqanı hadisənin başvermə səbəbini ört-basdır eləmək istəyib: “Belə qələmə verirlər ki, Tərlan Məmişov sahibkarlıq fəaliyyətilə məşğul olduğuna görə ondan pul almaq istəyiblər, qardaşını da bu işə qoşublar. Əgər elədirsə, niyə Tərlan Məmişova yox, Niyaz Məmişova göndərilib mesaj? Çünki məsələ onunla bağlı olub. O, işlətdiyi ustaların, evinə sərf olunan materialların pulunu verməkdən imtina etdiyinə görə narazılıq yaranıb. Tərlan Məmişovun bu işə aidiyyəti bircə odur ki, vaxtilə qardaşını Zaur Hüseynovla o tanış edib. Vəssalam…”
Niyaz və Tərlan Məmişovların ikisi də bu işdə zərərçəkmiş qismində tanınıb.
KRİMİNAL.AZ

Related Articles