“BU GÜN ONDA İSTİFADƏ EDƏNLƏR, SABAH ONU BİR KƏNARA ATIB…” – SƏRT İTTİHAM

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Sağlam mühit və sağlam gələcək” İB-nin icraçı direktoru, şərqşünas-politoloq Vüsal Hətəmov son günlər cəmiyyətdə millət vəkili Fazil Mustafa ilə dindarlar arasında meydana gələn gərginliklə bağlı saytımıza münasibət bildirib.

“Son günlər Azərbaycan cəmiyyətində yeni gərginlik episentri yarandı. Millət vəkili Fazil Mustafa ilə Azərbaycanın ənənəvi dini cərəyanının nümayəndələri virtual aləmdə üz-üzə gəldilər. Etiraf edək ki, yaranmış gərginliyin baiskarı deputat oldu. Fazil Mustafa əvvəllər də Azərbaycanda çoxluq hesab olunan məzhəb ardıcıllarını, təhqirə yaxın ifadələrlə tənqid etməklə cəmiyyətdə xoşagəlməz olaylara və müəyyən gərginliyə səbəb olmuşdu. Bu dəfə də ənənəvi Məhərrəm məclislərini hədəfə alan deputat, etirazlar səslənən kimi bir anın içində minlərlə inanclını təhqir etməyə başladı.

Məsələ burasındadır ki, Azərbaycanda əsirlər boyu müxtəlif din və məzhəb ardıclıları çiyin-çiyinə yaşayıb. Aydın məsələdir ki, onların Yaradana və Ona tərəf aparan yollar və vasitələrə dair fərqli fikirləri var. Ancaq bu fərqlilik heç zaman qarşılıqlı təhqirə rəvac verməyib. Çünki xalq olaraq azərbaycanlılar bunun nə dövlətçiliyə, nə də millətə fayda verməyəcəyini anlayıblar həmişə. Sağlam polemika, hətta mübahisələr də zaman-zaman meydana gəlib. Ancaq təhqir həddinə ya gəlib çatmayıb, ya da belə təhqir azsaylı radikal təkfirçilər tərəfindən ara-sıra səslənib. Çox təəssüf ki, millət vəkili adını daşıyan Fazil Mustafa da məhz təhqir yolunu seçdi. Bunu bilərəkdən etdimi ki, dindarlarda qıcıq yaratsın, onları Müqəddəs Ramazan ayında hövsələdən çıxarsın, ya özünün dünyagörüşü və mənəvi xüsusuiyyətləri buna sövq etdi? Hər halda bunu bir Allah, bir də özü bilir. Amma hər halda olan oldu. Və dəfələrlə sübuta yetmiş “təsir əks təsirə bərabərdir” tezisi növbəti dəfə təsdiqini tapdı. Əks düşərgədən də deputatın təhqirlərinə eyni cür cavab verənlər tapıldı: onun şəkilləri zibil qutularına yapışdırıldı, ünvanına isə bəziləri tərəfindən xoşagəlməz ifadələr və təhqirlər yağdırıldı. Amma bu, aysberqin görünən hissəsidir. Başqa mətləblər də var…

Fazil Mustafanın demarşı və əks düşərgənin hərəkətləri müəyyən mənada «dejavyu» effekti ilə müşahidə olundu. Həqiqətən də, oxşar hadisələr Azərbaycanda bir müddət öncə də yaşanmışdı. Amma dini yox, siyasi səhnədə. Eyni ilə ağır təhqirlər, küçə ifadələri, şəkillərin zibil qutularına yapışdırılması, məzarların təhqir olunmasına dair yayılan xəbərlər (düzdür, sonra da bunlar təkzib edildi) və s. Hər iki halda məqsəd Azərbaycanda sabitliyi pozmaq, destruktiv qüvvələrə münbit şərait yaratmaq idi. Oxşar ssenarilər isə belə bir fikir söyləməyə əsas verir: hər iki halda hadisələr eyni mərkəzdən idarə olunurdu. Sadəcə olaraq, vasitələr fərqli idi. Fazil Mustafa burada əsas sima deyildi, kimsə sadəcə ondan istifadə etdi və anlaşılan qədər, hələ bir müddət edəcək də. Şübhəsiz ki, məqsəd heç də millət vəkilinin dediyi kimi xalqı cəhalətdən xilas etmək deyil. 14 əsirlik ənənəni hansısa populist siyasətçinin çıxışı və təhqirləri ilə aradan aparacağına inanan insan ən azından axmaqdır. Məqsəd, artıq qeyd etdiyimiz kimi, gərginlik yaratmaq, cəmiyyəti məzhəb qarşıdurması zəminində bir birinə vurmaqdı.

Sual oluna bilər: sonra nə olacaq? Müxtəlif variantlar mümkündür. Amma böyük ehtimalla, artıq qeyd etdiyimiz mərkəz həm siyasi arenada, həm də cəmiyyətin ən həssas sahəsi olan dini mühitdə səylərini davam etdirəcək. Bu gün Fazil Mustafadan istifadə edənlər, sabah onu bir kənara atıb başqa vasitə tapacaqlar. Odur ki, bu mərkəz nə qədər tez ifşa olunub üzə çıxarılsa, bir o qədər yaxşıdır. Həm Azərbaycan dövlətçiliyi üçün, həm də hər bir sağlam düşüncəli azərbaycanlı üçün.

 

MİA.AZ

Related Articles

+994 50 295 94 79
top