DYP-NİN QORUMASI ALTINDA OLAN 50 AVTOMBİL YANDI: BUNUN ZİYANINI KİM ÖDƏYƏCƏK?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Vaqif Əsədov: “Onlara dəfələrlə avtomobillərini meydançadan götürmək barədə xəbərdarlıq edilsə də, əhəmiyyət verməyiblər”
Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib. Yanğın meydançaya yaxın zibillik ərazidə baş verib və sonradan cərimə meydançasında olan avtomobillərə keçib. Nəticədə, meydançada saxlanılan 50-yə yaxın avtomobil yanıb.
Yerli sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, cərimə meydançasında, sadəcə qəzaya düşmüş və yararsız hala gəlmiş avtomobillər deyil, qayda pozuntusuna yol vermiş şəxslərin saz vəziyyətdə olan avtomobilləri də olub.
Hadisə ilə bağlı, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da Sputnik Azərbaycan-a açıqlama verib. O, meydançada yanan avtomobillərin dəqiq sayını bilməsə də, xeyli sayda avtomobilin yazdığını təsdiqləyib.
“Orada sahibləri tərəfindən atılmış, unudulmuş, qəzaya uğramış çox sayda avtomobil yanıb. Onlara dəfələrlə avtomobillərini meydançadan götürmək barədə xəbərdarlıq edilsə də, əhəmiyyət verməyiblər. Hazırda həmin avtomobillərin sahiblərinin kimlikləri müəyyənləşdirilir” — DYP sözçüsü vurğulayıb.
V.Əsədov ərazidə saz vəziyyətdə olan avtomobillərin yanması barədə isə məlumatsız olduğunu bildirib: “Əgər elə bir avtomobil varsa, yəqin ki, sahibi ortaya çıxacaq. O zaman da müəyyən ediləcək. Amma bunu da nəzərə almaq lazımdır ki, bəzi avtomobil sahibləri çıxıb deyə bilər ki, mənim avtomobilim qəzaya uğramış olsa da, boyası bahalı idi və s. Bütün bunlar yanğın faktı araşdırıldıqdan sonra müəyyən ediləcək. Və bu barədə mətbuata da ətraflı məlumat veriləcək”.
Maraqlıdır, yanmış avtomobillərin sahiblərinə dəyən maddi ziyanı kim ödəyəcək? Sputnik Azərbaycan bu suala cavab tapmaq üçün mütəxəssislərə müraciət edib.
“Avtostop” verlişinin aparıcısı, yol-nəqliyyat eksperti Tural Yusifov bildirib ki, Nazirlər Kabinetinin “Dayanacaqlar və duracaqlar haqqında” Qanunu var: “Həmin Qanunda deyilir ki, duracağın və ya cərimə meydançasının daxilində baş verən bütün hadisələrə həmin icra orqanı cavabdehdir. Yəni dayanacaqda yanğın təhlükəsizlik qaydalarına, avtomobillərə ziyan dəyərsə, cavabdehdir”.
Onun sözlərinə görə, hər hansı bir sürücünün avtomobilinə dayanacaqda maddi ziyan dəyirsə, sürücünün tam ixtiyarı var ki, dayanacaqların tabe olduğu Siqnal İdarəsini məhkəməyə versin: “Əgər avtomobil sahibləri maşınlarını kasko sığorta etdiriblərsə, bu zaman kasko sığorta avtomobil sahibinə pulu ödəyəcək. Sığorta şirkəti daha sonra Siqnal İdarəsini məhkəməyə verib, onlardan həmin pulu ala biləcək. Yox əgər avtomobilin kasko sığortası yoxdursa, sürücü birbaşa Siqnal İdarəsini məhkəməyə verərək ona dəymiş maddi ziyanı onlardan alacaq”.
“Onu da əlavə edim ki, kasko sığortanın növləri var. Kasko sığorta zamanı avtomobil tam sığortalanıbsa, bu zaman avtomobil sürücüsünə ödəniş olunacaq, daha ucuz və xüsusi limitlə sığortalanan avtomobillərə isə kasko sığorta ödəniş etməyəcək” — deyə Tural Yusifov əlavə edib.
Ekspert əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi Siqnal İdarəsini yanğın təhlükəsizlik qaydalarına riayət etmədikləri üçün cərimə edə bilər.
Sığorta eksperti Xəyal Məmmədxanlı isə qeyd edib ki, cərimə meydançasında baş verən istənilən hadisəyə görə DYP strukturu məsuliyyət daşıyır: “Avtomobil sürücüdən alınıb meydançada saxlanılandan, sürücüyə təhvil verilən zamana qədər avtomobilin təhlükəsizliyinə Siqnal İdarəsi cavabdehdir. Avtomobilə dayanacaqda maddi ziyan dəyərsə, bu zaman sürücü ərizə yazaraq ona dəymiş maddi ziyanı Siqnal İdarəsindən ödəmələrini xahiş etməlidir. Onlar da bu maddi ziyanı ödəmək məcburiyyətindədir”.
“Siqnal İdarəsinin məsuliyyət sığortası olsaydı, ziyanı sığorta şirkəti ödəyəcəkdi. Təəssüflər olsun ki, Siqnal İdarəsinin məsuliyyət sığortası olmadığına görə idarənin özü avtomobil sahiblərinə dəymiş ziyanı ödəməli olacaq” — deyə ekspert əlavə edib.
Xəyal Məmmədxanlı kasko sığortası olan avtomobillər barəsində də danışıb: “Kasko müqavilənin şərtlərinə bağlıdır. Əgər kasko sığorta müqaviləsində cərimə meydançasında, parkinqdə, avtotəmir məntəqəsində baş verən hadisələr istisnalarda deyilsə, kasko dəymiş ziyanı ödəyir. Daha sonra sığorta şirkəti DYP-dən həmin məbləği alır. Bir sözlə, bütün hallarda DYP pulu ödəməli olacaq və buna məcburdur”.

Related Articles

+994 50 295 94 79
top