METRODA BAHALAŞMA ANONSU VERİLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Son illər dövlət qurumlarının zərərlə işləməsi adi hala çevrilib. Bəziləri isə bazarda tək inhisarçı qurum olmalarına baxmayaraq, zərərlə işləyir. Nəticədə isə dövlət büdcəsinə əlavə yük olurlar. Bu günlərdə Bakı Metropoliteni QSC də zərərlə işlədiyini açıqlayıb. Belə ki, Bakı Metropoliteni QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 milyard 299 milyon 315 min manat təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 1,55 faiz azdır. 2017-ci ildə Bakı Metropoliteninin cəmi öhdəlikləri 12,2 faiz azalaraq 56 milyon 652 min manat, cəmi kapitalı isə 1,25faiz azalaraq 2 milyard 242 milyon 663 min manat, o cümlədən nizamnamə kapitalı 1,3 faiz artaraq 2 milyard 614 milyon 402 min manat olub.

2017-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 44 milyon 322 min manat (2016-cı ilə nisbətən 4,9 faiz çox), dövlət büdcəsindən aldığı subsidiya 45 milyon manat (18,4 faiz çox), sair əməliyyat gəlirləri 5 milyon 324 min manat (48 faiz az) təşkil edib.

Müəssisənin istifadə etdiyi material ehtiyatlarının dəyəri 6 milyon 106 min manat (31,1 faiz az), istifadə etdiyi neft məhsullarının dəyəri 417 min manat (3,25 faiz az), istifadə etdiyi elektrik enerjisinin dəyəri 11 milyon 428 min manat (25,4 faiz çox), istifadə etdiyi qazın dəyəri 207 min manat (68,3 faiz çox), istifadə etdiyi suyun dəyəri 4 milyon 16 min manat (26,4 faiz çox), işçi heyəti üzrə xərcləri 41 milyon 132 min manat (1,4 faiz çox), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 32 milyon 545 min manat (63,9 faiz az), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 54 min manat (75,9 faiz az), tikinti və avadanlıqlarının qalıq dəyəri 383 min manat (62,2 faiz az), digər xərcləri 6 milyon 137 min manat (6 faiz az), sair əməliyyat xərcləri isə 4 milyon 658 min manat (47,6 faiz az) təşkil edib.

Son nəticədə Bakı Metropoliteni ötən ili 12 milyon 581 min manat xalis zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 84 faiz azdır.

Maraqlıdır, qurumun zərərlə işləməsi qiymət artımına rəvac verə bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya şərhində deyib ki, qurum bunu qiymət artımına zəmin yaratmaq üçün edir:

“Əslində Bakı Metropoliteni birinci dəfə deyil ki, zərərlə işlədiyini açıqlayır. Dəfələrlə bu qurum zərərlə işlədiyini açıqlayıb və bununla da həm ictimai rəydə, həm də gələcəkdə veriləcək qiymət artıma zəmin yaradır. Proseslər hazırda buna doğru gedir. Görünən odur ki, bu il ərzində Bakı Metropolitenində gediş haqqı qaldırılacaq. Zərərlə işləməyin ən maraqlı tərəfi odur ki, Bakı Metropoliteni bunun səbəblərini açıqlamır. Yəni, hansı parametrlərə görə qurum zərərlə işləyir, bir sənişinin daşıma xərci nə qədərdir və necə hesablanır, bununla bağlı doğru-dürüst məlumat da verilmir. Bakı Metropoliteni nəticə olaraq zərərlə işlədiyini açıqlayır, amma səbəblər haqqında nə Hesablama Palatası, nə də qurumun özü nprmal açıqlama verir. Əslində belə olmalı deyil.

Çünki izafi xərclər, bir çox hallarda korrupsiya halları var. Bakı Metropoliteninin təmir işlərində, yeni stansiyaların tikintisində, vaqonların alınmasında və təmirində istifadə olunan xərclər şəffaf şəkildə göstərilməlidir. Bir sərnişin üçün müəyyən olunan daşıma xərci normal şəkildə izah olunmalıdır. Ancaq bundan sonra qurumun zərərlə işləməsi haqqında ictimaiyyətə məlumat verilə bilər. Baxmayaraq ki, Bakı Metropoliteninə dövlət hesabına yeni vaqonlar alınır, stansiyalar tikilməsi büdcə vəsaiti hesabına maliyyələşdirilir. Yəni, Bakı Metropoliteni bir çox hallarda dövlətdən dotasiya alır, həm də zərərlə işləyir. Bazarda heç bir rəqibi olmayan şirkətin belə bir açıqlama verməsi nonsesdir. Demək ki, idarəetmədə problem mövcuddur və təkmilləşdirilməsinə ehtiyac var. Xərcləmələrdə, ştat cədvəllərində böyük şişirdilmələr mövcuddur. Ancaq bunları həll etmək əvəzinə yenidən qiymət artımına getməklə rentabelli işləmək istəyəcəklərsə, deməli Bakı Metropoliteni pis işləməsini vətəndaşın üzərinə yük edəcək”.

N.Cəfərli bildirib ki, əslində bütün dövlət qurumlarının tikintisi tender vasitəsilə aparılmalıdır: “Azərbaycanda “Dövlət satınalmaları və tenderləri haqqında” Qanuna görə, 50 min manatdan yuxarı dövlət büdcəsi hesabına maliyyələşən bütün tikinti işlərinə və ya satınalmalarına tender elan edilməlidir. Amma Azərbaycanda heç olmasa 2011-ci ilə qədər formal da olsa tenderlər keçirilirdisə, ondan sonra bu praktikaya tamamilə son qoyuldu. Avroviziya musiqi yarışmasına bəhanə edərək Nazirlər Kabineti belə bir qərar qəbul etdi ki, işlərin sürətləndirilməsi üçün istənilən dövlət qurumu tenderdən kənar müqavilələr bağlaya bilər. Həmin vaxtdan etibarən Azərbaycanda tenderlik institutu demək olar ki, tamamilə məhv olundu. Artıq formal da olsa tender keçirilmir. Əslində isə tenderlər olmalı və şirkətlər yaxşı layihələrlə tenderi udmaq üçün mübarizə aparmalıdır. Bundan sonra tender komissiyası qərar qəbul etməlidir. İstənilən ölkənin praktikasında belə olmalıdır”.

Natiq Cəfərli sonda vurğulayıb ki, Bakı Metropoliteni şəhər meriyasının nəzarətində işləməlidir: “Amma müxtəlif ölkələrin praktikasında o da var ki, metropoliten və şəhər nəqliyyatı Böyük Şəhər Bələdiyyəsinin nəzarətində və idarəetməsində olur. Bu da işlərin daha effektiv və şəffaf keçirilməsinə dəstək olur. Amma Azərbaycanda Böyük Şəhər Bələdiyyəsi də yoxdur, mer seçkiləri də keçirilmir. Ona görə də Bakı Metropoliteni ayrıca bir qurum kimi fəaliyyət göstərir. Əslində isə seçilmiş meriya institunun tərkibində fəaliyyət göstərən nəqliyyat infrastrukturu olmalıdır”.

Related Articles

+994 50 295 94 79
top