PROKUROR KƏMALƏ AĞAZADƏNİN MƏHKƏMƏ ZALINDAN HƏBS EDİLMƏSİNİ İSTƏDİ – YENİLİK.AZ

PROKUROR KƏMALƏ AĞAZADƏNİN MƏHKƏMƏ ZALINDAN HƏBS EDİLMƏSİNİ İSTƏDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında K.Ağazadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, QHT sədrinin məhkəmə zalından həbs olunmasını tələb edib.

Daha sonra K.Ağazədənin vəkilləri Aqil Layıcovla Loğman Abdullayev müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.

İttiham aktına əsasən, QHT sədri K.Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşlara rüşvət verməyə təhrik edib.

Bundan başqa, o, vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkrarən törədib.

Belə ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi HİV/AİDS, vərəm və malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosu və Səhiyyə Nazirliyi arasında Qlobal Fondun “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” lahiyəsinin tətbiqi üçün 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb. Həmin müqvilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib.

K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib. O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla, ümumilikdə, 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

K.Ağazadə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Related Articles