GƏNCƏNİN DEPUTATI ELMAR VƏLİYEVİN GÜLLƏLƏNMƏSİNDƏN DANIŞDI – “BÜTÜN GƏNCƏLİLƏR…” – YENİLİK.AZ

GƏNCƏNİN DEPUTATI ELMAR VƏLİYEVİN GÜLLƏLƏNMƏSİNDƏN DANIŞDI – “BÜTÜN GƏNCƏLİLƏR…”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun cangüdəninə edilən silahlı hücum cinayət hadisəsidir. Gəncə Şəhər İcra Hakimiyyəti və respublikanın hüquq-mühafizə orqanları bu barədə rəsmi açıqlama veriblər. Allaha şükür ki, salamatçılıqdır. Elmar müəllimin səhhəti normaldır və inşallah, tezliklə işinin başına dönəcək”. Bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Musa Quliyev icra başçısına qarşı sui-qəsdə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, bütün gəncəlilər bu çirkin əməli pisləyir: “Həkimlərin məlumatına görə, cangüdən Qasım Aşbazovun da yarası həyat üçün təhlükəli deyil, müalicəsi Gəncə Klinik Mərkəzdə aparılır. Bu cinayət hadisəsi və vəzifəli şəxsə qarşı sui-qəsddir. İstintaq sui-qəsdin motivini və digər xüsusatlarını araşdırır. Bəzi saytlarda və sosial şəbəklərdə yayılan şayiələrin heç bir əsası yoxdur. Bütün gəncəlilər və ölkə ictimaiyyəti bu çirkin cinayət əməlini pisləyir. Elmar müəllim işlədiyi dövrdə Gəncədə olduqca böyük quruculuq-abadlıq işləri aparılmış, şəhərin ictimai, mədəni, sosial həyatı özünün yeni intibah mərhələsinə qədəm qoymuş, Gəncə respublika və beynəlxalq əhəmiyyətli onlarca layihəyə evsahibliyi etmişdir. Elmar müəllimə can sağlığı və yeni uğurlar arzulayıram”.
Xatırladaq ki, dünən axşam Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı silahlı hücum olub. Rəsmi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətlərinin məlumatında deyilirdi ki, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

Related Articles