İLHAM ƏLİYEV 4 SƏRƏNCAM İMZALADI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“2018-ci ilin sentyabr ayında Sumqayıt Dövlət Dram Teatrının yaranmasının 50 illiyi tamam olur.

Azərbaycanın zəngin teatr ənənələrinin layiqli davamçısı kimi Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətə başladığı ilk vaxtlardan səmərəli yaradıcılıq axtarışları ilə daim diqqəti cəlb etmiş, klassik və müasir dramaturgiya xəzinəsinin bir sıra qiymətli nümunələrinə ustad sənətkarların yaxından iştirakı ilə yeni quruluşlarda uğurlu səhnə həyatı vermiş və ötən dövr ərzində tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Özünün istedadlı aktyor və rejissorlarını yetişdirən Sumqayıt Dövlət Dram Teatrı bu gün ölkənin tanınmış sənət ocaqlarından olub, milli mədəniyyətin ümumi tərəqqisi işinə töhfələr bəxş etməkdədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli teatr sənətinin inkişafında xidmətlərini nəzərə alaraq, Sumqayıt Dövlət Dram Teatrının yaradılmasının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev T.İ.Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya “Şərəf” ordeni ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev T.B.Qorçuya “Əməkdar incəsənət xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Tərlan Böyükbala oğlu Qorçuya “Əməkdar incəsənət xadimi” fəxri adı verilsin”.

Prezident İlham Əliyev R.G.Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Rüstəm Gülabba oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilsin”.

Related Articles

+994 50 295 94 79
top