İCRA HAKİMİYYƏTİNDƏ, UNİVERSİTETDƏ VƏ AKADEMİYADA YEYİNTİLƏR AŞKARLANDI – YENİLİK.AZ

İCRA HAKİMİYYƏTİNDƏ, UNİVERSİTETDƏ VƏ AKADEMİYADA YEYİNTİLƏR AŞKARLANDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Hesablama Palatası Azərbaycan Tibb Universitetinin fəaliyyətində nöqsanlar aşkarlayıb.
Hesablama Palatasının kollegiyası Azərbaycan Tibb Universiteti üzrə 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
Məlum olub ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 2015-ci və 2016-cı ilin sonuna istifadə edilməyən vəsaitin, eləcə də müxtəlif səbəblərdən Universitetin tələbələri sırasından xaric edilmiş dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ödənilmiş təhsil haqqının dövlət büdcəsinə qaytarılması, müxtəlif illərdə Universiteti və hazırlıq fakultəsini bitirərək təhsil haqqında sənədini almış əcnəbi dinləyici, aspirant və klinik ordinatorlardan təhsil haqqının, akademik borca görə təkrar dinlənmə təşkil edilmiş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin 2016/2017-ci tədris ilinin payız və yaz semestrlərinin nəticələri üzrə müvafiq olaraq 4,1%-nin və 4,3%-nin akademik borcu yaranıb, akademik məzuniyyətə getmiş tələbələrə düzgün olmayaraq təhsil haqqı hesablanıb.
Hesabatda deyilir ik, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə uyğun olmayaraq rezidenturada təhsil alanlara əmək haqqı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında”, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə uyğun olmayaraq hərbi tibb fakultəsinin hərbçi müəllimlərinə əmək haqqına əlavələr, təqaüd dövlət büdcəsinin vəsaiti hesabına deyil, Universitetin təsərrüfat hesablı gəlirləri hesabına ödənilib.
Universitetin funksional fəaliyyəti üçün zəruri olmayan ştatlar saxlanıb, bir sıra hallarda professor-müəllim heyəti üçün normadan aşağı dərs yükü və auditoriya saatları müəyyən edilib, orta aylıq əmək haqqının düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq məzuniyyət haqqı ödənilib.
Hesablama Palatasının kollegiyası Azərbaycan Tibb Universiteti tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının Səhiyyə Nazirliyinə və Azərbaycan Tibb Universitetinə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.
***
Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən 2016-2017-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.
Audit nəticəsində bəzi hallarda layihə-smeta sənədləri hazırlanmadan, satın alınacaq malların ehtimal olunan qiyməti müəyyən edilmədən satınalma müqavilələrin bağlanılması, vəsaitlərin satınalma keçirilmədən və məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə ayrı-ayrı müqavilələrə bölünməklə icra olunması halları müəyyən edilib. Bəzi müqavilələrin icrası zamanı tərtib olunmuş müvafiq sənədlərdə müəyyən edilməyən bir sıra işlər üzrə vəsait nəzərdə tutularaq istifadə olunub, işlər yerinə yetirilmədiyi halda podratçıya vəsait ödənilməsi hallarına yol verilib, çəkilən xərclər müvafiq qaydada uçota alınmayıb.
Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Nazirlər Kabinetinin və Tarif Şurasının müvafiq qərarlarının tələblərinin gözlənilməməsi səbəbindən mənzil fondu üzrə gəlir az hesablanmış və bir sıra hallarda isə artıq vəsait xərcinə yol verilib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyət ilə əlaqədar manevr və marşrut xətti müəyyənləşdirilməməsi və tullantıların daşınması məqsədi ilə xidmət müqavilələrinin bağlanılmaması nəticəsində vəsaitlərin səmərəli istifadəsi təmin olunmayıb.
Qeyd edək ki, audit 2016-2017-ci illərdə Gədəbəy şəhərinin küçələrində yolların təmiri və abadlıq-quruculuq işlərinin və çoxmənzilli binaların təmiri işlərinin, həmçinin İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən mənzil fondunun əsaslı təmiri və abadlıq işlərinin, şəhərin işıqlandırılması, yolların əsaslı təmiri, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi və abadlıq işlərinin aparılması üçün istifadə olunan ümumilikdə 6445,1 min manat vəsaiti əhatə edib.
Hesablama Palatasının Kollegiyası Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən auditlə müəyyən edilmiş nöqsanları aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya Qərarının surəti Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərilib.
Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.
***

Azərbaycan Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Auditlə əhatə edilən dövrdə akademiyada bəzi hallarda zərurət olmadığı halda eyni funksiyaları yerinə yetirən inzibati vəzifələr üzrə paralel ştatlar, xidmət sahəsi olmayan, eləcə də tədris yükü olmayan və fəaliyyət göstərməyən kafedralar üzrə ştat vahidləri saxlanılıb, bəzi hallarda mühazirə saatları düzgün olmayaraq elmi dərəcəsi olmayan müəllimlər tərəfindən tədris edilib. Bəzi hallarda artıq əmək haqqı, mükafat, məzuniyyət və ezamiyyə xərci ödənilib, mülki hüquqi müqavilələrə əsasən ödənilmiş vəsaitdən sosial sığorta haqqı az tutulub, tələbələrin götürdüyü kreditlərə görə alt qruplarda təkrar dinləmənin nəticələri nəzərə alınmadan təqaüd müəyyən edilib. Maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın bəzi tələbləri gözlənilməyərək maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Qeyd edək ki, Akademiyanın daxilolmaları 2016-cı ildə 98,4%, 2017-ci ildə 99,6%, xərclər smetası üzrə isə kassa xərci müvafiq olaraq 99,7% və 98,8% icra edilib. Auditlə ümumilikdə 11699,9 min manat, o cümlədən 2016-cı ildə 5829,7 min manat və 2017-ci ildə 5870,2 min manat məbləğində vəsait əhatə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Gənclər və İdman Nazirliyinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib. Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib/report.

Related Articles