TİKİNTİ BAZARI İFLAS HƏDDİNDƏ – BAZARI BAĞLAYAN SƏBƏBLƏR – YENİLİK.AZ

TİKİNTİ BAZARI İFLAS HƏDDİNDƏ – BAZARI BAĞLAYAN SƏBƏBLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın tikinti bazarında çox qəribə vəziyyət yaranıb.

Ümumiyyətlə, yay ayları həm də tikinti mövsümü kimi xarakterizə olunurdu. Həm yeni binaların, həm də fərdi evlərin tikintisi əsasən yay aylarında aparılırdı ki, bu da bütün zamanlarda tikinti bazarında canlanmaya səbəb olurdu. Ancaq indi durum ötən illərdən ciddi şəkildə fərqlənir. Müşahidə etdikdə görürük ki, yerlərdə çox az sayta tikinti-təmir işləri gedir. Bu da təbii olaraq tikinti bazarında özünü büruzə verir. Ölkənin böyük tikinti materialları bazarlarında alıcı tapmaq müşkülə çevrilib.

Bütün bunlar isə bu sahənin getdikcə iflasına gətirib çıxara bilər. Ekspertlər hesab edir ki, bu sahədə yaşanan böhranın əsas səbəbi əhalinin qazanc problemləridir. Çünki tikinti materiallarında ciddi bahalaşma olduğundan bu, əhalinin gəlirlərinə adekvat deyil. Ticarət qaydalarına istinad etsək, tikinti bazarında alıcı qıtlığı varsa, qiymətlər ucuzlaşmalıdır. Ancaq hazırda həm alıcı yoxdur, həm də qiymətlər ucuzlaşmaq əvəzinə bahalaşır. Bu da tikinti bazarında normal olmayan vəziyyət yaradır.

İqtisadçılar tikinti bazarındakı mövcud vəziyyəti bir neçə amillə izah edirlər.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində vəziyyəti tikinti bazarındakı monopoliya ilə izah edib. Ekspert hesab edir ki, tikinti bazarında tələb və təklif nəzərə alınmır: “Bu gün tikinti bazarında çox anormal durum yaşanır. Çünki ölkənin tikinti bazarında tələb-təklif məsələsi nəzərə alınmır. Bu da tikinti bazarının tam şəkildə monopoliyada olmasının nəticəsidir. Yəni, normal rəqabətli bazarda əgər alıcılıq qabiliyyəti azalırsa, bu, dərhal qiymətlərə təsir göstərir və bazarda ucuzlaşma baş verir.

Sahədən asılı olmayaraq tələb azaldıqca, təklif də aşağı düşməlidir. Lakin Azərbaycanda çox anormal bir durum mövcuddur. Bu da yalnız onunla bağlıdır ki, tikinti sahəsi monopoliyadadır. Tələb aşağı düşsə də, ya qiymətləri sabit saxlayır, ya da öz istəklərinə uyğun olaraq qiymətləri yüksəldirlər. Onsuz da onların rəqibi yoxdur ki, bazardakı alıcı kütləsini onların əlindən alsın. Monopolistlər belə bir qorxu, təhlükə hiss etmədikləri üçün istədikləri vaxt qiymətləri qaldıra bilirlər. Ümumiyyətlə, mövcud durumda tikinti bazarında alıcı faktoru nəzərə alınmır. Bu anormallığın əsas və başlıca səbəbi isə məhz monopoliyadır”.

Akif Nəsirli tikinti sektoruna təsir edən digər amillərə də toxunub. Onun sözlərinə görə, qiymətlərin baha olmasında digər bir səbəb rüşvət amilidir: “Monopolistlər qiyməti niyə aşağı salmaq istəmirlər? Azərbaycanın tikinti sektorunda vəziyyəti gərginləşdirən, anormallaşdıran bir səbəb də ondan ibarətdir ki, tiktinti işilə məşğul olan sahibkarlar bəzən rəsmi qeydiyyat aparmadan (rüşvət, korrupsiya yolu ilə fəaliyyət-müəl.) işləyirlər. Sahibkarlar bir binanın tikintisinə xərclədiyi vəsaitin 30-40 faizi qədər də adsız ödənişlər həyata keçirirlər. Bu adsız ödənişlər də maya dəyərinin artmasına səbəb olur. Onlar da monopolist olduqları üçün bazarda mövqelərini saxlaya və istədikləri qiyməti təklif edə bilirlər. Alıcının az və ya çoxluğundan asılı olmayaraq, xərclər kompensasiya olunmalı və həm də mənfəət əldə edilməlidir.

Bu iki faktor- monopoliya və adsız ödənişlər Azərbaycanda daşınmaz əmlak bazarını anormal durumuna gətirib çıxarıb. Vəziyyət illərdir belə davam edir və müxtəlif formalarda özünü büruzə verir”.

TİA.AZ

Related Articles