LİRƏNİ ÇÖKDÜRƏN, MANATI SAXLAYAN SƏBƏBLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Qubad İbadoğlu: “Müqayisə etmək çox çətindir, çünki…”

Son aylarda Türkiyə iqtisadiyyatında baş verən proseslər qardaş ölkənin maliyyə sektorunun xarici təsirlərə çox həssas olduğunu üzə çıxardı. Milli valyuta dollar qarşısında ciddi dəyər itkisinə məruz qalır, maliyyə-bank sektoru ciddi problemlərlə üzləşib. Azərbaycanda isə manatın məzənnəsi bir ildən artıqdır ki, dəyişməz qalır.

Düzdür, Azərbaycan Türkiyə kimi xarici siyasətdə problemlərlə üzləşməyib, amma milli valyutatımızın dəyərinə təsir göstərməli olan amillərdən də yan keçilməyib. Türkiyə lirəsini xarici təsirlərə həssas edən, Azərbaycan manatının stabilliyini saxlayan amillər hansılardır?

Sualı “Yeni Müsavat”a cavablandıran iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğluTürkiyə lirəsi ilə Azərbaycan manatını müqayisə etməyin çətin olduğunu deyir: “Bu, o qədər də asan deyil. Çünki bu valyutaların məzənnəsinin formalaşması metodları çox fərqlidir. Türkiyədə tam liberal bir şəraitdə, bazar qüvvələrinin iştirakı ilə, demək olar ki, Mərkəzi Bankın və digər dövlət orqanlarının müdaxiləsi olmadan valyuta məzənnəsi formalaşdırılır. Bu proses uzun illərdir davam edir və lirənin həmişə ucuzlaşması ilə müşayiət olunur. Bu da normal idarə olunan zaman Türkiyə iqtisadiyyatı üçün yaxşı stimullar verib. Çünki Türkiyə hökuməti lirədən yalnız ödəniş vasitəsi kimi deyil, həm də tənzimləmə aləti kimi istifadə edir. Türkiyədə ixracatın stimullaşmasında, daxili bazarın rəqabət qabiliyyətinin artmasında lirənin əhəmiyyətli rolu olub”.

Azərbaycana gəlincə, burada manatın məzənnəsi indiyədək sərbəst, liberal rejimdə müəyyənləşməyib: “Bizdə Mərkəzi Bankın inzibati yanaşması, Dövlət Neft Fondunun bazara müdaxiləsi əhəmiyyətli rol oynayır. Buna görə də Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsi son zamanlar stabil olaraq saxlanır. Demək istədiyim odur ki, Türkiyədə milli valyutanın məzənnəsinin formalaşması çərçivəsi, onun qayda və şərtləri, iştirakçıları Azərbaycanla müqayisədə tamam fərqlidir”.

 

İqtisadçı-alimin sözlərinə görə, Türkiyə valyutasının dəyərsizləşməsi gözlənilən bir prosesdir:“Bunun bir mühüm səbəbi siyasi səhnədə baş verən proseslərdir: terrorlar, konstitusiya dəyişikliyi, hakimiyyət islahatları, dövlət çevrilişinə cəhd və ondan sonrakı proseslər, nəhayət, xarici siyasətdəki problemlər. Siyasi problemlər, xüsusilə Fətullah Gülənlə münaqişə Gülən tərəfdarlarına məxsus olan kapitalın Türkiyədən çıxarılmasına gətirib çıxarıb. Eyni zamanda gülənçilərə məxsus böyük müəssisələr bağlanıb. Bundan əlavə, xarici siyasətdəki problemlər çoxsaylı xarici investorların da ölkə iqtisadiyyatından çəkilməsinə səbəb olub. İlyarımdır Türkiyə ciddi kapital axını ilə üzləşib. Türkiyədə digər problem xarici borclanmanın yüksək həddə olmasıdır. Ölkə daxilində faiz dərəcələrinin yüksək olması səbəbindən xüsusilə özəl sektor tələbatını qarşılamaq üçün çox böyük həcmdə xaricdən daha ucuz başa gələn borclanmaya gedib. Son məlumata görə, Türkiyənin xaricdən cəlb etdiyi kreditlərin həcmi 500 milyard dollara yaxındır ki, bunun da 310 milyard dolları özəl sektorun payına düşür, 130 milyardı dövlət şirkətlərinindir. Qardaş ölkədə problem yaradan üçüncü amil iqtisadiyyatın strukturunda baş verən dəyişikliklərdir. Belə ki, idxal getdikcə artır, xarici ticarət balansında, tədiyə balansında kəsir çoxalır, valyuta ehtiyatları azalır. Bu baxımdan Azərbaycanla Türkiyəni müqayisə etmək mümkünsüzdür. Neftin qiymətinin yüksək olması Azərbaycana valyuta axınını gücləndirib, valyuta ehtiyatları artıb. Bu da bizə imkan verir ki, lazım olanda bazara əlavə xarici valyuta çıxarmaqla prosesləri tənzimləyə bilək. Lakin bu imkanlar da tükənməz deyil. Düşünürəm ki, Azərbaycan hökuməti manatın məzənnəsində müəyyən qədər dəyişikliklərə getməlidir. Ətrafımızdakı bütün dövlətlərdə bu proses gedir, bunun Azərbaycana təsirindən yayınmaq mümkün deyil”.

Related Articles

+994 50 295 94 79
top