TURİSTLƏR OĞUZDAN NECƏ QAÇAQ SALINIR… – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Oğuz rayonundakı Xalxal şəlaləsinə baxmaq, şəlalənin yaxınlığında şəkil çəkdirmək istəyən turistlərdən ödəniş tələb olunur. Virtualaz.org saytı xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntüdən bəlli olur ki, şəlaləyə yaxınlaşmaq və şəkil çəkdirmək üçün adambaşına 1 manat 20 qəpik, qayıqla 10 dəqiqəlik gəzinti üçün isə 20 manat ödənilməlidir. Görüntünü qeydə alan turist pul vermək istəmir, özünü sahibkar kimi təqdim edən şəxs isə şəlalənin ona məxsus olduğunu iddia edir. “Get şikayət elə” deyir.

Xalxal şəlaləsi Oğuzun Qumlaq kənd ərazisində yerləşir. Qumlaq bələdiyyəsinin sədri Müşviq Mehdiyev virtualaz.org saytına bildirib ki, sahibkar 3 hektar ərazini icarəyə götürüb, bələdiyyə ilə 99 illik müqavilə imzalanıb. “Mən bələdiyyə sədri seçilmədən əvvəl bağlanmış müqavilədir. Sahibkar ərazini abadlaşdırıb, süni şəlalə, göl yaradıb. Yəni Xalxal təbii şəlalə deyil”,-Mehdiyev deyib və əlavə edib ki, turistlərdən şəlaləyə baxmaq üçün pul tələb olunmasına müdaxilə edə bilməzlər. Çünki sahibkar xərc qoyub istirahət guşəsi yaradıbsa qazanc götürmək haqqı var.

Qumlaq bələdiyyəsindən, eyni zamanda kənd icra nümayəliyindən sahibkarın adını açıqlamaq istəmədilər. Bununla belə məsələyə yalnız onun özünün açıqlama verə biləcəyini dedilər.

Qışlaq kəndindən isə bildiriblər ki, əvvəllər də şəlaləyə baxmaq, yaxud qayıqla gəzinti pullu olub. Amma bu ildən qiymət artırılıb. “Məsələn, ötən il qayıqla gəzinti 10 manat, şəlaləyə yaxınlaşmaq 50 qəpik-1 manat idi”-, sakinlərdən biri deyib.

Oğuz Rayon İcra Hakimiyyəti də şəlaləyə baxmaq üçün pul tələb olunması məsələsindən xəbərdardır. Lakin sahibkarın qərarına müdaxilə etmək niyyətində deyirlər. İcra Hakimiyyətindən deyiblər ki, ötən il də bu məsələ ilə bağlı onlara müraciət edilib: “Şəlalənin yerləşdiyi yer bizim balansımızda deyil. İş adamı borular çəkdirib, süni şəlalə yaradıb. Xərc çəkdiyi üçün şəlaləyə baxmağı, göldə gəzintini pullu edib”.

Xalxal gölünün Xalxal istirahət mərkəzinin sahibi İsgəndər İsgəndərzadə tərəfindən yaradıldığı bildirilsə də, istirahət mərkəzindən açıqlama verməkdən imtina ediblər.

Dəqiqləşdirdik ki, şəlalənin və istirahət mərkəzinin sahibi Yunis İsgəndərov adlı sahibkardır. O təsdiq edir ki, 3 il əvvələ qədər həmin ərazidə heç bir şəlalə-filan olmayıb, şəlaləni o 3.5 kilometr məsafədən borularla su çəkməklə yaradıb. Üstəlik şəlaləyə yaxınlaşmaq üçün körpü quraşdırıb ki, bütün bunlar xərclə başa gəlib. Deməli qoyduğu xərcin qarşılığında pul qazanmaq onun təbii haqqıdır.

Related Articles

+994 50 295 94 79
top