AMERİKALILARIN 44 FAİZİ TRANPIN GETMƏSİNİ İSTƏYİR – SƏBƏB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Prezidentə qarşı xalq birləşir, istintaq isə onu küncə sıxışdırıb…

ABŞ prezidenti Donald Tramp hakimiyyəti dövründə ən çətin günlərini yaşayır. “Yeni Müsavat” dünya mediasında topladığı son məlumatları nəzərə çatdırmaqla mənzərəni təhlil etməyə çalışıb.

Amerikada yaşayan insanların fərqli sahələrdə yaşadıqları çətinliklərlə bağlı bir araşdırma amerikanların 40 faizə yaxınının mövcud həyat şərtlərində iqtisadi çətinlik içində olduğunu ortaya çıxarıb. Vaşinqtonda yerləşən sosial və iqtisadi siyasətçilər araşdırma qurumu olan Urban İnstitutu tərəfindən verilən açıqlamada 2017 dekabr-2018 yanvar dönəmində 18-64 yaş aralığında 7 min 588 nəfərin iştirakı ilə aparılan araşdlrmanın ABŞ-dakı respondentlərin 97 faizini təşkil etdiyi bildirilir.

Araşdırmaya görə, amerikanların 39.4 faizinin ən azı bir sahədə iqtisadi çətinlik çəkdiyi, 23.7 faizinin isə birdən artıq sahədə əziyyət çəkdiyi deyiliri. Buna əsasən, araşdırmada amerikanların 23.3%-nin qida sahəsində çətinlik yaşadığı, 18%-nin ailələrinin səhiyyə xərclərini ödəməkdə əziyyət çəkdiyi və 17.8%-nin isə maddi problemlərə görə səhiyyə xidməti ala bilmədiyi üzə çıxıb.

Araşdırmada eyni zamanda amerikanların 13%-nin su və elektrik kimi zəruri xidmətlərin ödəmə tarixlərini ötürdüyü, 4.3%-nin isə borca görə bu cür xidmətlərinin kəsildiyi yer alıb. Araşdırma eyni zamanda amerikanların 10.32%-nin kirayə və ev krediti ödəmə tarixini keçirdiyini və 1.1%-nin isə evlərindən çıxarıldığını və ya köçmək zorunda qaldığını ortaya qoydu.

Urban İnstitutu tərəfindən verilən açıqlamada o da qeyd edilib ki, amerikalı siyasətçilərin aşağı gəlirli insanlara yardım etməyi qarşısına məqsəd qoyan federal proqramlarla bağlı düzənləmələr etmədən öncə uşaqlara və böyüklərə yönəlmiş proqramların qısa və uzun dönəm üçün təsirləri araşdırılmalıdır.

ABŞ prezidenti Donald Tramp isə vergi endirimi kimi iqtisadi sahələrdə etdiyi düzəlişlərin amerikanlara fayda verdiyini iddia edir. Tramp bu ay twitter üzərindən etdiyi bir paylaşında “Ölkə iqtisadiyyatı heç vaxt olmadığı qədər yaxşı və güclüdür, inanılmaz bir potensialı var. Zamanla daha da yaxşıya gedəcək” yazmışdı.

Bu arada bəlli olub ki, ABŞ sakinlərinin 40 faizindən çoxu Trampın impiçmentini dəstəkləyir. Bu nəticə ölkədəki bir neçə şirkətin keçirdiyi sorğunun nəticəsində üzə çıxıb. Respondentlərin 44 faizi Trampın impiçmenti prosedurunun başlanmasını dəstəkləyirlər. Onlardan 79 faizi Demokratlar Partiyasının tərəfdarlarıdır. Respondentlərin 64 faizi bildiriblər ki, prezidentin sabiq vəkili Maykl Koenə etibar edirlər. Sorğu 2018-ci il avqustun 22-dən 24-dək keçirilib.

Daha öncə ABŞ Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelosi bildirib ki, Maykl Koen və Trampın seçki qərargahının sabiq başçısı Pol Manafortun iştirakı ilə keçirilən məhkəmə təhqiqatına baxmayaraq, Trampın impiçmenti demokratlar üçün prioritet deyil.

Qeyd edək ki, noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkiləri keçiriləcək. Seçkilərin nəticələri ölkənin siyasi gələcəyi üçün böyük əhəmiyyətə malikdir. Seçkilər yalnız qanunverici orqanda qərarların qəbulu prosesinə təsir göstərməyəcək, həm də Konqresdə nəzarətin Demokratlar Partiyasına keçəcəyi halda, indiki prezidentin impiçmenti proseduru başlana bilər.

Dələduzluqda ittiham olunan Trampın keçmiş vəkili Maykl Koen avqustun 21-də özü könüllü Federal Təhqiqatlar Bürosuna (FTB) gedib. Bir gün sonra isə Maykl Koen Nyu-York məhkəməsində ifadə verib. Onun sözlərinə görə, milyarderin şəxsi göstərişi ilə prezidentin seçkiqabağı fondu onun keçmiş məşuqələri – Stefani Klifford və playboy modeli Karen Maqduqala nüfuzuna xələl gətirilməməsi üçün pul ödəyib. İlk vaxtlar Tramp iddia edirdi ki, bu ödəmələr haqqında məlumatı yoxdur. Ancaq daha sonra yayılan audioyazıda məlum oldu ki, Tramp ən azı, bir ödəmə barədə məlumatlı olub. Koenin həbs edildiyi gün Virciniya məhkəməsi onun seçki qərargahının rəhbəri olmuş Pol Manafortu 18 ittihamdan 8-i üzrə təqsirli bilib. Bura vergilərdən yayınma, maliyyə maxinasiyaları, xaricdə gizli bank hesabı açmaq ittihamları da daxildir. Manafort hazırda həbsdədir və onu uzunmüddətli cəza gözləyir.

Tramp isə onunla bağlı impiçment məsələsinin gündəmə gəlməsinə heç bir məna verə bilmir. ABŞ prezidenti “Fox” kanalına verdiyi müsahibədə deyib ki, öz işinin öhdəsindən gələn bir prezidentə impiçment elan etməyin mümkünlüyü onda sual yaradır: “Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq”.

Amma impiçment nəticəsində D.Tramp vəzifəsindən gedərsə, bunun Amerikada üsyana və mikro-vətəndaş müharibəsinə səbəb olacağı da yayılan versiyalar arasındadır. Versiyalara görə, ABŞ-ın qüvvədə olan prezidentini dəyişmək yalnız siyasi motivlər əsasında  olar və bu halda Amerika xalqı üsyanı təşkil edəcək.

Bu arada Tramp google şirkətini axtarış nəticələrini saxtalaşdırmaqda, o və “digərləri” barəsində daha çox mənfi məlumatlar təqdim etməkdə suçlayır. “Azadlıq” radiosunun xəbərinə görə, Tramp avqustun 28-də yazdığı twitlərdə iddia edib ki, “Saxta Xəbər Mediası” google-da “Tramp xəbərləri” yazanda çıxan məlumatların “96 faizi”ni təşkil edir. O, axtarış mühərrikini respublikaçı, mühafizəkar və “ədalətli” medianı nəticələrdə göstərməməkdə ittiham edib, bunu qanunsuz adlandırıb.

Prezident bu durumun “həll olunacağını” bildirib. Trampın iqtisadi məsələlər üzrə müşaviri Larry Kudlow “The Washington Post”a deyib ki, administrasiya hökumətin google axtarışlarını tənzimləməsinin mümkünlüyünə “baxır”. google isə axtarış nəticələrində siyasi favoritliyə əl atması fikrini rədd edib. “İstifadəçilər ”google search”də sorğu yazanda məqsədimiz onlara bir neçə saniyə içində ən uyğun cavabları təqdim etməkdir. Axtarışdan siyasi gündəm yaratmaq məqsədilə istifadə olunmur, nəticələrdə hər hansı siyasi ideologiyaya meyllənmirik” – şirkət bəyanatında bildirib.

Amma iyulun 19-da Tramp google barədə “böyük şirkətlərimizdən biri” ifadəsini işlətmişdi. Prezident keçmişdə facebook sosial şəbəkəsini də həmişə anti-Tramp mövqe tutmaqda, “The Nyu-York Times”,”The Washington Post” kimi xəbər orqanları ilə əlbirlikdə suçlayıb. O, ötən ay twitter-i respublikaçıları “gizlicə bloklamaq”da ittiham edib. Bu termini Vice News işlədib, bəzi respublikaçıların axtarış nəticələrində çıxmadığını yazıb.

Prezident xüsusi prokuror Robert Müllerin Rusiya istintaqını da “saxta” adlandırır. Müller Rusiyanın 2016-cı il prezident seçkisi zamanı Tramp-ın seçki kampaniyası ilə mümkün iş birliyini araşdırır.

Related Articles

+994 50 295 94 79
top