XAÇMAZDA GƏNC BİR YUMURTANI 29 MANATA SATIR – VİDEO – YENİLİK.AZ

XAÇMAZDA GƏNC BİR YUMURTANI 29 MANATA SATIR – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Xaçmazlı gənc bir ədəd yumurtanı 29 manata satır. Amma bunlar düşündüyünüz adi yumurtalardan deyil.
Yenilik.az “Azərtac”a istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini Fərmayıl Əhmədov qeyri-adi bacarığı ilə diqqət çəkir. 26 yaşlı gənc toyuq, qaz, ördək və başqa quşların yumurtalarından istifadə etməklə müxtəlif suvenirlər hazırlayır.
Fərmayıl bildirib ki, əl işləri sadə görünsə də, bir suvenirin hazırlanması üçün bəzən iki-üç gün vaxt sərf edir. Yumurtanın qabığı zərif olduğundan diqqətlə və səbirlə çalışmaq lazımdır. Suvenir hazırlamaq üçün əvvəlcə yumurtanın içərisi boşaldılır. Bunun üçün yumurtanın hər iki tərəfindən kiçik deşiklər açılmalıdır. İçərisindəki maye süzüldükdən sonra yumurtanın üzərinə eskiz çəkilmiş kağız yapışdırılır. Ya da eskiz birbaşa qabığın üzərinə çəkilir. Bundan sonra yumurtanın qabığı manikür üçün istifadə olunan xüsusi avadanlıqla oyulur. Üzərində bir-birindən gözəl naxışlar yaranan yumurta diqqətçəkən suvenirə çevrilir. Amma iş bununla tamamlanmır. Son mərhələdə hazır suvenir xüsusi maddə ilə yuyulur ki, bu da əl işinin möhkəmliyini və bakteriyalardan qorunmasını təmin edir.
Gənc oğlan satış bazarını genişləndirmək və əl işlərini dünyaya tanıtmaq istəyir. Onun əl işlərinin ilk müştəriləri əcnəbi vətəndaşlar olub. Əvvəllər suvenirləri yalnız hədiyyə edən Əhmədov indi bacarığından gəlir qazanmağa başlayıb.
Azərbaycan Texniki Universitetinin məzunu olan gənc istedadın sözlərinə görə, ölkəmizdə belə suvenirləri ondan başqa hazırlayan yoxdur. Bu işi internet vasitəsilə öyrənib. Əvvəllər həvəskar şəkildə bu işlə məşğul olsa da, son 3 ildə əl işlərini daha da təkmilləşdirib. Yumurtadan hazırlanan əl işləri içərisində gecə işıqları daha çox diqqət çəkir.
Oyma sənətinə böyük marağı olan Fərmayıl kiçik ağac lövhələrdən də suvenirlər hazırlamağı bacarır.
Gənc istedad bir neçə dəfə Bakı şəhərində, eləcə də, bölgələrdə təşkil olunan dekorativ tətbiqi sənət nümunələrinin sərgisində iştirak edib.


Related Articles