AZƏRBAYCANDA HEYVANLAR ÖRÜŞƏ BURAXILMAYACAQLAR?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın İnkişafına dair yeni Dövlət Proqramı hazırlayır. Bu barədə bir neçə gün əvvəl nazirliyin yaydığı məlumatda deyilirdi.
Virtualaz.org xəbər verir ki, proqramda bir zamanlar gəlir gətirən sahələrin yenidən dirçəldilməsi, mal-qaranın sayına uyğun otlaq sahələrinin artırılması, eyni zamanda, nümunəvi heyvandarlıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Nazirlik hesab edir ki, yeni proqramın tətbiqi ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas hədəflərindən biri olan heyvandarlığın inkişafı yeni mərhələyə qədəm qoyacaq. Azərbaycan yaxın illərdə ətə və digər heyvandarlıq məhsullarına olan təlabatı tam yerli istehsal hesabına ödəyə biləcək.
Bəllidir ki, nümunəvi təsərrüfatların yaradılması, üstəlik cins heyvanların alınması, örüş sahələrinin salınması fermerlər üçün əlavə xərc deməkdir. O zaman yeni proqram ölkədə ətin qiymətinə təsir edəcəkmi? Yaxud heyvandarlıqla məşğul olan kəndli-fermerlər üçün güzəştlər nəzərdə tutulubmu?
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov virtualaz.org-a bildirib ki, hələlik proqram üzərində iş gedir. Yeni proqramda heyvandarlığın inkişafı üçün bütün nüanslar nəzərə alınıb.
Otlaq sahələri təlabatın cəmi 35 faizini ödəyir
Hazırda Azərbaycanda 2 milyon 700 min baş iribuynuzlu, 8 milyon 500 min baş xırdabuynuzlu var. Mövcud otlaq sahələri isə cəmi 35 faizədək təlabatı ödəyə bilir. A.Ömərov söyləyir ki, bir çox yerlərdə otlaq sahələrində səhralaşma prosesi gedir. Çünki normativə görə, 1 hektar otlaq sahəsinə 4 qoyun düşür. Amma indiki halda heyvanların yemlənməsi üçün eyni yerdən intensiv istifadə edilir.
Yeni hazırlanan Dövlət Proqramında kiçik ərazilərdə otlaq sahələrinin yaradılması nəzərdə tutulub. Eyni zamanda, yem bitkilərinin əkilməsi, suvarma sisteminin qurulması da plandadır.
Heyvanlar qapalı yerlərdə saxlanılacaq
Proqram təsdiqlənəndən sonra bölgələrdə nümunəvi təsərrüfatların yaradılmasına başlanılacaq. Plana görə yaxın gələcəkdə heyvanlar yalnız qapalı yerlərdə saxlanılacaq. Şöbə müdiri deyir ki, yeni sistemə birdən-birə keçid edilməyəcək, əvvəlcə müasir tövlələr tikiləcək, yem bazası yaradılacaq. “Doğrudur, nüminəvi təsərrüfatlar bir qədər əlavə maliyyə tələb edir. Amma hesablamalara görə bu ətin qiymətinə təsir etməyəcək”, -Ömərov söyləyib. Həmsöhbətimiz əlavə edir ki, fermerlər cins heyvanlara üstünlük versələr, heyvanın saxlama xərci az, məhsuldarlıq isə yüksək olacaq.
Cins heyvanlar sığorta olunacaq
Məlumdur ki, Azərbaycanda istər əkinçilik, istərsə də heyvandarlıqla məşğul olan kəndli-fermerlər məhsulunu, yaxud əsas gəlir mənbəyi olan heyvanını təbii fəlakətdən, xəstəlikdən sığorta etdirə bilmirlər. Sığorta şirkətləri kənd təsərrüfatında risklərin yüksək olduğunu əsas gətirərək ya sığortadan imtina edir, ya da fermerə sərf etməyən şərtlər irəi sürürlər. Ömərov deyir ki, sığorta məsələsinə ayrıca diqqət yetirilib. İlkin mərhələdə cins heyvanların sığortası nəzərdə tutulub. Bu, həm fermerləri cins heyvan saxlamağa həvəsləndirəcək, həm də zərərdən sığrtalayacaq.
Fermerlərə güzəştlər…
Heyvan saxlayan kəndli-fermerlərə müəyyən güzəştlər edilir. Məsələn, süni mayalanma yolu ilə alınmış hər buzova görə 100 manat subsidiya verilir. Nazirlikdən verilən məlumatda deyilir ki, Respublika Komissiyasına edilən müraciətlər, heyvan sahiblərinin siyahısı, süni mayalanma yolu ilə alınmış buzovlar və ödənilmiş subsidiyanın məbləği haqqında nazirliyin rəsmi internet səhifəsində aylıq məlumatlar yerləşdirilir.
Bundan əlavə, Nazirlər Kabinetinin “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na əsasən dövlət büdcəsinin vəsaiti hesabına “Aqrolizinq” ASC tərəfindən xarici ölkədən alınan heyvanlar heyvanın dəyərinin 50 faizi güzəştlə 3 il müddətinə lizinqə verilir. Amma yaxın zamanlarda heyvandarlıqla məşğul olanlara əlavə güzəştlər təklifinə də baxıla bilər.
Fermer : “Örüş yeri olarsa xərc azalacaq…”
Goranboy rayonunda fərdi təsərrüfatı olan Alı Məmmədov isə deyir ki, heyvan saxlamaq üçün örüş yerlərinin olması vacibdir. “Əksər kəndlərdə örüş yerlərini pay torpaqları kimi payladılar. Çoxları isə örüş yerlərindən başqa məqsədlər üçün istifadə etdi. Heyvan saxlamaq əziyyət tələb edir, gərək zəhmət çəkəsən ki qazancın ola. Hamı elə bildi ki, iki meyvə ağacı ilə asan yolla qazanc götürəcək”, -fermer deyi.
O əlavə edir ki, heyvan saxlamaq üçün istilik sistemi ilə təhciz edilmiş tövləsi var, yem də ala bilir. Amma örüş sahələri olsa xərcləri azalacaq, çünki heyvanlarını yaz-yay və payız aylarında tövlədə yemləməli olmayacaq. Buna görə də yenilikləri ümidlə gözləyir, amma fermerin yeni proqramdan ətraflı bilgiləri yoxdur. Ona görə də bilmir ki, bu proqram heyvandarlığa necə təsir edəcək…

Related Articles

+994 50 295 94 79
top