BİR QRAMI 1000 DOLLARDIR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın yenidən ilan zəhərini ixrac etməsi ölkəyə əlavə valyuta mənbələrinin gəlməsinə imkan yaradacaq.

İlan zəhərinin qiymətli olduğunu bütün dünyada hər kəs bilir. Bu sahə həm də iqtisadiyyata böyük gəlir gətirmək imkanına malikdir. Vaxtilə Azərbaycanda ilan zəhərinin ixracı inkişaf edib və gəlir gətirən sektorlardan biri olub. Sovet dövründə ilan zəhəri istehsal edilsə də, uzun müddət idi ki, Azərbaycanda bu sahədə durğunluq hökm sürürdü.

Yenidən Azərbaycan ilan zəhərini digər ölkələrə ixrac etməyi planlaşdırır. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib ki, sovet dövründən sonra müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, ilan zəhərinin ixrac edilməsi üçün danışıqlara başlanılıb.
Onun sözlərinə görə, hazırda Türkiyənin “Marmara trade” şikəti ilə Azərbaycana sovet dövründən miras qalan gürzə ilanının zəhərinin ixracı üçün danışıqlar aparılır: “Hazırda yazışma mərhələsindəyik. Onlar sovet dövründən qalan zəhərin bir hissəsinin alınması üçün müraciət ediblər. Həmin zəhərin bir hissəsi onlar tərəfindən beynəlxalq laboratoriyada analizdən keçiriləcək və onun zəhərinin nə dərəcədə yararlı olması barədə dəqiq məlumat aldıqdan sonra danışıqların ikinci mərhələsinə başlanılacaq”.
E.Yusifov qeyd edib ki, sovet dövründən Azərbaycana təxminən 20 kq ilan zəhəri miras qalıb. Bunu çox böyük rəqəm sayan institut direktoru bildirib ki, “Marmara trade” şikəti bu zəhərin 8-10 kq-nı almaq niyyətindədir: “Nəzərə almaq lazımdır ki, Azərbaycandakı zəhər yeni istehsal deyil. Sovet dövründən qalan zəhər optimal şəraitdə, vakuum ampulalarda saxlanılsa da, onların tərkibində toksinlik və digər göstəricilər dəyişə bilər. Bu isə zəhərin alış qiymətinə müəyyən dərəcədə təsir edə bilər”.
İlan zəhərinin ixracının mümkün olacağını deyən ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu “Şərq”ə bildirib ki, sovet dövründən ilan zəhərini hazırlayırdılar:
“Vaxtilə ölkəmizdə belə bir təcrübə olub. İxracın yenidən baş tutması yaxşı haldır. Bildiyiniz kimi, ilan zəhəri çox qiymətlidir, onun bir qramı 1000 dollar civarındadır. Xüsusilə dərman sənayesində ilan zəhərindən geniş istifadə olunur”.
Məsələni iqtisadi aspektdən dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanın yenidən ilan zəhərini ixrac etməsi ölkəyə əlavə valyuta mənbələrinin gəlməsinə imkan yaradacaq:
“İlan zəhəri kifayət qədər qiymətli xammal sayılır. Keyfiyyətindən və növündən asılı olaraq dünya bazarında qramı 400 dollardan-2000 dollara qədər qiymətləndirilir. Xarici ölkələrə ixracın iqtisadi baxımdan səmərəli olması zəhərin həcmindən asılı olacaq. Ümumilikdə isə ilan zəhərinin ixracı olduqca gəlirli sahədir və çox böyük tələbat var. Dünyada bu işlə məşğul olan və yığdığı zəhəri sata bilməyən ölkə və yaxud şirkət yoxdur. Çünki ilan zəhərinə kifayət qədər tələbat var. Əgər zəhərin həcmi kifayət qədər böyük olsa, təbii ki, bu, çoxlu gəlir mənbəyinə çevriləcək. Yox əgər az miqdarda zəhərin toplanması həyata keçiriləcəksə, gəlirin həcmi o qədər də çox olmaya bilər. Amma hər halda bu, əlavə ixracat prosesidir və ölkəyə müəyyən xeyirləri dəyə bilər”.

 

Related Articles

+994 50 295 94 79
top