KEÇİD BALINI TOPLAYAN 482 AZƏRBAYCANLI NİYƏ TƏLƏBƏ OLA BİLMƏDİ? – GÜRCÜSTANDA ETİRAZ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Gürcüstanda bu il keçirilmiş qəbul imtahanlarında keçid balını toplayan 482 azərbaycanlı abituriyent tələbə adını qazana bilməyib. Bu səbəbdən onlar Marneuli bələdiyyəsinin qarşısına toplaşaraq etirazlarını bildiriblər.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlılar onlara ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün daha bir imkanın yaradılmasını istəyirlər.
Onlar bununla bağlı Marneuli bələdiyyəsinin üzvü Əhməd İmamquliyevə müraciət edərək bu məsələdə kömək göstərilməsini istəyirlər.
Ə.İmamquliyev jurnalistlərə açıqlamasında bildirib ki, abituriyentlər ərizə formasının doldurulması qaydaları barədə kifayət qədər məlumatlı olmadıqlarından belə bir problemlə qarşılaşıblar: “Abituriyentlər ərizə formalarında istədikləri sayda fakültə qeyd edə bilərdilər. Lakin onlar çox az sayda, hətta bəziləri bir fakültə göstərib. Gənclərin valideynləri və bitirdikləri məktəb onları universitetə qəbulla bağlı maarifləndirməliydilər”.
Onun sözlərinə görə, azərbaycanlıların ali məktəblərin boş qalmış plan yerlərinə qəbul olunması üçün imkan yaradıla bilər: “Bununla bağlı müraciət hazırlanıb və Gürcüstan parlamentinə, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təqdim olunub”.
Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən isə vurğulanıb ki, abituriyent keçid balını toplasa da, həmin bal onun göstərdiyi fakultə üçün kifayət etməyə bilər: “Abituriyentlərə avqustun 27-dək ərizə formalarına dəyişiklik etmək imkanı verilmişdi. Azərbaycanlı abituriyentlərin topladıqları bal yüksək olsa da, onlar qeyd etdikləri az sayda fakultələrə müsabiqə yüksək olduğundan qəbul olmayıblar”.
Mərkəzdən həmçinin bildirilib ki, ali təhsil müəssisələrinə əlavə yerləşdirmə bir neçə ildir ləğv olunub.

Related Articles

+994 50 295 94 79
top