“CƏNAB USUBOV, BEZMİŞİK…”: “AZƏRSU” QABAĞINDA DƏHŞƏT, FƏLAKƏT …- FOTO – YENİLİK.AZ

“CƏNAB USUBOV, BEZMİŞİK…”: “AZƏRSU” QABAĞINDA DƏHŞƏT, FƏLAKƏT …- FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

 Metronun “20 Yanvar” stansiyasının “Azərsu” ASC tərəfdən çıxışı və yolun üzbəüz tərəfində hər gün nəqliyyatın məşəqqəti yaşanır.

Bu haqda media yazmaqdan, sosial şəbəkə istifadəçiləri paylaşım etməkdən, sürücülər söyməkdən yoruldular, amma müvafiq qurumlar tədbir görməməkdən yorulmadılar.

AzEuroNews.com-a danışan bir qrup sürücü artıq avtobusların və taksi şoferlərinin hərəkət zolaqlarını zəbt etməsindən bezar olduqlarını deyiblər.

Metronun “Velotrek” istiqamətində müəyyən qədər hərəkət tənzimlənib, taksilər yoldan yığışdırılıb. Düzdür, yenə orada xaos, basabas yaşanır. Amma qismən əvvəlkindən fərqlənir.

“Azərsu”nun binasından isə üzü yuxarı və qarşı tərəf yol isə avtobuslar və taksi sürücüləri tərəfindən “işğal” edilib.

Yolun hər iki tərəfdən hərəkət zolaqları dayanacaq kimi istifadə olunur. Burada maşın saxlamaq qadağandır.

Adi sürücü avtomobilini saxlasa, dərhal yol polis əməkdaşı başının üzərini alıb xəbərdarlıq edəcək.

Taksi şoferləri isə hərək zolağının iki hissəsini şəxsi dayanacağı, öz həyəti kimi istifadə edir və onlara DYP əməkdaşları “qaşın üstə duran var” demir.

Hər gün YPX maşınları bu ərazidə dayanır. Amma taksi şoferləri ərazidən yığışdırılmır, nəticədə bu qaynar yolda fasiləsiz tıxaclar hökm sürür.

“Biz şikayətlənməkdən day bezmişik. Xeyri yoxdur, hardan istəyirlər dönürlər, harda istəyirlər saxlayırlar, yolun ortasını kəsib söhbət edirlər, arxada onları gözləyən maşınları saymırlar.

Bunların hamısı Lökbatana, “Sədərək”, “Binə” bazarlarına müştəri daşıyanlardır. Belə rüsvayçılıq olar? Ramiz Zeynalov 10 dəqiqə burda dayanıb müşahidə aparsın, özü əsəbdən partlayacaq.

Bu taksiləri həmin yerdən uzaqlaşdırmaq azdır e, qovmaq lazımdır. Bunlara elə gəlir ki, yol özlərinin həyətidir. İllah da avtobuslar yolun bir zolağını kəsir, vəssalam, gəl indi keç”,-deyə sürücülər üsyan edirlər.

Sürücülər Daxili İşlər naziri Ramil Usubova, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edərək təxili tədbir görülməsini xahiş edirlər:

“Cənab nazir, bu taksilər üçün ayrıca yer təşkil olunsun. Necə ki, “Neftçilər”ə işləyən taksilər yoldan çıxarılıb.

Avtobuslar üçün də xüsusi dayanacaq hazırlanmalıdır. “Koroğlu” metrosu çıxışında belə gözəl səliqə yaradılıb. Eyni şərait “20 Yanvar”da yaradılmalıdır.

Biz daha bezmişik. Bu qədər biabırçılıq olmaz. DYP əməkdaşları bu adamlara heç nə demir. Kim onlara icazə verib ki, hərəkət zolaqlarını kəsib dayansınlar?Başqa maşınlar saxlayanda “dayanma durma” qaydasının pozulmasına görə cərimə yazılır. Cənab Usubov, xahiş edirik bir əncam çəkin”.

Related Articles