SABİQ NAZİRDƏN ZİYA MƏMMƏDOVA XƏYANƏT SUÇLAMASI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Fikrət Yusifov: “Xəyanət edənlərin cəzası mütləq olacaq”

Fəzail Ağamalı: “Dövlət büdcəsini talayan hər kəsin yeri Qobustan olacaq”

Ziya Məmmədovun adı nazir olduğu dönəmdə çəkilən Bakı-Quba-Rusiya avtomobil yolunda təmir işlərinin başlanması ilə yenidən gündəmə gəlib. Z.Məmmədovun dayanıqlığına 30 il zəmanət verdiyi yolun heç 3 il belə davam gətirə bilməməsi sabiq nazirin məsuliyyətə cəlb olunması məsələsini aktuallaşdırıb.

Məlumat üçün bildirək ki, yolun tikintisinə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb.

Bu rəqəmlər Z.Məmmədovun dövründə ölkə büdcəsinə nə qədər ziyan vurduğunun bariz sübutlarından biridir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında kifayət qədər sərt danışdı: “Heç şübhəsiz Bakı-Quba yolunun belə bərbad hala düşməsinin birbaşa günahkarı bu yolun çəkilməsinə bilavasitə rəhbərlik etmiş keçmiş Nəqliyyat Nazirliyinin rəhbərliyidir. Bu keyfiyyətsiz iş dövlətə yüz milyonlarla manat ziyan vurmaqla yanaşı, həmən yolla hərəkət edən insanlarımızın rahatlığının tam pozulmasına, əsəblərinin gərginləşməsinə səbəb olur. Hökumətin infrastruktur layihələrin icrasına geniş bir meydan açdığı bir dönəmdə, etibar olunmuş işə bu qədər məsuliyyətsiz yanaşmağın izahı yoxdur. Bunun adı sadəcə oğurluqdur və xəyanətdir. Xəyanət edənlərin isə cəzası mütləq olacaq. Dövlətin maliyyə vəsaitlərini səmərəsiz istifadə edənlər bilməlidirlər ki, gec-tez onlara bu vəzifəni etibar etmiş ölkə rəhbərliyi qarşısında hesabat verməli olacaqlar. Son bir neçə ildə böyük vəzifə sahibi olan bir çox məmurlar da məhz işdə yol verdikləri ciddi nöqsanlar səbəbindən vəzifədən kənarlaşdırılıblar. Heç kəs düşünməsin ki, etimadı doğrultmayan, prezidentə və deməli xalqa xəyanət edən bu adamlar cəzasız qalacaq. Təbi ki, Bakı ilə Quba arasında çəkilmiş bu yarıtmaz yolun bütün məsuliyyəti keçmiş nəqliyyat naziri Ziya Məmmədovun üzərindədir. Hər şeyə görə o cavab verməlidir. Çünki yolun tikintisinə dövlət büdcəsindən ayrılmış yüz milyonlarla vəsaitin istifadəsi üzrə baş kredit sərəncamçısı şəxsən o özü olub. Ona görə də sorğu onun özündən olmalıdır. Təcrübə göstərir ki, vəsaitlərin bu şəkildə talan edilməsinə yol verən rəhbərlər bir qayda olaraq dar dünya görüşünə malik və savadsız olurlar. Çünki belə əməlləri yalnız savadsızlar edə bilərlər. Ağlı başında olan, sabahını düşünən heç bir məmur belə işlərin altından imza atmaz. Düşünər ki, bir gün gələcək mənə bu vəzifəni etibar etmiş ölkə başçısı bu əməllərə görə məndən hesab soracaq”.

Məsələ ilə bağlı modern.az-a danışan deputat Fəzail Ağamalı bunları deyib: “Bir qayda olaraq, vəzifəsinə xitam verilmiş adamlar haqqında fikirlər söyləməkdən uzağam. Amma görünən problemlər məni danışmağa vadar edir. Təqribən on beş gün əvvəl Bakı-Quba yolundan istifadə etdim. Yol sözün əsl mənasında bərbad gündədir. Milyonlar sərf edilərək salınan beton yol çox pis vəziyyətə düşüb. Qəribədir ki, istismar müddət 20-30 il nəzərdə tutulan yol artıq dağılıb. Rusiyanın Qəbələdə hərbi xarakterli stansiyası vardı. Ora beton yol çəkilmişdi. Üzərindən 40 il keçməsinə baxmayaraq, yol hələ indi-indi deformasiyaya uğrayır. Təəssüf ki, Bakı-Quba yolu ilə bağlı bu fikirləri səsləndirə bilmirik. Ölkə prezidentinin ən çox diqqət etdiyi sahələrdən biri də yollardır. Demək olar ki, ölkə prezidenti hər gün müxtəlif yolların tikintisi, təmirlə bağlı sərəncamlar imzalayır, dövlət büdcəsindən vəsait ayırır. Bunlar, təkcə magistral yollarla bağlı deyil, həm də kənd və qəsəbələrarası yolların müasir səviyyədə qurulması ilə bağlıdır.

Bu sərəncamlardan irəli gələn məsələlərin icrası xüsusi məsuliyyət tələb edir. “Yola vəsait ayrıldı, təmir etdik”lə iş bitmir. Qəribəsi budur ki, indi düzəldilən yolların da keyfiyyəti aşağıdır. Bilirsiniz, bir il əvvəl Salyan rayonun Düzənlik kəndinə çəkilən asfalt yol bərbad vəziyyətə düşüb, çalalar əmələ gəlib, su yığılıb və s. Bakının özündə çəkilən yollara nəzər salaq, nə qədər yamaqlar var. Götürək, Bakı-Sumqayıt yolunu. Yaxud “Neftçilər” prospektindən başqa, hansının istəyirsiz adını çəkin. “Neftçilər” prospekti cənab prezidentin mütəmadi istifadə etdiyi yoldur deyə, oranı başdansovdu təmir etməyə cürət etmirlər. Bakı sanki yamaqlı yollar şəhəridir. 5-6 il əvvəl çəkilən yolların hamısı çöküb, ya da yamaq vurulub”.

Deputat qeyd edib ki, ölkə başçısı lazımı göstərişlər verir, amma: “Geri qalanlar isə hüquq mühafizə orqanlarının və müvafiq qurumların öhdəsinə düşür. Siyasətçi problemi aça, onun haqqında fikir söyləyə bilər. Amma söylədiyimiz fikirlər söz olaraq qalmamalıdır. Məmur məsuliyyəti var. Məmur məsuliyyəti hər bir insan tərəfindən dərk edilərək, riayət olunmalıdır. Ya yol işçisidir, ya həkimdir, yaxud hansısa rayonun icra başçısıdır, fərq etməz. Kim olur olsun, üzərinə düşən məsuliyyəti dərk etməlidir, cibinə işləməli deyil. Xalqın mənafeyinə və maraqlarına, dövlətin güclənməsinə, məmləkətimizin yüksəlməsinə, ölkə prezidentinin qoymuş olduğu hədəflərə töhfə vermək haqqında düşünüb xidmət etməlidir. Bir də görürsən, dünənə kimi adi adam olan, sadə şalvarda, köynəkdə gəzən məmur vəzifəyə gələn kimi on milyonluq, iyirmi milyonluq mülk aldı. Yaxud da dünənə kimi qapqara kişi idi, bu gün ağappaq oldu. Ay balam, necə olur bu?!”.

F.Ağamalının sözlərinə görə, dövlət büdcəsini talayan hər kəsin yeri Qobustan olacaq: “Mən həmişə arzusundayam ki, neqativ hallara son qoyulsun, biz müsbət işlərimiz, uğurlarımız barədə müzakirələr aparaq. Ölkə prezidenti bütün həyatını ölkənin firavanlığı yolunda qoyub. Fikirlərşirsən ki, adam daha nə etməlidir?! Prezidentin komandasında vicdanla, dövlətə, millətə bağlı insanlar da var. Amma pislər də var. O cür adamlar da düşünməlidirlər ki, yerləri Qobustan olacaq. 1-2 ay əvvəl ölkədə baş verən prosesləri, dövlət başçısının bununla bağlı atdığı addımları göz önünə gətirsinlər. Mən tam əminəm ki, baş verənlərlə bağlı proses hələ tamamlanmayıb. Prezident imzasını atıb, geri qalanın məsuliyyəti hüquq-mühafizə orqanlarının üzərinə düşür. Yəqin ki, onlar da məsələləri araşdırıb hüquqi qiymət verəcəklər. Bu gün Azərbaycan xalqı prezidentlə bərabərdir. Mən istərdim ki, məmurlarımız elə şərait yaratsınlar ki, xalq da onlarla olsun”.

www.xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top