TƏHSİL NAZİRLİYİNİN DƏRS YÜKÜ PLANI: BÖYÜKLƏR YENƏ UNUDULDU?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Orta məktəblərdə şagirdlərin dərs yükü məsələsi yenidən müzakirə olunur.

2008-ci ildən etibarən Azərbaycan orta ümumtəhsil məktəblərində tədris prosesi yeni standartlarla qurulmağa başlayıb.

Yəni tədris kurrikulum standartları ilə davam etdirilir. Amma bununla belə kurrikulumun reallaşmasında da problemlər var. Belə ki, Azərbaycan dərsliklərində və təhsilində kurrikulum tam olaraq reallaşa bilməyib. Bununla yanaşı, əsasən ibtidai siniflərdə dərslər həddindən artıq ağırdır.

Ekspertlərin fikrincə, buna səbəb ilk növbədə orta məktəblərin ibtidai sinifləri üçün çap olunmuş dərsliklərin informasiya yükünun ağırlığıdır. Məsələ burasındadır ki, təkcə ibtidai siniflər deyil, həm də yuxarı siniflərin də dərs yükü ağırdır. Təhlillər göstərir ki, əslində dərs proqramına uyğun tərtib edilən dərsliklərin özündə bir pərakəndəlik var. Tərtibatda verilən tapşırıqlar daha çox mənqtiq üzərində qurulub. Bunun mexanizmi isə çox zaman şagirdlərə aydın olmur. Çünki məntiq fənni ayrıca tədris olunmur.

Dərs yükünün ağırlığı fiziki, zehni qüsurlarla yanaşı həm də uşaqlarda nevroz, görmə zəifliyi, qamət pozğunluğu və digər fəsadlara yol açır. Bunu təhsil ekspertləri və psixoloqlar deyir. Onlar hesab edir ki, hər bir uşaq inkişafda olan yaş dövrünü yaşayır. Onların həyat tərzi elə qurulmalıdır ki, bu inkişafa heç nə mane olmasın. Uşağın üzərinə düşən yük – istər fiziki, istərsə də zehni olsun – düşünülmüş halda normallaşdırılmalıdır. Çünki uşaq çox yükləndikdə, ilk növbədə onun sağlamlığına ciddi ziyan dəyir. Nəticədə nevroz, əsəb gərginliyi, daha sonra isə miopiya (yəni görmə zəifliyi), qamət pozğunluğunun müxtəlif növləri, həzm orqanlarının xəstəlikləri, yorğunluq və s. patologiyalar meydana çıxa bilər. Beləcə, kiçik yaşlı məktəblilərdə ilk günlərdən tədrisə, oxumağa, yazmağa, öyrənməyə mənfi münasibət formalaşır.

Azərbaycanda bu məsələ ilə bağlı digər problem dərsliklərə nəzarət edən bir qurumun olmamasıdır. Çünki, dövlət standartlarına uyğun dəsrliklər yazılmır. Sadəcə, dərsliklərin yazılması üçün Təhsil Nazirliyi sifariş verir və tender elan edir. Elan edilən tenderə bir neçə müəllif daxil olur. Dövlətin bununla bağlı müəyyən etdiyi qiymətləndirmə balı var. Bu 100 baldır. Həmin balı keçən dərslik qalib elan olunur. Məsələn, 5 dərslik tenderə daxil olub, amma heç biri 100 bal yığmayıb. Hətta 1, 2, 3, 4 və 5 bal yığılıb. Təhsil Nazirliyi məcbur olur tenderdə qalib gəlməyən amma ən yüksək bal toplayan dərsliyi ən keyfiyyətsiz olsa belə, qəbul edib orta məktəblərə göndərir. Bu məsələdə olan sistemsizlik və boşluq illərdir ki, davam edir. Problem isə köklü surətdə birdəfəlik yoluna qoyulmur.

Bu günlərdə təhsil naziri Ceyhun Bayramov ibtidai siniflərdə dərs yükünün azaldılması ilə bağlı nazirlikdə layihə hazırlandığını deyib: “Bu istiqamətdə kifayət qədər intensiv iş aparılıb. Yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb. Nazirlikdə kollegiya iclası keçiriləcək və layihə orada geniş müzakirə olunacaq. Daha sonra yekun qərar qəbul edilərək aidiyyəti üzrə yerlərə göndəriləcək. Xüsusilə də ibtidai siniflərdə dərs yükünü yüngülləşdirmə istiqamətində ciddi addımlar atılacaq”.
Nazirlik tərəfindən atılan bu gecikmiş addımın nə vaxt tam olaraq reallaşdırılması isə hələ ki bəlli deyil.

Ekspertlər o qənaətdədirlər ki, təkcə ibtidai siniflər üçün deyil, həm də yuxarı siniflərdə oxuyan şagirdlərin də dərs yükünün azaldılması istiqamətində iş aparılmalıdır. Bu barədə yaxşı olardı ki, nazirlik ciddi addımlar atsın.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dərs yükünün azaldılması çox vacibdir. Bu məsələnin isə iki həlli var:

“Birincisi, dərsliklərin sadələşdirilməsi, ikincisi isə kiçik və böyük summativlərin qiymətləndirilməsinin sayının azaldılmasıdır. Bu gün orta məktəb kitablarının informasiya yükü şagirdlərin yaş həddinə və psixologiyasına uyğun deyil. Ona görə də, ilk növbədə dərsliklər sadələşdirilməlidir. Eləcə də şagird üçün lazım olan məlumatlar əks olunmalıdır. Bundan əlavə böyük summativlərin qiymətləndirilməsi yalnız tədris ilinin sonunda keçirilməlidir. Düşünürəm ki, ediləcək dəyişikliklər elə cari tədris ilində həyata keçiriləcək. Çünki əsas dəyişikliklər kiçik və böyük summativlərin qiymətləndirilməsində olacaq ki, onların da həyata keçirilməsi oktyabrın əvvəlində baş tutacaq. Ona görə də, bu dəyişikliklərin edilməsi və həyata keçirilməsi vaxt baxmından mümkündür”.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top