“DEYİRLƏR PULLARI MƏHARƏT MUSTAFAYEVƏ VERMİŞİK, ONU DA TAPA BİLMİRİK” – BAŞ MEMAR HARDA GİZLƏNİR?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi barədə şikayətlərin ardı-arası kəsilmir. Şikayətlərin böyük hissəsi torpaq alqı-satqısı, satılmış ərazilərə görə müvafiq sənədlərin təqdim olunmaması, verilmiş sənədlərin bir çoxunda isə uyğunsuzluqların aşkar edilməsi ilə bağlıdır. İddia olunur ki, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev vətəndaşları aldadaraq onlara torpaq yeri ayıracağına dair vəd verib, əvəzində isə külli miqdarda pul toplayıb.

Missiya.az-ın məlumatına görə, şikayətçilər M.Mustafayevi sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi qələmə verir və bildirirlər ki, memarlıq idarəsinin rəisi bütün qanunsuz əməllərini xüsusi himayə altında həyata keçirib. Lakin M.Mustafayevin Elmar Vəliyevin iradəsindən kənar bir çox qanunsuzluqlara əl atdığını iddia edənlər də var.

Bu fikirdə olanların sözlərinə görə, M.Mustafayev onu iş başına keçirmiş Elmar Vəliyevin özünü də dəfələrlə aldadıb, gizli şəkildə şəxsi maraqlarını təmin etməyə çalışıb. “Məharət Mustafayev xaraktercə fırıldağa meyilli adamdır. Gördüyü işlərin demək olar ki, hamısında bu və ya digər formada problemlər üzə çıxır. O, şəhərdə görünəndə şikayətçilər ətrafına toplaşırdı. Hər dəfə də müxtəlif bəhanələrlə aradan çıxırdı” – deyə, Gəncə sakini bildirir.

Şikayətçilər M.Mustafayevin rəhbərlik etdiyi idarənin əməkdaşlarının da müxtəlif dərəcələrdə qanunsuz torpaq alverində iştirak etdiklərini deyirlər: “Memarlıq və Şəhərsalma İdarəsi Məharət Mustafayevin şəxsi kontoru kimi fəaliyyət göstərirdi. O, işçilərini məcbur edirdi ki, gedib torpaq alan müştərilər tapsınlar. Hətta onlara öhdəlik də qoyurdu. Əməkdaşları şirnikləndirdiyindən onlar da tədricən qanunsuzluqlara sürükləndilər. İdarənin demək olar ki, bütün əməkdaşları torpaq alverçisinə çevrilmişdilər. Hərəsinin bir dəftəri var idi. Kimdən nə qədər pul aldıqlarını və nə qədər torpaq yeri ayrılacağını qeyd edir, ayda bir dəfə isə Məharət Mustafayevlə “sverkaya” gedirdilər. Mustafayevin qanunsuz torpaq alverinin bir çoxunda Ramin adlı əməkdaşı yaxından iştirak edib. Ramin onun ən yaxın işçilərindən hesab olunurdu və daha çox pul gətirdiyindən xüsusi hörmətə malik idi. Araşdırma aparılarsa, Raminin özünün nə qədər qanundan kənar addımlar atdığı müəyyən olunar. Bu adamlar satdıqları torpaqlara görə lazımi sənədləri də verməyiblər. Verəndə də məlum olub ki, ciddi texniki xətalar var və ya bir sənəd bir neçə nəfərə verilib. Elə sərəncamlar var idi ki, nömrələri də üst-üstə düşürdü. Sonra Məharət Mustafayev hansı yollarlasa həmin sənədləri dəyişirdi. Verdikləri sərəncamlarda isə Elmar Vəliyevin deyil, Gəncə şəhər Nizami və Kəpəz rayonları icra başçılarının imzası dayanır. Əsasən isə Nizami rayonundan verilmiş sənədlərdir”.

Şikayətçilər Memarlıq və Şəhərsalma İdarəsinin torpaq alveri ilə məşğul olan digər əməkdaşlarının da adlarını çəkərək onların da M.Mustafayevin korrupsiya əməllərində iştirak etdiklərini bildirlər: “İndi onların hansına söz deyiriksə, “Pulları Məharət Mustafayevə vermişik” deyirlər. Məharəti isə tapa bilmirik”.

Bildirilir ki, Məharət Mustafayev Gəncə şəhərinin yeni icra başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunduqdan sonra aldadılan vətəndaşlar onun axtarışına başlayıblar. Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi sakinlərin çağırışına heç bir reaksiya vermir. Onun heç bir nömrəsinə zəng çatmır. Vətəndaşlar Məharət Mustafayevi tapa bilmədikləri üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Məharət Mustafayevin qanunsuz əməlləri və vətəndaşları aldatması ilə bağlı hazırda araşdırmalar aparır. Şikayətçilərin bir neçəsi Mustafayevin əməlləri ilə bağlı Baş Prokurorluğa müraciət ediblər.

Missiya.az

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top