GÖZƏL DƏMİROVUN ETİMAD İSMAYILOVU GÜLLƏLƏMƏSİNİN SƏBƏBİNƏ DAİR YENİ İDDİALAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılovun Türkiyənin İstanbul şəhərindəki ofisində qətli ilə bağlı müzakirələr davam edir. Hər ötən gün mübhəm qətlin motivi ilə bağlı məlumatlar yayılır. Onu qətlə yetirən sabiq polis rəisi, iş adamı Gözəl Dəmirovu tanıyan adamlar deyirlər ki, hələ də belə bir olayın meydana gəlməsinin şokundan çıxa bilmirlər. Qatil olaraq həbs edilən Gözəl Dəmirovun belə bir cinayətə hansı şərtlər altında getdiyi də maraq doğuran məqamlardandır. Dəmirov Azərbaycanda polis rəisi vəzifəsini tutarkən tabeliyində işləmiş şəxslər onu o qədər də sərt olmayan bir vəzifə adamı kimi xarakterizə edirlər. Dəmirovun işçilərindən olmuş həmsöhbətimiz deyir ki, Gözəl Dəmirov silaha meylli adam olmayıb: “Onun nəinki adam, hətta hansısa bir canlını öldürə bilməsi inandırıcı deyildi”.

Gözəl Dəmirovun olduqca yumşaq xasiyyətli, sakit təbiətli biri olmasını xüsusilə diqqətə çatdıran həmsöhbətimiz onun hadisəni törətməsinin detallarına da toxunub: “Həmin gün Gözəl Dəmirov şəriklərindən birinə onunla bərabər Etimad İsmayılovla görüşə getməyi təklif edib. Həmin şəriki isə ona deyib ki, Halkalıda düzənlənən Aşura məclisinə hazırlaşır, ona görə bərabər gedə bilməyəcək. Şərikinin sözlərinə görə, 65 yaşlı Gözəl Dəmirovun hər hansı bir xüsusi probleminin olmasını sezməyib, həmin gün də onunla zarafatlaşıb. Yəni onun Etimad İsmayılovla görüşə xüsusi gərgin şəkildə getməsi, ora getməzdən öncə hər hansı bir qəti qərar verməsi sezilməyib”.

Həmsöhbətimiz iddia edir ki, hadisə 500 min dollar civarında pul söhbətindən doğan və Gözəl Dəmirovun ünvanına təhqiramiz söyüşlərlə nəticələnən söhbət əsnasında anidən baş verib. Gözəl Bayramovun yaxını olan şəxsin sözlərinə görə, Gözəl Dəmirov məsələni sülh yolu ilə həll etməyə səy göstərib, lakin olduqca sərt ifadələr onu bir anın içində silaha əl atmağa sürükləyib…

Gözəl Dəmirov hazırda baş vermiş hadisədən dolayıb həyatını, biznes karyerasını bitirmiş durumdadır. Faktiki olaraq Etimad İsmayılovu həyatdan məhrum etməklə özünü və yaxınlarını çox pis duruma salıb.

Gözəl Dəmirov Azərbaycanın Sabirabad rayonundandır. Hazırda Sabirabadda onun yaxın qohumları qalmayıb. Amma onların ailəsini tanıyanlar da az deyil. Onlardan biri Həsən Həsənov modern.az-a verdiyi açıqlamada bunları demişdi: “Gözəl Dəmirov Sabirabadda anadan olub. Atası Böyükkişi Dəmirov uzun illər rayonda aptek müdiri kimi çalışıb. Anası isə evdar qadın olub. Özü də çox imkanlı ailə olublar. Hazırda Sabirabadda onun ailə üzvlərindən kimsə qalmayıb. Çünki atası, anası rəhmətə gedib. İki qardaş olublar. Anası atasından əvvəl dünyasını dəyişmişdi. Sonra atası ikinci dəfə ailə həyatı qurmuşdu”.

Həsən Həsənov Gözəl Dəmirovu çox təmkinli bir insan kimi xarakterizə etmişdi: “Rayonda onların ailəsini hamı çox mədəni, tərbiyəli ailə kimi tanıyıb. Onlar evlərini satıb Bakıya köçmüşdülər. Gözəl Dəmirov isə Türkiyədə böyük iş qurmuşdu. Hətta bir dəfə rayona gəlib məscidin həyətində atasına ehsan da vermişdi. Rayondakı evlərini satdıqlarından ehsanı məsciddə verməli olmuşdu. Onun belə bir cinayət əməli törətməsinə çox üzülürük. Gözəl çox təmkinli biri olub. Həmyaşıdları Gözəli çox yaxşı xatırlayır. Bu cür insanın belə cinayət törətməsi çox qəribədir”.

Türkiyə mediasında yer alan məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul olublar. Aralarında borc məsələsi olub. Hadisə zamanı tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov şərikinə 3 dəfə atəş açıb.

Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işlərinin olduğu söylənilir. Gözəl Dəmirovun hətta “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da qeyd edilir.
“Yeni Müsavat”

Related Articles

+994 50 295 94 79
top