TƏRTƏRİN QALMAQALLI RƏİSİ RAUF MƏCİDOV BUNA GÖRƏ İŞDƏN QOVULUB-NAZİR ƏMR VERDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Polis polkovniki Rauf Məcidov işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib…
Sentyabrın 26-da Azərbaycan daxili işlər naziri Ramil Usubovun əmri ilə Tərtər rayon polis şöbəsinin rəisi Rauf Məcidov tutduğu vəzifəsindən azad edilib. Bu barədə «Təzadlar»a Tərtərdəki mənbəmiz məlumat verdi. Məlumatda qeyd olunur ki, cənab nazirin bu əmri Tərtərdə hamılıqla rəğbət və minnətdarlıqla qarşılanıb: «Rauf Məcidov Tərtərdə bütün qarşıdurmaların, narazılıqların mənbəyi idi. Onun adı KİV-də də həmişə insanları haqsız yerə incidən rəis kimi hallanıb. Nəhayət, haqq-ədalət öz yerini tapdı və Rauf Məcidov nöqsanlarına görə vəzifəsindən azad edildi. Cənab nazirə dərin minnətdarlığımızı bildiririk…», -deyə məlumatda qeyd edilir.
***
Xatırladırıq ki, hələ bu ilin fevralında Tərtərdən daxil olmuş şikayət əsasında «Tərtərin rəisindən prezidentə şikayət» başlıqlı məqalə dərc olunmuşdu. Həmin məqalə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdi və redaksiyaya rəsmi qaynaqlardan bildirilmişdi ki, artıq bu barədə nazirə məruzə edilib, rəisin hərəkətləri araşdırılır. Nəhayət, haqq yerini tapdı.
Aşağıda həmin yazını təkrar təqdim edirik:
“Evimi qarət edənin tapılmasına Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov imkan vermir, çünki…”
Redaksiyamıza Tərtər rayonunun Ağkənd kəndində yaşayan Sarıyev Vəli Ziyad oğlunun prezident İ.Əliyevə, birinci vitse-prezident M.Əliyevaya, baş prokuror Z.Qaralova və daxili işlər naziri R.Usubova ünvanlı müraciəti daxil olub.
Müraciətdə deyilir:
“Hörmətli cənab prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli cənab baş prokuror!
Hörmətli cənab nazir!
Bildirirəm ki, 18 noyabr 2017-cı il tarixdə, gündüz saat 13:19 dəqiqədə Dəmirçilər kəndindəki polis məntəqəsinin yüz metrliyində yarım saat ərzində evim qarət olunub. Evimi qarət edən şəxs Dəmirçilər kəndinin baş tərəfində qoyulan müşahidə kamerasının yanında kənd sakini Ramin adlı şəxsin “Mercedes” markalı avtomobilindən düşəndən bir neçə saniyə sonra onun mobil telefonuna zəng gəlir və o, iki dəqiqə telefonla danışaraq, siqaret çəkə-çəkə evimə tərəf gəlib. Dəmirçilər kəndində olan müşahidə kamerası da polis məntəqəsinin yüz metrliyindədir. Evimlə müşahidə kamerasının və polis məntəqəsinin arasdındakı məsafə 150-200 metr olar. Oğru evimi qarət edərək 8 min 200 manat pul, həyat yoldaşıma məxsus 5 min manat dəyərində qızıl əşyalarını aparıb. Oğru evə saat 13:19 dəqiqədə girib, saat 13:50 dəqiqədə çıxıb. O, evdən çıxandan sonra isə Dəmirçilər kənd sakini Rafiq adlı şəxsin ağ rəngli “Mitsubishi” markalı avtomobilinə minib və Tərtər-Gəncə yolunun Gəncə şəhərinə gedən istiqamətində düşüb. Oğrunun maşından düşdüyü yerdə də müşahidə kamerası var. Onu da deyim ki, mən həyat yoldaşımla hər gün səhər saat 8-00-da işə gedir, axşam saat 18:00, 19:00-da evə qayıdırıq. 18 noyabr 2017-ci il tarixdə axşam işdən evə gələndə gördük ki, evimizin qapıları taybatay açıqdır. Evdəki bütün yorğan-döşək və servantın içində olan qab-qacaq hamısı evin ortasında dağınıq vəziyyətdədir. Evdə pulun və qızılların saxlandığı yerə baxanda gördük ki, ora da dağıdılaraq 8 min 200 manat pulu və həyat yoldaşıma məxsus 5 min manat dəyərində olan qızıl əşyalarını götürüblər.
Mən dərhal kənddəki polis məntəqəsinə gedib hadisə barədə məlumat verdim. Onlar da dərhal oğurluq faktı haqqında Tərtər RPŞ-nə bildirdilər. Tərtər RPŞ-dən əməliyyat qrupu gəlsə də, krimnalist ekspert heç bir əl və ayaq izi aşkar edə bilmədi. Polis əməkdaşları bir neçə dəqiqə evin ərtafına baxış keçirdikdən sonra dedilər ki, oğru peşəkar olduğu üçün heç bir iz buraxmayıb.
DİN-in “102 xidməti”nə zəng etmək istəyəndə polislər mənə istehza ilə dedilər ki, «nə tutmusan “102 xidməti”ndən, guya onlar gəlib sənə oğru tapacaqlar? Oğrunu tapmaq bizim vəzifəmizdir”.
Kənddəki müşahidə kamerasından oğrunun maşınla gəlməsinin görüntülərini polis əməkdaşlarına təqdim etsəm də, dedilər ki, onun üzünü tanıya bilmirlər.
Mən başa düşə bilmirəm ki, polis əməkdaşları günün günorta çağı məntəqədə nə işlə məşğul olublar ki, gözləri qarşısında ev talan edilir, onlar durub baxırlar?! Əgər Tərtər RPŞ-nin əməkdaşları peşəkar, təcrübəli polis işçisi və hüquqşünas olsaydılar, dərhal oğrunun maşından düşən kimi telefonuna zəng gəlməsinin antena dairəsini müəyyən edib, siqaret çəkdikdən sonra yerə atdığı qalığından ekspertiza edər və baş verən hadisənin üstünü isti-isti açardılar. Ancaq evimi qarət edənin tapılmasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov və Cinayət axtarış bölməsinin rəisi maraqlı deyil. Ona görə ki, hər bir sübut açıq-aydın ortada olduğu halda, hadisənin üstünü açmaq istəmirlərsə, deməli, evimin qarət olunmasında polisin də var. Cinayət əməlinin üstünün açılmamasının əsas səbkarı Tərtər RPŞ-nin və CAB-nin rəisidir. Ona görə də bu hadisə DİN-in və Baş Prokurorluğun xüsusi nəzarətinə götürülməlidir, yoxsa illər keçsə də açılmayacaq.
Bu səbəbdən də sizdən xahiş edirəm, müraciətimi nəzarətə görürərək oğurluq faktının açılmasına maneçilik törədən, cinayətkarı müdafiə edən Tərtər RPŞ-nin və CAB-nin rəisi barəsində ciddi tədbir görülməsi üçün göstəriş verəsiniz.
Əvvəlcədən sizə dərin minnətdarlığımı bildirirəm”.
Məsələ ilə bağlı Tərtər RPŞ-nin və CAB-nin rəisinin fikrini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

«Təzadlar»

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top