BAŞ HƏKİMƏ QARŞI İLGİNC İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

3 saylı uşaq-dəri-zöhrəvi dispanseri ilə bağlı rüşvət iddialarına Səhiyyə Nazirliyindən cavab verilib

Səhiyyə sistemindəki qüsurlar, nöqsanlarla bağlı indiyədək vətəndaşların yüzlərlə müraciəti mətbuatda yer alıb. Bu müraciətləri işıqlandırmaqda və ictimailəşdirməkdə məqsəd həmin qüsur və nöqsanların aradan qaldırılmasıdır. Çox vaxt həkimlərin məsuliyyətsizliyi, hətta özbaşınalıqları da xəstələrdə ikrah yaradır, bəzən də çox ağır nəticələrə gətirib çıxarır. Ona görə də, belə neqativlərin aradan qaldırması həm Səhiyyə Nazirliyinin, həm də mətbuatın maraq çevrəsində olmalıdır.

Lakin söz rüşvətdən və xəstələrdən bilərəkdən pul tələb etməkdən gedirsə, artıq burada qü sur və nöqsanlardan deyil, cinayət faktından danışmaq lazımdır.
Redaksiyamıza adının çəkilməsini istəməyən mənbəmizin verdiyi məlumata görə, bu cür faktla 3 saylı Uşaq Dri-Zöhrəvi Dispanserində qarşılaşıb. Dispanserin baş həkimi Gülnarə Cəfərovanın qanunazidd hərəkətləri artıq uzun müddətdir nəinki xəstələri, hətta tibb personalını da “zinhara” gətirib:

“Uzun müddətdir ki, bu dispanserdə çalışıram. Burada o qədər haqsızlıq, qanunsuzluqlarla qarşılaşmışam ki, axırda mətbuata müraciət etməyi son çıxış yolu seçdim”, – deyən müsahibimizin sözlərinə görə, baş həkim dispanserə müraciət edən insanlara xəstə gözü ilə deyil, pul qaynağı olaraq baxır və rəhbərlik etdiyi qurumun da bütün işçilərindən xəstələrdən maksimum məbləğdə pul yığmağı tələb edir. Fərqi yoxdur necə, hansı yollarla, əsas odur ki, dispanserin “arenda”ya verdiyi otaqlarda çalışan həkimlər aylıq “taksa”nı artırsınlar. Aylıq “taksa” isə 500-3000 manat arasında dəyişir. Baş həkim bir ay 500 manat verən həkimlərdən növbəti ay 1000 manat, 1000manat verən həkimlərdən 2000 manat, 2000 manat verən həkimlərdən isə 3-4 min manat arası rüşvət tələb edir. Adi etik qaydalara riayət edə bilməyən, insanlarla aşağılayıcı tərzdə danışmağı artıq özünə vərdiş edən G.Cəfərova “Burda mənəm, Bağdadda kor xəlifə” deyərək, istədiyi məbləği ala bilmədiyi həkimlərin gününü “qara” edir:

“İştahı, nəfsi nə bitir, nə də tükənir. Doymur. Hamı onun üçün elə bil xəzinənin üstündə oturub. “Ver… Ver”, başqa söz də bilmir…”, – deyən mənbə başqa faktları da açıqladı:

“Təsəvvür edin ki, xroniki xəstələrin “uçota”-qeydiyyata düşməsi üçün xəstələrdən ya orada “yatmaq”- hansı ki, elə olduğu təqdirdə də xəstələrin az qala dərisi soyulur və olan-qalan pulları da min yolla əllərindən alınır – əks təqdirdə isə əvvəlcədən 300 manat verməsi tələb olunur. 300 manat verməsə, xəstə qeydiyyata alınmır. Bir dəfə çox imkansız bir qadın müraciət etmişdi, az qala baş həkimə yalvardı ki, onu get-gələ salmasın. Amma “yeziddə” insaf olsa da, onda insaf nə gəzir?! Axırda qadın 300 manatı tapıb gətirdi, onu qeydiyyata saldılar. Soruşduq ki, “pulu haradan tapdın?” Dedi ki, “borc eləmişəm. Ən azı 6 ay uşaqların boğazından kəsməliyəm ki, bu borcu qaytara bilim.”
Mənbəmiz bizə də sualla müraciət etdi: “Bəlkə sizin məlumatınız var, hər ay baş həkim Gülnarə Cəfərova “fond pulu” adı ilə məcburi qaydada hərəmizdən ayda 20-30 manat pul yığır. Bu hansı fonddur, indiyədək bilən yoxdur. Fondun adı olmazmı? Bu fond Səhiyyə Nazirliyi tərəfindən yaradılan fonddur, yoxsa Gülnarə Cəfərovanın şəxsi təxəyyülünün məhsuludur? Hər nədirsə, uzun illərdir ki, bizdən bu pul yığılır, hara xərclənir, bilən yoxdur. Çünki, dispanserin bütün məsrəfli işləri həkimlərdən yığılan pullar hesabına həll edilir. Sonra da həkimləri günahkar bilirlər ki, xəstələrin cibinə baxırlar. Bəs, nə edək? Xəstəyə 10 dəqiqədən artıq müayinə lazım olursa və xəstə otaqdan bir az gec çıxırsa, Gülnarə Cəfərovanın “agent”ləri dərhal ona xəbər verir və ayın başında yığdığımız pulların haqq-hesabı aparılır. İnanın, heç bir həkim rüşvətlə dolanmaq istəmir, amma yuxarıdan elə sıxırlar ki, özün də rüşvət verirsən ki, işləməyinə imkan versinlər. Baş həkimə yaxın işçilərin pərdəarxası danışıqlarından elə məlum olur ki, G.Cəfərova da Səhiyyə Nazirliyinə hər ay “taksa” ödəyir. Əgər belədirsə, başqa söz tapmaq olmur, əgər belə deyilsə, o zaman nazirliyin adını qaralamaq bu xanımın nəyinə lazımdır? Nə maraq güdür ki, bütün qanunsuz hərəkətlərini, cinayətlərini nazirliyin adına bağlayır? Xəstələr də əlimizdən bezardırlar. Müraciət etməyə peşmandırlar. Bahalı dərmanlar bir yandan, həkimin rüşvəti də o biri yandan. Ona görə ölkədə zöhrəvi xəstəliklər sürətlə yayılır ki, müayinə üçün xəstələrdən küllü miqdarda pul tələb olunur. Onların isə buna gücü çatmır”.

Müsahibimiz öz adı ilə artıq Səhiyyə Nazirliyinə, Prezident Aparatına, hüquq-mühafizə orqanlarına şikayət məktubu göndərdiyini dedi:

“Düzdür, mənə dedilər ki, əgər şikayət eləsən, birinci sənin özünü işdən çıxaracaqlar, amma daha dözmədim. Əgər mənim qanuni haqlarımı tələb etməyim, işimdən olmağıma gətirib çıxaracaqsa, mən sonunadək getməyə hazıram. Hələ dispanserdə baş verənlərin yüzdə birini danışmadım. Baş həkim Gülnarə doxtur yaxamızdan əl çəkməsə, məndə olan bütün “qara məlumatlar”ı bir-bir ictimailəşdirməyə davam edəcəyəm…”

Səhiyyə Nazirliyinin ətrafında dolanan rüşvət qalmaqalı səngimək bilmir. Əsasən də pulsuz xidmətin göstərilməli oldugu klinika, xətəxana və polikilinikalarda, eləcə də dispanserlərdə.
Əhali isə tibb personalının tələb etdiyi rüşvəti versə də, sağlamlığına qovuşa bilmir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi mətbuat xidmətinə müraciət etdik. Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 3 sayli Uşaq dəri-zöhrəvi dispanserində səhiyyə nazirliyinin adindan rüşvət yığılması hadisəsi qətiyyən mümkün deyil: “3 saylı Uşaq dəri-zöhrəvi dispanserinin baş həkimi elə səriştəli və professional mütəxəsisdir ki, heç vaxt belə hala yol verməz. Elə bir şey olsaydı, bizə müraciət edərdilə, fikrimizi öyrənərdilər. İndi o zaman deyil, kiminsə nədənsə şikayəti varsa, həmən məlumat verirlər”-, deyə o bildirib.

az24saat.org

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top