ABUTALIBOVUN KÜRƏKƏNİ MİLYONLARLA MANAT DƏYƏRİ OLAN ƏRAZİNİ NECƏ ZƏBT EDİB? – YENİLİK.AZ

ABUTALIBOVUN KÜRƏKƏNİ MİLYONLARLA MANAT DƏYƏRİ OLAN ƏRAZİNİ NECƏ ZƏBT EDİB?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Hurriyyet.org saytında dərc olunan “Hacıbla Abutalıbovun qohumu Binədə milyonlarla manatlıq ərazini zəbt edib” və “Abutalıbovun qohumunun daha bir obyekti aşkar olundu – Vüsal Cəfərovun “Yeni Günəşli”sinin videosu” sərlövhəli yazılarla oxucularımız artıq tanışdır. Birinci məqalədə qeyd olunurdu ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş başçısı Hacıbala Abutalıbovla, yaxın qohumu, keçmiş köməkçisi Cəfərov Vüsal İdris oğlun şərikli torpaq sahəsi olan “Binə” Hava Limanı yaxınlığındakı sözügedən ərazi BŞİH-in vəsaiti hesabına hasarlanıb: “Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş başçısı Hacıbala Abutalıbovun və yaxın qohumlarının Bakının müxtəlif ərazilərində torpaq sahələri və milyon manatlarla dəyəri olan obyektləri olduğu kimsəyə sirr deyil. Hurriyyet.org-un oxucularına təqdim etdiyi bu videoda göstərilən ərazi isə H.Abutaılova aid olduğu çoxlarına bəlli olmayan torpaq sahələrindədir. Binə atçılıq qəsəbəsində, Hava Limanının arxasında yerləşən və hündür hasarla əhatəyə alınmış bu ərazinin Hacıbala Abutalıbovla qohumu, keçmiş köməkçisi Cəfərov Vüsal İdris oğluna məxsus olduğu bildirilir.

Sakinlər deyir ki, sözügedən torpaq sahəsi təxminən 6,5 hektardır. Ərazi keçmiş BŞİH rəhbərinin qohumu Vüsal Cəfərov tərəfindən hasarlanıb. Hasar hündür oldğundan içəridə nə tikildiyi sakinlərə aydın deyil. Lakin o məlumdur ki, tikinti işləri BŞİH-in vəsaiti, texnikası və işçi qüvvəsi hesabına aparılıb. Bu iddia ilə çıxış edən sakinlərin sözlərinə görə, V.Cəfərov H.Abutalıbovun ən etibar etdiyi ortaqlarından hesab olunur. Bu baxımdan, birinci ona arxalanaraq xüsusən də Suraxanı rayonunda bir çox torpaq sahələrini qeyri-qanuni yollarla ələ keçirib, hətta qanunsuz olaraq çoxsaylı söküntü işlərinə də göstəriş verib. Hansı ki, bunun nəticəsində onlarla ailə evsiz qalıb.

Videodan da göründüyü kimi, ucu-bucağı görünməyən torpaq sahəsinə bir neçə yerdən qapı qoyulub. Bu isə, ərazinin ya bir neçə hissəyə bölünərək satılacağını, ya da içəridə müxtəlif tikintilər aparıldığını deməyə əsas verir”.

“Abutalıbovun qohumunun daha bir obyekti aşkar olundu – Vüsal Cəfərovun “Yeni Günəşli”sinin videosu” sərləvhəli yazıda isə Vüsal Cəfərovun növbəti obyektinin video-görüntüsü təqdim olunmuşdu. Qeyd etmişdik ki, Suraxanı rayonunda, “Aura” şadlıq evinin yanında yerləşən və “Yeni Günəşli” adı verilən obyekt məclis evi kimi istifadə olunur və burada yas mərasimləri keçirilir. Məlumata görə, bu ərazidə torpağın bir sotunun qiyməti 30-50 min manat çivarındadır.

Yazının sonunda isə onu da vurğulamışdıq ki, V.Cəfərovun həmin ətrafda daha bir neçə bahalı obyekti var və həmin obyektlərin də görüntülərini oxucularımıza təqdim edəcəyik.

Məlumat üçün bildirək ki, Hacıbla Abutalıbovun və yaxın qohumu Vüsal Cəfərovun Bakı şəhərində zəbt etdikləri qanunsuz torpaq sahələri və dövlətin pulu ilə tikilərək özününküləşdirilən obyektləri ilə bağlı araşdırma apararkən, əməkdaşımız keçmiş merin kürəkəninə məxsus daha bir milyonluq ərazini üzə çıxarıb. Bu ərazi də Vüsal Cəfərovun obyektinin yaxınlığında, “dörd yol” adlanan yerdən Günəşli istiqmətinə gedərkən sağ tərəfdə yerləşir. Suraxanı rayonu ərazisində yerləşən həmin torpaq sahəsinin bir sotunun qiyməti hazırda 40-50 min manatdır. Videoda gördüyünüz bu hasarlanmış ərazi onlarla sotdur. Bu isə torpaq sahəsinin qiymətinin milyonlarla manat olduğunu deməyə əsas verir.

Bildirilir ki, Hacıbala Abutalıbovun kürəkəni torpağən əsl sahibinə zor tətbiq edərək bu ərazini ələ keçirib. Hətta bunun üçün saxta çıxarış hazırlatdığı da bildirilir. Məlumata görə, sözügedən vətəndaş ona məxsus qanuni torpaq sahəsinin qanunsuz olaraq zəbt olunmasına etiraz etsə də, onu hədə-qorxu yolu ilə susmağa məcbur ediblər. İddia olunur ki, bu işdə də məhz Vüsal Cəfərov “baş rolda” olub. Belə ki, torpağın ələ keçirilməsi və saxta sənəd çıxarılması onun tərəfindən həyata keçirilib.

P.S. Təbii ki, bizim təqdim etdiyimiz bu faktlar sadəcə “aysberqin görünən tərəfidir”. Yaxın vaxtlarda Hacıbala Abutalıbova və qohumlarına aid torpaq sahələri və obyektlərlə bağlı bir çox faktları dəyərli oxucularımıza təqdim edəcəyik. Hansı ki, bu torpaq sahələrinin hamısı ən yaxşı halda dövlət büdcəsinə qəpik-quruş ödəməklə ələ keçirilib. Çoxsaylı obyektlər isə BŞİH-in vəsaiti və işçi qüvvəsi hesabına tikilib.

Nəzərə alsaq ki, ölkə başçısı Nazirlər Kabinetinin sonuncu toplantısında qanunsuz tikililərlə bağlı sərt göstərişlər verdi və bunun nəticəsi olaraq artıq iki rayonun – Sabunçu və Xətai rayon icra başçılarının yaxın adamları həbs olundu, zənnimizcə, tezliklə Hacıbala Abutalıbovun yaxın ətrafı da öz qanunsuz əməlləri ilə bağlı qanun qarşısında cavab verməli olacaqlar. Bu günün isə çox da uzaqda olmadığına əminik.

Hurriyyet.org

Xalqxeber.az

Related Articles