İNSANLIQ DƏRSİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

Dünən məktəbdə bir hadisə mənə çox pis təsir etdi.Dərsin maraqlı yerində əlaçı şagirdlərimdən birinin,başını oturduğu partanın üstünə qoyub,üzünü gizlədərək için-için ağladığını gördüm.Yaxınlaşıb,niyə ağladığını soruşanda onunla eyni partada oturan şagird yoldaşı dedi ki, “müəllimə, rəfiqəmin bir həftədi dişi ağrıyırdı amma bu gün daha möhkəm ağrıyır”.
Mən dişi ağrıyan balaca qızcığazın həkimdən qorxduğu üçün xəstəxanaya gedib , çürümüş, yararsız hala düşmüş dişini çəkdirmək istəmədiyini zənn etdim.
“Qızım, niyə gedib dişini çəkdirmirsən,niyə bir həftədi bu şiddətli ağrıya dözürsən” dedim.
Qızcığaz az qala pıçıltılı səslə cavab verdi ki, “müəllimə, atam gözətçi işləyir, maaşını alsın aparıb dişimi çəkdirəcəklər.Hələ ki evdə pulumuz yoxdur”…
Mən uşağın bu sözlərinə özümü ağlamaqdan güclə saxladım.Dərsdən sonra bütün uşaqları evə yola salıb, dişi ağrıyan şagirdimlə məktəbdən birbaşa həkimə getdim.Həkim uşağın dişinin yararsız halda olduğunu ,mütləq çəkilməli olduğunu dedi. “On beş manata çəkirəm,uşağın xatirinə on manata çəkərəm” deyib minnətli baxışlarla bizi süzdü.Əlimi pencəyimin cibinə atdım.Qızıma əlavə kitablar ,testlər almaq üçün səhər qonşudan borc aldığım 15 manatı sanki Allah xeyirli əməl üçün yetirmişdi.Nə yaxşı ki ,cibimdə pul varmış,nə yaxşı ki dişi ağrıyan qızcığazı evlərinə o vəziyyətdə yola salmadım deyə,düşüncələrə dalmışdım ki ,həkimin səsinə ayıldım.”Gedə bilərsiz” dedi.Balaca şagirdim gülümsəyərək üzümə baxırdı.Üz gözündən rahatlıq ,sevinc yağırdı.Mən On beş manatı həkimin stolunun üstünə qoyub,şagirdimlə otaqdan çıxdıq.Hər ikimiz rahat idik.Qızcığazın dişi,mənim ruhum rahat idi.Bir azca uzaqlaşmışdıq ki arxadan həkimin səsini eşitdik.”Axı dedim uşağa görə on manata çəkərəm”.
“Mənim şagirdimin kiminsə minnətli “sədəqəsinə” ehtiyacı yoxdur dedim və xəstəxanadan uzaqlaşdıq.Şagirdim həkimə dediyim sözdən sonra əlimi daha bərk -bərk sıxaraq məmun halda addımlayırdı…

P:S-Bu hadisəni qələmə alıb,paylaşmaqda məqsədim o deyil ki,dünən etdiyim bu cüzi insanlıq borcuma görə məni tərif edəsiniz,yox əsla!
Bu yazını paylaşmaqda məqsədim odur ki ,milyonlar sahibi olan,xalqın malını talamaqdan doymayan bəzi məmurlar bilsinlər ki, pul sayəsində həyatda çox şey əldə edə bilsələr də,o haram pulları onları, mənim qonşudan borc alıb, cüzi yaxşılığa xərclədiyim həmin “on beş” manat qədər xoşbəxt edə bilməyib.Çünki kiməsə etdiyin yaxşılıqdan aldığın mənəvi qida qədər heç nə xoşbəxt edə bilməz adamı.

Arzu Göytürk, müəllimə,şairə

Related Articles

+994 50 295 94 79
top