KOMADA OLAN APREL QAZİSİNİN AİLƏSİ PA-YA YÜRÜDÜ: “CƏNAB PREZİDENT, QOYMAYIN ÖLSÜN…” – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Aprel döyüşlərində gözündən yaralanmış qazimiz Qoşqar Hacıyev bir neçə aydır ki, koma vəziyyətindədir

Cahan.info-nun verdiyi məlumata görə, qardaşı sosial şəbəkələrdə çağırış edib.

Qazinin qardaşı bildirib ki, heç kəs onlara kömək etmir: “Həkimlər qardaşımın dərdini bilmirlər. Nə üçün komaya düşməsindən başları çıxmır.

Heç bir dövlət orqanından dəstək yoxdur. Ay millət, kömək edin. Nazirlər, məsul şəxslər prezidentə məlumat vermirlər. Qardaşımı ölməyə qoymayın”.

Qazimiz mart ayında əməliyyata gedəndə “Millətim üçün varam, mənimçün dua edin” demişdi. Qazimizin indi də bizim dualarımıza və maddi dəstəyinə ehtiyacı var.

Bundan sonra qazinin qardaşı və yaxınları Prezident Administrasiyasına əldə qazinin fotoları ilə yürüş ediblər, dövlət başçısından kömək istəyiblər. Onlar bildiriblər ki, Müdafiə Nazirliyi və digər strukturlar aprel qazisinin müalicəsi üçün heç bir lazımi tədbir görmürlər.

Məmurların harın həyat tərzi, xalqın milyonlarını qəsb edib eyş-işrət yaşaması azmış qazilərimizə də susqun qalırlar. Onlara kömək etmək, xərclərini ödəmək belə istəmirlər.

Bu qədər laqeydlik, biganəlik hardandır? Nə üçün canını vətən üçün fəda edənlərə belə etinasızlıq göstərilir?

İnsanları, qaziləri dövlətdən narazı salan məmurlar əslində prezidentin siyasətinə xəyanət edirlər. Ümumiyyətlə, aprel qaziləri məmur özbaşınalıqlarından, biganəliyindən tez-tez şikayətlənirlər.

Məsələn, Daşkəsən icra başçısı Əhəd Abıyev aprel qazisini mənzil fırıldağı ilə üzbəüz qoymuşdu. 2016-cı il aprel döyüşlərində əsl qəhrəmanlıq sərgiləyən, Azərbaycan əsgərinin gücünü düşmənə bir daha sübut edənlərdən biri isə Ağayev Yaşar Təvəkkül oğlu idi.

Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva Aprel döyüşlərində yaralanmış qazilərin müalicəsi ilə bağlı xüsusi tapşırıq verib. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar laqeydlik göstərir və bu tapşırıqların yerinə yetirilməsinə diqqət ayırmır.

Məmurların, icra başçılarının şəhid ailələrinə, Qarabağ qazilərinə qarşı xoşagəlməz münasibəti insanların, xüsusilə gənclərin vətənpərvərlik ruhunu aşağı salır.

Qarabağ qazisi Natiq Mehdiyev bildirmişdi ki, bu hadisələrin tək elektron mediada, qəzet və jurnallarda dərc olunması kifayət etmir:

“Şəhid ailələrinə, qazilərə qarşı hərəkətləri televiziyalarda daha geniş tənqid olunmalıdır. Bu özbaşınalıqlara qarşı xüsusi mərkəz olmalıdır ki, insanlar məmurlardan şikayətlərini bura ünvanlasın. Şəhid ailələri, qazilər yalnız media vasitəsi ilə müraciət edə bilir, halbuki özümüz deyir, özümüz də eşidirik.

Sırf bu şikayətlərə baxacaq orqan yaradılmalıdır. Hər kəs yaxşı bilir ki, şəhidlərin, qazilərin sayəsində belə rahat yaşaya bilirik.

Onlar öz canından keçməsə idi, ermənilər bəlkə də çox ərazilərimizi işğal edərdi. Şəhid ailələrini, qaziləri incidən məmurlar bunu anlamır.

Ona görə, bu qədər əziyyət çəkməli oluruq”.

Bir müddət əvvəl xəbər yayılmışdı ki, Daşkəsən rayon icra başçısı Qarabağ qazisi Arzu Məmmədovun 20 min manat pulunu mənimsəyib.

Həmin məsələ də mübahisəli olaraq qaldı. Hansı tərəfin haqlı olduğu üzə çıxarılmadır. Ortada olan isə, belə hadisənin insanlarda yaratdığı ruh düşkünlüyüdür.

Qeyd edək ki, aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayev ailəsinin yaşayışının yaxşı olmadığını, kiçik daxmada yaşadıqlarını demişdi.

Zərdab rayon icra başçısına müraciətlərinin cavabsız qaldığını və Böyükdəkkə kənd orta məktəbinə şəhidinin adının verilməsi məsələsinə müsbət yanaşılmadığını söyləmişdi.

Məzarın üzərindəki bayrağın götürülməsinə etiraz etdiyini vurğulamışdı. Yəni, məmurların aprel qazilərinə qarşı olan münasibəti ilk belə hal deyil.

Related Articles

+994 50 295 94 79
top