BİNƏQƏDİDƏ QALMAQAL YAŞANIR: – TİKİNTİ ŞİRKƏTİ “HAQLIYAM” DEYİR, SAKİNLƏR İSƏ İTTİHAM EDİR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Binəqədi rayonu Faiq Rüstəmov küçəsinin bir qrup sakini yollarının “İnam İnşaat 555” tikinti şirkəti tərəfindən bağlanmasına etiraz edir.

Sakinlər iddia edirlər ki, adıçəkilən şirkəti tikinti qaydalarını pozaraq, onların həyatını təhlükə altına alır. Onlar bu barədə aidiyyatı qurumlara məlumat verdiklərini də bildirirlər: “Bütün qurumlara şikayət etmişik. Binanın inşa edən şəxslərdən biri olan Nazim adlı şəxs bizə dedi ki, “hara istəyirsiz, şikayət edin, 15 il həbs yataram, amma sizin sözünüzü saymayacam”. Dünən Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi gəlib işi dayandırdı. O gedən kimi işi yenidən başladılar”.

Faiq Rüstəmov küçəsinin sakinin Yusif Mehrəliyevə isə daha çox zərər dəyib. Belə ki, şirkət ona məxsus fərdi evi demək olar ki, yarasız hala salıb. Şirkət tərəfindən qazılan bünövrə Mehrəliyevin evinin divarlarını uçmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub.

Y.Mehrəliyevin sözlərinə görə, evi yaşamaq üçün təhlükəli vəziyyətə düşüb: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evə baxış keçirmişdi. Bizə bildirdilər ki, “köçün, burada yaşamaq təhlükəlidir, evin divarları hər an uça bilər”. Amma biz evimizi qoyub hara gedə bilərik ki?”

Şikayətçi Tahir Dadıyev isə bildirir ki, əgər ərazidə yeni 16 mərtəbəli bina tikilsə, onların evləri və həyatları təhlükə qarşısında qalacaq: “Maraqlısı budur ki, biz bu şəxslərə etirazımızı bildirəndə, deyirlər ki, “gedin, kimə istəyirsiniz, şikayət edin”. Yəni bizi saymırlar. Vəziyyət çox təhlükəlidir. Biz burada qorxa-qorxa yaşayırıq. Uşaqlarımız səs-küydən yata bilmir”.

Yaxınlıqda yaşayan Tural Qarazadə də qeyd edir ki, şirkət uzun müddətdir yaxınlıqda bina tikintisini davam etdirir. Tikinti zamanı bir neçə evə zərər dəyib. Ancaq şirkət buna əhəmiyyət vermir.

Sakin Ramil Məmmədli də ərazini sakinlər üçün təhlükəli hesab edir. Onu da qeyd edir ki, tikinti şirkətinin bünövrə qazdığı ərazidən F.Rüstəmov küçəsinə gedən su boruları keçir. Hətta sakinlər onu da iddia edirlər ki, qazıntılar zamanı su boruları sıradan çıxıb, sonradan təmir edilib.

“İnam İnşaat 555” MMC-dən isə Sputnik Azərbaycan-a bildirildi ki, şirkətin apardığı bütün tikinti işləri qanun çərçivəsində həyata keçirilir: “Yola keçmirik. Bizim tikinti yoldan ən az 3 metr aralıdır. Yol bizim deyil ki, biz bağlayaq. Əvvəldən çıxarışla torpağımız haradan olubsa, həmin yerdən sərhədimizi çəkmişik. İndi sakinlər düşünürlər ki, guya biz onların gələcəkdə yollarını bağlayacağıq”.

Şirkətin əməkdaşından onu da öyrəndik ki, bünövrə qazılan yerdə 16 mərtəbəli bina tikiləcək: “Bütün qurumlardan icazəmiz var. Bu günə kimi heç bir təşkilat gəlib işimizi dayandırmayıb. Ola bilər ki, özümüz hansısa səbəbdən işi dayandıraq. Amma bütün gördüyümüz işlər qanun çərçivəsində olduğu üçün heç kim bizə müdaxilə etməyib. Gördüyümüz bütün işlər aidiyyatı qurumların icazəsi ilə həyata keçirilir”.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top