AGENTLİK ÖLKƏDƏKİ “QİDA MAFİYASI” İLƏ BACARMIR – QALMAQAL

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Millət vəkili Çingiz Qənizadənin Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə bağlı verdiyi açıqlama içtimai maraq doğurub.

Belə ki, o, bu Agentliyin fəaliyyətinə və monitorinqlər aparmasına əngəl törədən qüvvələrin olduğunu deyib. Deputatın sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyinə, əməkdaşlarına qarşı iyrənc yolla pul qazanan mafiya başçıları qarayaxma kampaniyası aparır, onları gözdən salmağa çalışırlar: “Qoyun, agentliyin əməkdaşları istənilən mağazalara daxil olub, orada vaxtı keçmiş məhsullar, zərərli qidalar və digərləri haqqında protokol tərtib etsinlər. Gəlin, hamımız bu quruma dəstək olaq ki, bazarlarda yad məhsulların çıxarılmasına mane ola bilək”.

Çingiz Qənizadə həmçinin, qida təhlükəsizliyi ilə məşğul olan şəxslərin əmək haqlarının aşağı olması məsələsinə də mövqe bildirib: “Dünənə qədər hamımız narahat idik ki, nəyə görə, bazarlara nəzarət yoxdur. Bu, hamımızı narahat edirdi. Sağ olsun cənab prezident belə bir qurum yaradaraq, onlara geniş səlahiyyətlər verib ki, ölkədə qida təhlükəsizliyini təmin etsin. Amma hər birimiz bilirik ki, onların əmək haqları azdır. Əgər biz onların maraqlarını təmin etməsək, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan məqsədə nail ola bilməyəcəyik. Biz onlara yaşıl işıq yandırmalıyıq”.

Xatırladaq ki, ölkəmizdə qida sektoru ilə bağlı qalmaqallı açıqlamaların yayılması birinci dəfə deyil. Bir qədər öncə də vatsap mobil əlavəsi vasitəsilə bəzi məhsulların ziyanlı olması barədə səs yazısı yayılmışdı.

Qida sektorunda böyük, monopolis şirkətlərin fəaliyyət göstərməsi sirr deyil. Bu kimi şirkətlərin ərzaq qiymətlərini nəzarətdə saxladığı da bildirilir. Bu baxımdan Çingiz Qənizadənin monopolist şirkətləri nəzərdə tutduğu ehtimal oluna bilər.

İqtisadçı ekspert Natiq Cəfərli “Cümhiriyət” qəzetinə verdiyi açıqlamasında bildirib ki, bu sahədə millət vəkillərinin informasiyaları daha əsaslı ola bilər: “Millət vəkillərinin hüquq mühafizə orqanlarına sual vermək və onlardan suallarına cavab almaq hüquqları var. Bizim bildiyimiz odur ki, qida sektorunda ciddi inhisarçılıq var.

Dəfələrlə açıqlamalarımız olub ki, əsasən ərzaq məhsullarının ölkəyə gətirilməsi və satışında, topdan satış şəbəkəsinin təşkilində ciddi inhisarçılıq var. Pərakəndə satış inhisarda deyil, istənilən şəxs market aça, satış təşkil edə bilər. Amma paylayıcı və ölkəyə məhsul gətirən şirkətlərin çoxu inhisarçı şirkətlərdir. Deputat əgər onları nəzərdə tutursa, fikirlərinə açıqlama gətirməlidir. Başqa qüvvələr varsa, bununla bağlı cəmiyyəti də bilgiləndirsə yaxşı olar”.

xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top