“MİLLƏT VƏKİLLƏRİNƏ HİMNİMİZİ DİNLƏYƏCƏK QƏDƏR SƏBR ARZULAYIRAM” – CAVANŞİR QULİYEV

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli dövlət himninin həcminin azaldılmasını təklif edib.
O bildirib ki, dünya ölkələrinin əksəriyyətində dövlət himnləri iki dəqiqə səsləndirilir: “Ancaq bizdə dövlət himni dörd dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır”.
Məsələ ilə bağlı Open.az-a açıqlama verən əməkdar artist, bəstəkar Gövhər Həsənzadənin sözlərinə görə, dövlət atributları artıq təsdiq edilib: “Onların dəyişdirilməsi və əvəz edilməsinin tərəfdarı deyiləm. Bununla razı ola bilmərəm. Artıq neçə dəqiqə olmalıdır, necə olmalıdır? Bu, illər öncə təsdiq olunub. Bu məsələni heç müzakirəyə çıxartmaq düzgün deyil”.
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirib ki, o, dəfələrlə millət vəkillərinə himn haqqında danışmazdan öncə bir musiqiçilərlə məsləhətləşmələrini tövsiyyə edib: “Cavab aldıqdan sonra açıqlasınlar. Əvvəla, Üzeyir bəyin 1945-ci ildə yazdığı Sovet Azərbaycanının himni janr baxımından himn deyil, marşdır. Çünki müharibədən çıxmış ölkəyə, bəlkə o zaman marşvari himn lazım idi. İkincisi, bizim indiki himnimizin musiqi qurğusu (forması) bənd forması deyil, açıq-keçici musiqi formasıdır. Yəni, onu fiziki olaraq belə bölmək mümkün deyil, ya tam çalınacaq, ya da heç calınmayacaq. Himnimizin son ifa versiyasında bir az sürəti artırıblar, daha çevik olub, səslənmə vaxtı da azalıb. Maraqlananlar dinləsinlər. Üçüncüsü, isə himndə gözəllik axtaranlara demək istəyirəm ki, himn ilk olaraq siyasi atributdur, gözəl olmaq məcburiyyəti yoxdur. Gözəl olmaq onun ikinci vəzifəsidir, o da ki, bizim himndə artıqlamasıyla var. Bu fikirlə razı olmayanlara məsləhət görərdim ki, internetdə dünya ölkələrinin himnlərinə bir qulaq assınlar, tənbəllik etməsinlər. Bizim himn onların içində ən gözəllərindəndir. Bəlkə ABŞ, Rusiya və Türkiyənin himnləri bizimkinə bərabər ola bilər. Millət vəkillərinə isə ən azı himnimizi dinləyəcək qədər səbr arzulayıram”.

Related Articles

+994 50 295 94 79
top