APREL QAZİSİNDƏN ŞİKAYƏT: “APTEKDƏ 17 MANATLIQ DƏRMANI MƏNƏ 22 MANATA SATDILAR”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bildiyimiz kimi, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Tarif Şurasına dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və qiymətlərə nəzarətin həyata keçirilməsi tapşırılıb. Artıq 3 ildir apteklərdə dərmanların satışı ilə bağlı vahid qiymət tətbiq olunur və bu qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Təəssüf ki, bəzi hallarda apteklərdə satılan dərmanların qiyməti Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlərdən fərqli olur.
Bu günlərdə belə bir vəziyyətlə Aprel qazisi Azər Məmmədov qarşılaşıb. Aptekdə dərmanların Tarif Şurasının müəyyən edilən qiymətlərdən fərqli qiymətə satılması halı ilə qarşılaşan Aprel qazisi Azər Məmmədovun yeniavaz.com-a verdiyi məlumata görə, övladının xəstəliyi ilə əlaqədar olaraq tez-tez “Ribomunil” adlı dərman alır: “Ötən gün Nəsimi bazarının yaxınlığında yerləşən “Elit” adlı aptekdən həmin dərmanı almaq istədim. Əvvəlcə dərmanın 16 manat olduğunu bildirsələrdə sonradan mənə bildirdilər ki, dərmanın qiyməti 22 manatdır. Etiraz etdim ki, bu dərmanın dövlət qiyməti 16-17 manat arasında olmalıdır. Aptekin işçiləri mənə dedilər ki, bu tapılmayan dərmandır və ona görə də baha satırıq”.
Dərmanı Aprel qazisinə baha satan aptekdən açıqlama: “Qiymət kimi qane etmirsə almasın”
Məsələ ilə bağlı “Elit” apteklə əlaqə saxladıq və aptekdən bildirdilər ki, bu dərmanı onlar 21 manata aldıqları üçün 22 manata satmaq məcburiyyətindədilər: “Biz heç kimi məcbur etmirik, qiymət kimi qane etmirsə almasın”. Biz dərmanların Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlərdən fərqli qiymətə satılmasının qanun pozuntusu olduğunu xatırlatdığımı zaman isə bildirdilər ki, bu dərmanı tapmaq çətindir: “Əgər Tarif Şurası qiyməti müəyyən edirsə, onda dərmanları da Tarif Şurası tapıb bizə versin. Biz bu dərmanları çətinliklə tapırıq və ona görə də baha satırıq”.
Məlumat üçün bildirək ki, haqqında bəhs olunan “Ribomunil” adlı dərman Tarif Şurasının qərarına əsasən 29.11.2016-cı il tarixindən etibarən ölkə ərazisində vahid qiymətə – 16,68 manata satılmalıdır. Bu dərmanın topdansatış qiyməti isə 13,9 manat müəyyən edilib.
Onu da bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsində qeyd olunur ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top