BAKIDA QULAĞINA POMADA SÜRTÜLMÜŞ BALIQ SATIRLAR… – REPORTAJ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
“Balıq var, balıq, təzə balıq…” Bu çağırış çoxumuza tanışdır. Məhəlləmizdə, binamızın həyətində belə səyyar satıcılara rast gəlirik.
Bazara getməyə vaxt olmayanda və ya bir az tənbəllik edəndə balığı onlardan alırıq. Amma təzə balığı necə seçmək olar, haradan almaq məsləhətlidir, bunları hamımız bilirikmi?
Bu suallarla səhər-səhər üz tutduq Keşlə bazarına.
Öncə balıqların topdansatışını həyata keçirən bölməyə yaxınlaşıram. Gün təzə başladığı üçün işləri çoxdur, çünki balıqlar səhər saatlarında dükan- bazara verilir.
Deyirlər ki, bu il balıq bol və ucuzdur. Bazarda balıq satışı ilə məşğul olan Rəşad Qocayevlə söhbətləşirəm. Hər gün tonlarla balıq gəldiyini desə də satışdan şikayətlənir: “Çünki çox ucuzdur. Hər qiymətə balıq var. Adətən, 3-5 manat arasında dəyişir. Ən baha balıq topdansatışda 5 manatdır”.
Bura daha çox dəniz balığı gətirirlər: “Biz gedib Astarxandan özümüz balıq gətiririk. Bütün bazarlara, restoranlara, kafelərə balıq burdan gedir”.
Məhərrəmlikdən sonra toyların artdığını və balığa tələbatın çoxalacağını deyəndə bildirir ki, toy üçün ən çox kütüm balığı alırlar, o da bizdə yoxdur.
Naxçıvan balığını soruşanda: “Naxçıvandan balıq gətirilmir, qiymətlə uyğunlaşa bilmirlər” cavabını verir: “Gördüyünüz bütün bu balıqlar təxminən Naxçıvan balığı ilə eyni dadda, eyni sortdadır. Amma qiymətdə fərq var. Bizə Astarxandan gəldiyi üçün “tonnaj”ı yuxarıdır, qiymət ucuz düşür. Naxçıvandan az gəlir deyə qiymət baha olur, ona görə də fərqlidir. Bura Azərbaycanın bölgələrindən yetişdirilmə göl balıqları da gəlir”.
Bir çox alıcıları balığın xarab olma müddəti narahat edir. Həmsöhbətimin sözlərinə görə, burda balıq tez satılır: “Bizdə balıqlar buzda gətirilir, hamısı təzədir. Bura gələnə kimi gömrükdə həkim yoxlayır, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də yoxlayır, bazarda 3 həkimimiz var, hər gün balığı yarır, analiz edir. Neçə ildir bu bazarda balıq satılır, hələ kimsə gəlib şikayət etməyib ki, zəhərlənmə baş verib. Köhnə balıqları özümüz satışdan çıxarırıq. Bir-iki gün satış zəif gedirsə, köhnə balıqları seçib kənara qoyuruq. Əks halda bazarda işləyə bilmərik”.
Satıcı Aqildən burda ən çox satılan balıq növlərini soruşuram: “Ən çox sazan balığı, belamur, bir də xanı balığı satılır. Qiyməti ucuzdur, həm də boldur. Xanı balığı 2 manat 50 qəpik, 3 manatadır, uzağı üstünə 50 qəpik qoyub satırıq”.
Bazarın içərisinə topdan deyil, kiloyla balıq satanlar da var. Bir az kənarda dayanıb müşahidə edirəm. Səhər saatları olduğu üçün alıcı azdır. Hüseyn adlı satıcı deyir ki, indi tezdir, insanların çoxu saat 12-dən sonra bazara gəlir: “Saat 1-2 arası adam çox olur. Ən çox alıcı isə şənbə-bazar gəlir”.
Kilosu 5 manatdan başlamış 12 manata qədər balıq var.
Yoldaşı ilə balıq almağa gəlmiş bir qadın qılçıqlı balıq istəmir. Satıcı cəld istədiyi balığı təmizləyir, doğrayır və verir. Hərəkətlərindən bu işlə çoxdan məşğul olduğu bilinir. Müştərini yola salır, danışırıq.
Faiq Hacıyev 21 ildir balıq satışı ilə məşğuldur, 18 ildir Keşlə bazarındadır. Deyir, əvvəllər bazar olmayanda küçə alveri vardı, orda bir piştaxta qoyub işləyirmiş: “Qayda-qanun yarandı, bazarlar açıldı, gəldim bazara. Bəlkə də balıq yeyənlərin 70 faizində mənim nömrəm var. İstədiyi vaxt sifariş verir, istədikləri balığı gəlib məndən alırlar.
Təbii və yetişdirilimiş balığımz olur, məsləhətlərimizi də əsirgəmirik. Əlbəttə, təbii şəraitdə yetişdirilən balıq daha yaxşıdır, broyler ayrı şeydir”.
Adətən deyirlər ki, “r” hərfi olmayan aylarda balıq yemək olmaz, buna görə yayda balıq alanlar azalır. Faiq bu fikirlə razılaşmır, çünki əksinə, yayda təbii balıq daha çox olur: “Yayda bazara yetişdirmə balıq çıxarılmır, dərmanı apreldə tökür, yekəldir və sentyabrda yetişmiş balığı satmağa başlayırlar. Yayda nə balıq olursa, təbiidir.
Onu da bilin ki, “r” hərfi ilə olmayan aylarda balıq yemək yolverilməzdir fikrini qədim zamanlarda, soyutma sistemi olmayanda deyiblər. Kökündən yanlışdır. İndi hər bir şərait var, balığı hər zaman yemək olar. Soyuducu var, ora yığmışam, orta dərəcədə nə donur, nə də keyfiyyət itir”.
Faiqin alıcısı çoxdur, çatdıra bilmir deyə özünə köməkçi də götürüb. Mən isə sual verirəm: Alıcılar balıq alanda nəyə diqqət etməlidirlər?
“Bunun üçün balığı barmaqla yoxlamaq lazımdır. Barmaqla yoxlanılan yer yenidən dolursa, izi qalmırsa, bu, təzə balıqdır. Bir də qulağı qırmızıdırsa, təzədir”.
Bir alıcı söhbətə müdaxilə edərək deyir ki, balığın qulağına pomada sürtüb satanları da olur. Satıcı gülə-gülə cavab verir: “Yaş balıq pomada götürmür, bunu küçədə satanlar edir”.
Satdığı balığı təmizləyən balıqçı bildirir ki, evdə onu təmizləmək çətin ola bilər, mətbəx batar: “Mən balığı təmizləyib, doğrayıb hazır verirəm. Buna görə əlavə pul da almıram…”
Uzun müddət dənizdə işləyən, indi isə balıq satmaqla məşğul olan kişi deyir ki, özü kimi evdə uşaqlar da balığı çox sevir: “Küçələrdə satılan balıq təhlükəlidir, heç vaxt almıram. Gərək insanın tanıdığı, güvəndiyi satıcı ola”.
Bir nəfər alıcı farel balığı soruşur, satıcı cavab verir ki, farelin kilosu 13 manatdır, içi də təmizlənir: “Xırdaları 12 manata olur, marketlərdə isə 17 manatdır. Həm də içalatı içində olur. Marketlərdə balıq qara olanda çoxu düşünür ki, təzədir. Misal üçün, belamurun ölüsü sarı olur, suyun içində isə qapqara görünür. Yəni buna da aldanmaq olmaz”.
Məni Naxçıvan balığının satıb-satmaması maraqlandırır. Həmsöhbətim soyuducunu açıb göstərir ki, Naxçıvandan gələn xan balığıdır: “Sadəcə qiymət fərqlidir, o biri balıqlardan 1 manat baha olur, o da uzaq gəldiyi üçün”.
Sağollaşıb ayrılanda satıcı deyir ki, süfrəyə çay, qonağa pay deyərlər, balıq apar. Təşəkkür edib yolumu şəhərdə fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazasına salıram. Məqsədim Naxçıvan balığı haqda məlumat öyrənməkdir.
Mağazanın rəhbəri Emin Tarverdiyevin sözlərinə görə, Bakıda bəzi işbazlar Naxçıvan balığı adı ilə Dağıstandan gətirilən balıqları satırlar: “Naxçıvan sazanı digər bölgələrin sazanından daha dadlı olur. Ona görə də bu balığa Bakıda tələbat çoxdur. İşbazlar bundan istifadə edərək, müştərilərə başqa bölgələrin sazanını Naxçıvan sazanı adı ilə satırlar.
Naxçıvan sazanının qiyməti baha olması ilə də seçilir. Bunun səbəbi uzaq məsafə, təyyarə xərcləridir. Bizdə Naxçıvan sazanının qiyməti 11-13 manat arasında dəyişir. Necə ola bilər ki, Bakıya gəlişinin maya dəyəri 10 manatdan artıq olan Naxçıvan sazanını kilo-kilo 8-9 manata satsınlar? Müştərilərə tövsiyə edirəm ki, balıq alarkən diqqətli olsunlar”.
Mağaza rəhbəri deyir ki, hazırda Naxçıvandan Bakıya böyük çəkidə, yəni biri 3 kilodan yuxarı sazan balığı gəlmir.
Araşdırmalara görə, balıq yemək ürək xəstəliklərində ölüm riskini 36% azaldır. Fizioloji normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq yeməlidir.
Xüsusilə qış aylarında balıq yemək olduqca faydalıdır. Amma çalışın, bazar və ya marketlərdən təzə balıq alasınız. Balıq sudan kənar çox qalmağı xoşlamır – dirisi də, ölüsü də…

Related Articles

+994 50 295 94 79
top