Ziya Məmmədovun tikintisi Avtovağzala Sürüşmə təhlükəsi yaradır

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 24
    Shares

Yasamal rayonu, II Alatava qəsəbəsində, Bakı Avtovağzalı Kompleksinin yaxınlığında çoxmərtəbəli binaların tikintisi davam edir.
Uzun müddətdir, adıçəkilən ərazidə tikinti işləri müəyyən səbəblərdən dayansa da, bir neçə gündür yenidən prosesə start verilib. Məlumata görə, bu ərazi sürüşmə zonası hesab olunduğundan tikinti prosesi aidiyyatı qurumların tələbi ilə dayandırılıb. Lakin qeyri-müəyyən əsasla yenidən tikinti davam etdirilir. Daxil olan məlumatda bildirilir ki, II Alatava ərazisində 10-a yaxın yaşayış binası yerləşir. Binalardan bir neçəsi yaşayış üçün tam hazır vəziyyətə gətirilsə də, digərlərində təmir və tikinti işləri davam etdirilir. Yerli sakinlərin XəbərAl.az -a dediyinə görə, əvvəllər bu binalarda mənzil satışı dayandırılsa da, son zamanlar satışa start verilib. Müşahidələrimiz zamanı da binaların həyətində mənzil almaq üçün müraciət edən vətəndaşlar gözə dəydi. Öyrəndik ki, tikinti aparan şirkət Ziya Məmmədova məxsus olan “MAİN Construction” LTD-dir. Müştəri qismində yaxınlaşıb mənzillərin qiymətini öyrənməyə və binalara baxış keçirməyə cəhd etdik. Satış şöbəsinin müdiri Rəfael adlı şəxs bizə uçurumun ən hündür yerində inşa olunan 20 mərtəbəli binanın 7-ci mərtəbəsindən mənzil təklif etdi. Bu mənzil üçün ilkin ödəniş 40 min manatdır, aylıq ödəniş isə 36 ay müddətinə hər ayı 3000 manatdan hesablanır.
Mənzil alacaq olduğumuz bina sürüşmə zonasının ən pik nöqtəsindədir. Binanın bünövrəsindən 30-35 metr aralıda on metrlərlə dərinliyi olan uçurum uzanır. Bakı Avtovağzalı Kompleksindən baxarkən həmin binanın necə təhlükəli yerdə olduğu daha aydın görünür. Alatava sakinləri ilə söhbət zamanı bəlli olur ki, sovet dövründə həmin ərazidə kimsəsiz uşaqlar üçün pansionat yerləşib, lakin sürüşmə zonası olduğundan həmin ikimərtəbəli binanı söküblər: “Bildiyimiz odur ki, 10 ildir bu binaların tikintisi davam edir. 2008-2009-cu ildə ilk iki binanın inşasına başlanıldı. Sonradan ətrafdakı həyət evlərini alıb, binaların sayını çoxaltdılar. 2-3 il fasilədən sonra ərazidə tikinti işləri yenə başladı. Binalar keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Alatava camaatı buranı “Ziyanın binaları” kimi tanıyırlar”. Qeyd edək ki, satış şöbəsinin əməkdaşları da binanın Ziya Məmmədova və qardaşı Elton Məmmədova məxsus olduğunu bildirdilər. Müşahidələrimiz zamanı hazır binalarda çox az sayda ailənin məskunlaşdığının şahidi olduq. 20 mərtəbədən ibarət olan binada sükut hökm sürür. Məhəllə sakinləri bunun səbəbini ərazinin sürüşmə zonası olması ilə əlaqələndirdilər: “Tam hazır vəziyyətdə olan 4-5 bina var. Lakin mənzil almağa gələn yoxdur. Bura barədə tez-tez xəbərlər yayılırdı ki, sürüşmə zonasıdır. Bəlkə də ona görə, camaat qorxur. Sözün açığı bu ərazi sürüşməyə meyilldir. Nə qədər betonlasan da, təhlükə riski böyükdür. Əlavə olaraq sakinlər bildirirlər ki, tikinti materiallarının qırıntıları dəfələrlə yuxarı mərtəbələrdən yerə atılır ki, bu da sakinlərin avtomobillərinə ziyan vurmaqla yanaşı öz həyatlarına da təhlükə yaradır. Mənbə XəbərAl.az -a bildirir ki, binalarda su, işıq, qaz problemi həll olunmur, mütəmadi olaraq kəsilir. Əhaliyə verilən su isə çirkab sudu. Buna baxmayaraq əhalidən kommunal xərclər üçün 1 otaqlı mənzilə 20-30 manat, 2 otaqlı mənzilə 30-40 manat, 3 otaqlı mənzilə 40-50 manat məbləğində pul yığılır. Kommunal xərcləri ödəməyən və ya gecikdirən sakinlərin isə dərhal işıqları kəsilir. Baxmayaraq ki, işıq pulu vaxtıda ödənilir.
Bildiyiniz kimi, Bakı Avtovağzalı Kompleksinin yolu çökdü. Çatlar, yarğanlar əmələ gəldi. Dövlət bu binalara nəzarət etməli, yüzlərlə vətəndaşın həyatı riskə atılmamalıdır”. Fotolarda gördüyünüz benzin maşınının binanın daxilində hansı səbəbdən dayanması, axşam saat 8 -dən sonra arxa qapının bağlanması, vətəndaşların iddiasına görə, Nazim adlı komendantın Məmmədovlar ailəsinə necə ziyan vurmasını növbəti yazımızda araşdırıb qeyd edəcəyik. Bizi izləyin.

Araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

XəbərAl.az

Related Articles

+994 50 295 94 79
top