“Baku City Hospital”ın həkiminə ittiham-“…əlimi şikəst etdilər”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“…bu həkimlər məndən 6000 manata qədər pul aldılar”

Redaksiyamıza Sabunçu rayon Balaxanı qəsəbə sakini Hüseynov Vidadi Paşa oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanlanmış şikayət ərizəsinin surəti daxil olub. Müəllif müraciətində “Baku City Hospital” klinikasında qarşılaşdığı problemlərdən, ona dəyən maddi ziyandan və nəhayət həkim diqqətsizliyi səbəbindən şikəst qalmasından bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

“Yazıb sizə bildirirəm ki, 12.08.2018-ci il tarixində əlim biləkdən yuxarı kəsildiyi üçün sığorta olunduğum şirkət tərəfindən “Baku City Hospital” klinikasına əməliyyat üçün yönləndirildim. Sığorta şirkəti biləyimdə tikiş əməliyyatı aparmaq üçün 2500 manat vəsait ayırsa da, bu klinikanın rəhbəri Bayram Qorçiyev əməliyyatdan sonra mənə bildirdi ki, bu əməliyyat çox çətin olduğu üçün əlavə 3000 manat da ödəməlisən. Sığortaya müraciət etdikdə oradan dedilər ki, sənin əməliyyatın üçün 2500 manat artıqlaması ilə kifayətdir. Mən çox yalvar-yaxardan sonra Bayram Qorçiyevi 1500 ödəməyə razı sala bildim. Baxmayaraq ki, bu pulu da borc alıb, ödədim . Beləliklə bu tikiş əməliyyatı mənə 4000 manata başa gəldi. 2 gündən sonra evə buraxıldım. 35 gündən sonra tikiş söküldü və mənə dedilər ki, barmaqların işləməsi üçün fizioterapiya lazımdır. Onların klinikasında qiymətlər çox baha olduğu üçün başqa yerdə fizioterapiya aldım. Lakin “Güvən ” klinikasında Elektroneyromioqrafiya müayinəsi etdikdən sonra məlum oldu ki, tikiş əməliyyatı düzgün aparılmayıb və yenidən əməliyyat olmalıdır.

Cənab Prezident! Mən kasıb birisiyəm. Sığorta olunmağıma baxmayaraq fizioterapiya ilə birlikdə bu həkimlər məndən 6000 manata qədər pul aldılar. Nəticədə isə əlimi şikəst etdilər. İndi də yenidən əməliyyat üçün mənə qiymət oxuyurlar. Bu klinikanın rəhbəri Bayram Qorçiyevin məni məruz qoyduğu vəziyyətlə bağlı tədbir görmənizi sizdən xahiş edirəm”.

Redaksiyadan: Biz məlum qayda və prinsiplərə uyğun olaraq, hörmətli Bayram Qorçiyevlə də əlaqə saxladıq. Bizimlə telefon danışığında həkim belə bir məsələdən xəbərdar olduğunu bildirdi: “Bəli belə bir vətəndaş əlinin sinir və damarları kəsilməsi ilə bizə müraciət edib. Ya işlədiyi şirkət, ya da dövlət ona sahib çıxıb. Onun əli kəsilməkdən qurtulub. Tərəfimizdən lazımı əməliyyat olunub, onun sinir və damarları müəyyən qədər tikilib. Bunun tam sağalması üçün zaman lazımdır. Bizdə Fizioterapiya şöbəsi var, gəlsin orada məşğul olsun. Bu işlərin heç biri qarantiya deyil ki, əvvəlki kimi tam bərpa olunsun. O ki, qaldı dediyi məbləğə, bəli belədir.

Əməliyyatı assisentlər deyil, mən özüm üç həkimlə etmişəm. Bunun sağalması uzun çəkən prosesdir. Yenə deyirəm, zaman lazımdır. Biz yenə də ondan imtina etmirik. O ki, qaldı mən klinikanın baş həkimi deyiləm”.

“Baku City Hospital” klinikası ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz oldu.

Mövzu diqqətimizdədir.
Yenixeber.org

Related Articles

+994 50 295 94 79
top