Ali Attestasiya Komissiyası rəsmən bazara çevrilib… – Plagiat alimlərimiz ucbatından…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 33
    Shares

Son dövrlər fəlsəfə doktoru, elmlər doktoru olmaq, alimlik dərəcəsi almaq sanki dəbə çevrilib.

Maraqlıdır ki, alimlərin sayı artır, ancaq ortada sanballı elmi nəticələr yoxdur. Pulla yazdırılan elmi monoqrafiyaların çoxu bəzən plagiat olur. Elmi adları bu qədər populyar və cəlbedici edən nədir? Bir sıra ekspertlər hesab edir ki, elmi dərəcələri cəlbedici edən alim adını alanlar üçün nəzərdə tutulan sosial güzəştlərdir. Məlumdur ki, fəlsəfə və elmlər doktorları dövlətdən müəyyən məbləğdə müavinət alır. Hesab edilir ki, elmi dərəcələrin verilməsi Ali Attestasiya Komissiyasından alınmalı, bununla bağlı universitetlərin elmi şuralarına səlahiyyət verilməlidir. Eyni zamanda alimlik dərəcəsi almış şəxslər üçün sosial güzəştlər ləğv edilməlidir.

Mövzu ilə bağlı “Cümhuriyət”ə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hal-hazırda bilikli, savadlı insanlar var ki, onlar alimlik dərəcəsi ala bilmirlər:

“Onlar illərlə Milli Elmlər Akademiyasının yollarında, institutlarında süründürülür. Nəyə görə? Axı kənardan izləyən hər bir normal vətəndaş bilir ki, savadlı insan, biliyinə güvənən alim rüşvət verməz. Buna görə də bilik səviyyəsi güclü olan çox alimlərimiz “alim” adını ala bilmir. Lakin təzada baxın ki, çoxlarının biliyinə şübhə etdiyi, açıq-aşkar hətta söz düşəndə barəsində “primitiv savadı olan biridir” deyilən insan alimlik dərəcəsi ala bilir. Hələ Sovet dövründən Elmlər Akademiyasının ayrıca bir quruma çevrilib təhsildən uzaqlaşması elm və təhsilin vəhdətini pozmuş, xüsusilə gənclərin elmi proseslərə qoşulmasına sədd çəkmişdi. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi-tədqiqat mərkəzləri məhz universitetlərin nəzdində fəaliyyət göstərir. Ona görə də, tələbələr çox erkən elmi yaradıcılığa cəlb olunur”. 

“Həqiqi istedadlar müdafiə prosesində xeyli çətinliklərlə qarşılaşırlar”

“Bugünkü hər bir referat özündə sabahkı geniş tədqiqatın rüşeymini daşıyır” deyən təhsil ekspertinin sözlərinə görə, ölkəmizdə bu məsələ olduqca yarıtmaz vəziyyətdədir:

“Tələbələrin yazmalı olduğu kurs və buraxılış işlərinin, magistr dissertasiyalarının onlara satılması hamının bildiyi bir faktdır. Hesab edirəm ki, elmimiz qarşısında duran əsas problemlərdən biri dissertasiya mövzularının düzgün seçilməməsi ilə bağlıdır. Elmi əsərlərin yeniliyinin düzgün anlaşılmaması bir çox hallarda elmi tədqiqat əvəzinə ortaya tərtibat və tərcümə əsərlərinin çıxması və bu əsərlərin də dissertasiya kimi müdafiə edilməsi ilə sonunclanır. Bəzən dəfələrlə işlənmiş mövzular yeni ad altında təqdim olunur, dissertant elmə heç bir yenilik gətirmədən deyilən fikirləri təkrarlayır. Təəssüflər olsun ki, bu cür dissertasiyalar bəzən heç bir çətinliklə üzləşmədən uğurla “müdafiə edilir”. Hətta çətinlik yaransa belə, dissertant əvvəl-axır dəyərsiz tədqiqatını işə keçirə bilir. Halbuki həqiqi istedadlar elmi işlərini müdafiə etmək üçün xeyli çətinliklərlə qarşılaşırlar. Bu yerdə məşhur bir deyim yada düşür: “İstedadlara yol verin, istedadsızlar özləri özlərinə yol açacaqlar””.

“Bəzən xaricdə yaşayan alimlərin əsərləri oğurlanır”

K.Əsədov vurğulayıb ki, Azərbaycan elmində, xüsusilə humanitar sahədə “bu mövzu Rusiyada və yaxud ərəb ölkələrində işlənib, Azərbaycanda isə işlənməyib” arqumenti hökm sürür:

“Nəticədə dissertasiya işi elə həmin əsərlərin tərcüməsinə çevrilir. İndi dünyanın bir çox elmi tədqiqat mərkəzi arasında mübadilə imkanlarının artdığı, hər bir kəsin asanlıqla dünyanın hər hansı bir regionunda gedən elmi prosesləri izləmək şansının olduğu bir zamanda bu problem birdəfəlik həll olunmalı, Azərbaycan üçün yenilik anlamı dünya səviyyəsində yenilik gətirmə tələbatı ilə nəticələnməlidir. Bu tələbat elmimizə xas digər bir bəlanı, plagiat azarını da cilovlayar. Bəzən nəinki xaricdə yaşayan alimlərin əsərləri oğurlanır, hətta bir institutda, bir şöbədə, bir kafedrada işləyənlərin öz həmkarlarının zəhmətinin məhsuluna yiyələnməsi də baş verir. Eləcə də dünyasını dəyişmiş alimlərin haqqı da layiqincə qorunmur. Buna görə də, müəllif haqları məsələsi bir daha gündəmə gəlməli, plagiatla məşğul olanlar cəzalanmalıdır”. 

Təhsil eksperti hesab edir ki, plagiat problemi elm sahəsində digər ağrılı məsələni – həmmüəlliflər məsələsini də ortaya gətirir:

“Məsələ burasındadır ki, plagiatla məşğul olan başabəla alimlər özlərini sığortalamaq üçün bəzən nüfuzlu şəxsləri özlərinə həmmüəllif olmağa razı sala bilirlər. Bununla da onlar bir tərəfdən oğurluqlarının üstünün açılmasının qarşısını alır, digər tərəfdən isə başqasının zəhməti hesabına özlərinə arxa, himayədar qazanırlar. Halbuki dünya praktikasında həmmüəlliflər tərəfindən yazılan əsərlərdə hər bir kəsin yazdığı fəsil, bölmə ayrıca göstərilir”. 

“Plagiat alimlərimiz ucbatından…”

Ekspert qeyd edib ki, başqa bir müəllifin adını göstərmədən onun elmi işindən, monoqrafiyasından istifadə edib özününkü kimi təqdim etmək elmi etikaya tamamilə ziddir:

“Danılmaz faktdır ki, bu gün yüksək vəzifə tutan kifayət qədər elmi dərəcəsi olanlar var. Amma onlar arasında elmi tədqiqat işindən xəbəri olmayanlar da az deyil. Bu elmin inkişafına təkan verə bilməz. Bu yolla Azərbaycan elmi nüfuz qazana bilməz. Çox təəssüflər olsun ki, gənlərin elmə gəlməsinə, faydalı elmi – tədqiqat işləri aparmasına belələri ciddi şəkildə mane olur. Hər il saxta elmi işlər, elmi ad alanlar üçün dövlət büdcəsiindən külli miqdarda vəsait sərf olunur. Halbuki sərf olunan vəsait düzgün istiqamətə yönəlsə, Azərbaycan elmi dünyanın ən nüfuzlu, etibarlı tərəfdaşı ola bilər. Lakin bu gün plagiat alimlərimiz ucbatından Azərbaycan elmi dünyada ciddi qəbul edilmir”.
xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top