Hədəfdə Eldar Mahmudovun obyektləri də var… – GƏLİŞMƏ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı şəhəri Nərimanov rayonunda Atatürk prospektindəki eyniadlı parkdakı kafe, restoran və digər ictimai-iaşə obyektlərinin sökülməsinə başlanılıb. Türkiyə Cümhuriyyətinin qurucusunun adının verildiyi bu park Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində yerləşir. Park “Gənclik” metro stansiyasının girişində yerləşir və prospekt boyunca Ayna Sultanovanın heykəli olan yerə qədər uzanır. 2010-cu ildə ərazidə sıx ağaclıq və bir neçə kiçik kafe fəaliyyət göstərsə də, sonradan həmin ərazidə restoranların sayı artıb.

Ümumilikdə Atatürk parkında 13-ə yaxın ictimai iaşə obyekti var. Ərazindən ilkin olaraq 7 obyekt sökülüb. Qalan 6 obyekt də söküləcək. Söküntü işlərinə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov bakupost-a açıqlamasında bildirib ki, parkda yenidənqurma işləri aparılır. Z. İsmayılov nəzərə çatdırıb ki, parkdakı obyektlərin əksəriyyəti müvəqqəti icazə əsasında tikilib: “Həmin obyektlərin sahiblərinin 80 faizinə parkda fəaliyyət göstərməklə bağlı müvəqqəti icazə verilib. Həmin obyektlər parkdan götürüləcək. Çünki onlardan uzun müddət müvəqqəti istifadə ediblər, bu gün isə yenidənqurma işləri çərçivəsində həmin obyektlərin sökülməsi lazımdır və onlar sökülür. Burada heç bir problem yoxdur, hər hansı kompensasiyadan söhbət gedə bilməz. Çıxarışı olan obyektlərə gəlincə, bu obyektlərlə bağlı məsələyə də qanunvericiliyin tələbinə uyğun olaraq baxılacaq. Bunun kompensasiya, yaxud hər hansı formada olması hələlik qərarlaşdırılmayıb”.

İsmayılov əlavə edib ki, söküləcək obyektlərin yerində yenilərinin tikilməsi nəzərdə tutulmayıb: “Parkda yenidənqurma işləri çərçivəsində kafe, restoran və digər ictimai-iaşə obyektlərinin tikintisi nəzərdə tutulmayıb”.

Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəxsən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığı ilə Atatürk parkında yenidənqurma işləri aparılır. O da qeyd edilib ki, parkdakı bir çox obyektlər 20 il ərzində “gecəqondu” kimi fəaliyyət göstərib. Bu obyektlərə kompensasiya ödənilməsi nəzərdə tutulmayıb. Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.

Məlumata görə, ərazidə söküləcək obyektlər arasında sabiq millət vəkili Fərhad Qəribovun “Billur” restoranı da var. “Yeni Müsavat”ın məlumatına görə isə F.Qəribov restoranı 2016-cı ildə 280 min manata satıb. Atatürk Parkında daha bir xanım deputatın da obyekti də var ki, o da sökülüb. Bundan başqa, illərdir ki, parkdakı daha bir neçə obyektin yüksək vəzifəli bir generala məxsusluğu ilə də bağlı iddialar var ki, bunlar heç vaxt rəsmən təsdiqlənməyib. Buradakı restoranlardan birinin isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova aid olduğu barədə xəbərlər vardı.
Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top