Şahmar müəllim mənə dedi ki, “get, polisdə izahat yaz” – MƏHKƏMƏ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib. 

O bildirib ki, imtiyazlı ailələr üçün nəzərdə tutulmuş evlərin verilməsində komissiya sədri olub.

Onun sözlərinə görə, evlərin sənədləşməsi onun səlahiyyətində olmayıb:

“Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə Hüquq şöbəsinə sənədlərin tezləşdirilməsini xahiş edirdim. Sənədləşmə işi mənim səlahiyyətində deyildi, buna Hüquq şöbəsi baxırdı”.

Hakim xatırladıb ki, vətəndaşların əksəriyyəti Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb. 

Ş.İbadov isə qeyd edib ki, icra hakimiyyəti heç kəsdən pul almayıb. 

Daha sonra təqsirləndirilən Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu hədələyib:

“Belə çıxır ki, icra hakimiyyətində bu işləri yalnız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub. Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, “get, polisdə izahat yaz”. Mən də gedib izahat yazdım.

On bir aydır məhkəməyə gedib-gəlirəm, səhhətində problem yaranıb. Düzdür, bu işdə Şahmar müəllimin rolu olmayıb. Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, “rəhbərliyin göstərişidir, işləri həll et”. 

Proses günün ikinci yarısında davam etdiriləcək. 

Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil verilməsi adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

Related Articles

+994 50 295 94 79
top