İLİN-GÜNÜN BU VAXTI BAYRAM SƏFƏROVDAN NİYƏ İMTİNA EDİLDİ? – GƏLİŞMƏ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dünən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiqlənib. İcmanın II qurultayında təzə idarə heyəti seçilib və yekun qərara əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib. Məlumata görə, Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində doğulub. Ali təhsillidir. Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili – Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.

Arayış üçün onu da bildirək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə konfliktin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2009-cu ildə Bakıda icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib. İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

*****

Qeyd edək ki, budəfəki tədbir kifayət qədər gözlənilməz olub. Hər halda, qurultay və ona hazırlıqla bağlı yerli KİV-də heç bir informasiya getməmişdi. İcmanın artıq köhnə sədri Bayram Səfərov da qəzetimizə bir neçə gün öncə verdiyi geniş müsahibədə bu haqda heç nə bildirməmişdi. Ən çox diqqət çəkən məqam isə 9 ildir sədr işləyən Bayram Səfərovun yerinə, ümumiyyətlə, bu vəzifəyə ilk dəfə peşəkar diplomatın gətirilməsidir. Şübhə yox ki, yenilik bilavasitə Azərbaycan rəhbərliyinin iradəsi ilə həyata keçib.

Görünür, rəsmi Bakı Qarabağ məsələsi ətrafında xüsusən də Ermənistandakı son proseslərdən sonra yaranmış həssas bir durumda əhəmiyyəti artan bu posta yalnızca vətənpərvər bir insanın başçı olmasını yetərli saymır. Eyni zamanda, həmin şəxsin beynəlxalq siyasət və diplomatiya sahəsində bilikli və savadlı olmasını, Dağlıq Qarabağ ətrafında proseslərdən yaxşı baş açmasını və çevik olmasını, bütövlükdə beynəlxalq müstəvidə icmanın fəal olmasını və Qarabağ gerçəyini dünyaya daha effektli çatdırılmasını istəyir. Razılaşaq ki, Bayram Səfərov özünün bütün müsbət keyfiyyətlərinə, vətənpərvərliyinə rəğmən, diplomat və siyasətçi deyildi.

Bu mənada baş verən bu qəfil dəyişiklik 2019-cu ildə Dağlıq Qarabağla bağlı mühüm bir gözləntiyə hazırlıq (işarə) və ya onun anonsu da sayıla bilər. Məsələ ondadır ki, başa çatmaqda olan 2018-ci il Qarabağ probleminin həlli baxımından dönüş ili olmasa da, bəzi maraqlı, hətta ümidverici gəlişmə və məqamlarla yadda qalıb.

Məsələn, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın yeni rəhbəri Nikol Paşinyan arasında Düşənbədə Qarabağla bağlı ilk şifahi anlaşma olub. Bunun nəticəsi olaraq, təmas xəttində gərginlik azalıb, rəsmi Bakı Ermənistanda hakimiyyətə gəlmiş yeni qüvvəyə unikal bir imkan verib ki, parlament seçkilərini keçirsin, hökuməti formalaşdırsın. Bir şərtlə ki, seçkidən sonra rəsmi İrəvan Qarabağ məsələsində əvvəlki xunta rejimindən fərqli olaraq, konstruktiv mövqe tutsun.

Azərbaycanın bu jestinə düşmən tərəfin necə cavab verəcəyini yeni ilin ilk aylarında görəcəyik. Bir sıra ekspertlərə görə, artıq legitimlik qazanmış Paşinyan hökuməti Qarabağla bağlı Bakı ilə hansısa razılaşmaya gedə də bilər. Bunu ən əvvəl işğalçı ölkənin düşdüyü ağır blokada rejimi və getdikcə Rusiyadan artan asılılıq diktə edir. Başqa yandan, Ermənistanın “demokratik rəhbəri” anlayır ki, əgər Qarabağ məsələsində Bakı ilə o da anlaşa bilməsə, o zaman vəd elədiyi islahatlar boşa çıxacaq və böyük müharibə qaçılmaz olacaq. 

O sırada Ermənistanın yeni rəhbərliyinin Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmaq kimi əsassız tələbindən birdəfəlik imtina edəcəyi gözlənilir. Yaxud separatçı rejim danışıqlara qoşulacaqsa da, qeyd etdiyimiz kimi, bu, yalnız Minsk Qrupunun mandatı çərçivəsində mümkün olacaq. Həmin mandata görə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması maraqlı tərəflərdir. Yəni nizamlama prosesində onların hər ikisi eyni statusa malikdir və sonda onların da mövqeyi ciddiyə alınacaq. 

Bütün hallarda istisna deyil ki, Qarabağın azərbaycanlı icmasının rəhbərliyinə diplomatiyanı və xaric dilli yaxşı bilən kadrın gətirilməsi bu istiqamətdə həm də ön hazırlıqlardan biridir. Həmçinin bu, Qarabağa dair hansısa böyük anlaşmanın uzaqda olmadığının mesajı da hesab oluna bilər. 

*****

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovla Bakıda görüşü zamanı 2019-cu ilin Qarabağ məsələsinin nizamlanması baxımından ümidverici il ola biləcəyini söyləyib. “Dağlıq Qarabağ münaqişəsinin həll yollarının axtarışı 2019-cu ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq”. Bunu isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər nazir əvəzi Zoqrab Mnatsakanyanla Milanda axırıncı 3 saatlıq görüşünün nəticələrindən danışarkən bildirib. Maraqlıdır ki, o, erməni həmkarı ilə bu məsələdə qarşılıqlı anlaşma əldə edildiyini də söyləyib. 

Bu arada isə Rusiya XİN sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağla bağlı sensasion sayılacaq açıqlama verib. O, Qarabağ nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş getdiyini söyləyib (virtualaz.org). “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ”kreativ ideyalar” üzərində iş gedir və bu ideyalar münaqişənin nizamlanması üçün əsas ola bilər” – Zaxarova bildirib.

Qarabağ münaqişəsinin nizamlanması üçün əsas ola biləcək kreativ ideyaların tapılması səyləri barədə bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı səfərinin ardınca danışmışdı. Zaxarovanın sözlərinə görə, hazırda ekspertlər Qarabağ nizamlanmasına dair kreativ ideyalar işləyib hazırlayır. “Məsələ bax belədir, gələcək barədə danışsaq həmin ideyalar işlənib hazırlanmalıdır və onlar kreativ olmalıdır. Məhz bu cür işlənib hazırlanmış kreativ ideyalar dəstəklənəcək” – Rusiya XİN rəsmisi bildirib.

Əlavə edək ki, indiyə qədər danışıqlar masası üzərində “Madrid prinsipləri” adlanan sənəd yer alırdı. Və həmin sənəd üzərində uzun müddət danışıqlar getsə də, prinsiplərin hamısını razılaşdırmaq mümkün olmadı. Nəticədə həmin sənəd münaqişənin həlli baxımından özünü doğrultmamış hesab edildi və tərəflər faktiki olaraq bu prinsiplər üzrə danışıqları dayandırdılar.

Bir çox ekspertlərə görə, gələn il, xüsusən də birinci 6 ayda Dağlıq Qarabağ məsələsi ətrafında mühüm gəlişmə istisna edilmir… 
“Yeni Müsavat”

Related Articles

+994 50 295 94 79
top