2-ci sinif şagirdi özünü niyə asıb? – Təhsil Şöbəsindən açıqlama

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Zaqatala şəhər 3 saylı məktəbdə ikinci sinif şagirdi olmuş Eşqin Əhmədov yaxşı oxuyan, nümunəvi davranışları ilə seçilən şagird olub. Müəlliməsi ağlaya-ağlaya bizə danışırdı ki, Eşqin həddən artıq yaxşı uşaq idi”

Bunu bakupost-a açıqlamasında Zaqatala rayon Təhsil şöbəsinin metodik kabinetinin rəhbəri Bəhruz Bayramov bildirib. 

Deyib ki, E. Əhmədov şənbə günü axşam saatlarında yaxınlıqda yaşayan əmisigilə gedib və hadisə də orada baş verib: “Biz əmisi ilə əlaqə saxlamışıq. Bildirdi ki, həyətdə uşaqlarla oynayırdı. Əmisi özü də bilmir ki, uşaq hansı səbəbdən intihar edib”.

O, E. Əhmədovun özünə qəsd etməsinin son dövrlər geniş yayılmış və bir çox uşaqları intihara sürükləmiş “Mavi balina” oyunu ilə əlaqədar olması barədə iddiaların isə təkzib edib: “Bunlar əsassız iddialardır. Kasıb ailədirlər, atası Rusiyada işləyir, heç kompüterləri də yoxdur. Eşqin özü də belə şeylərdən uzaq, oxumağa meyilli uşaq olub. Elə qardaşı da həmin məktəbdə dördüncü sinifdə oxuyur, o da nümunəvi, yaxşı oxuyan bir uşaqdır. Eşqinin ölümünün “Mavi balina” oyunu ilə heç bir əlaqəsi yoxdur. Ailələrində hansısa problemin olub-olmadığını bilmirik. Həmin gün bacısının ad günü olması barədə də bizdə məlumat yoxdur. Fakt budur ki, hazırda intiharın səbəbi bilinmir. Məsələni hüquq-mühafizə orqanları araşdırır. Yəqin ki, Eşqinin ölümünün səbəbini üzə çıxaracaqlar”. 

B. Bayramov qeyd edib ki, E. Əhmədovun uşaqlarla oynayan vaxt təsadüfən ölməsi də istisna deyil: “Uşaqlar “Tarzən” və digər müxtəlif oyunlar oynayırlar. İndiyə qədər neçə uşaq belə oyunlarda təsadüfən boğularaq həyatını itirib?! Bəlkə də Eşqin də belə təsadüfün qurbanı olub, boğularaq həyatını itirib. Hər halda ölümün səbəbini hüquq-mühafizə orqanları müəyyənləşdirəcək”.

Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top