İlham Əliyevin doğum günüdür

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ad günüdür.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.

Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib.
2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilib.
2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir. Rus, ingilis, fransız və türk dillərini bilir.

Ailəlidir. Üç övladı, dörd nəvəsi var.

Qeyd edək ki, Prezidenti doğum günü münasibətilə bir sıra dünya liderləri, beynəlxalq təşkilatın rəhbərləri, nümayəndələri təbrik edib. Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Çin sədri Si Cinpin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon, MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev, Ukrayna prezidenti Petro Poroşenko İlham Əliyevə təbriklərini çatdırıblar. 

BiG.AZ

Related Articles

+994 50 295 94 79
top