BAKI NƏQLİYYAT AGENTLİYİNİN XƏRCLƏDİYİ MİLYONLAR VƏ KEYFİYYƏTSİZ YOL XƏTLƏRİ…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda son zamanlar yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb

2016-cı ildə bu qəzaların sayı 62 faiz, ötən il isə 67 faiz olub. İl ərzində baş verən qəzaların xronologiyasına diqqət etdikdə bu il faiz dərəcələrinin daha yüksək olacağı ehtimal edilir.

İnzibati və ictimai qurumların maariflədirmə işləri ilə yanaşı, son illər Bakı şəhərində inşa edilən yeraltı və yerüstü keçidlər də yol qəzalarının sayını azalda bilmir, əksinə, bu neqativ hal artan templə davam etməkdədir. 

Bakı şəhərində avtomobil qəzalarının artması, xüsusən də bu qəzaların daha çox gecə saatlarında baş verməsi digər bir məqamı gündəmə gətirirb. Səslənən iddialara görə yollarda gecə saatlarında avtomobil qəzalarının artmasının əsas səbəblərindən biri yol xətlərinin düzgün və keyfiyyətli olmamasıdır. 

Bakı şəhərində yollara vurulan boyalar qısa zaman ərzində keyfiyyətini itirir. Normal hallarda yenilənmiş xətlər asfalt üzərində minimum 400 gün qalmalı olduğu halda Azərbaycanda bu xəttlərin ömrü 60-80 gün olur.

Gecələr yollardakı xətlərin avtomobil işıqlarında əks olunmaması və yağışdan sonra çürüməsi yollarda istifadə olunan boyaların normativlərə cavab verməməsini aydın göstərir.

Qeyd edək ki, Avropa ölkələrində, qonşu Gürcüstan və İranda son zamanlar yolların rənglənməsində daha çox fosforlu boyalardan istifadə edirlər. 

Bakı şəhərinin yollarının xətlənməsini son illər Nazirlər Kabineti yanında “Bakı Nəqliyyat Agentliyi” MMC-nin sifarişi ilə “YOL Xətt” MMC həyata keçirir.

Bakı Nəqliyyat Agentliyi yolların nişanlanması üzrə işlərin podratçısı qismində cəlb etdiyi “Yol Xətt” MMC ilə ötən il ümumi məbləği 4 mln. 843 min 923,6 manat olan iki müqavilə imzalayıb. 

Bakı Nəqliyyat Agentliyi ilə “Yol Xətt” MMC-nin işbirliyi bu il də davam edib. 

Belə ki, 2018-ci ilin sentyabr ayında yenə də bu iki şirkət arasında yol xəttlərinin çəkilməsi predmeti üzrə iki müqavilə imzalanıb. 

Müqavilələrin ümumi dəyəri isə 6 245 674 manatdır.

“Yol Xətt” MMC eyni zamanda sənaye nişanlarının istehsalını həyata keçirir. Şirkətin rəsmi saytında Bakı şəhərinin yollarında istifadə olunan boyaların markası, haradan alınması, tərkibi və keyfiyyəti barədə heç bir informasiya yoxdur. 

Onu da qeyd edək ki, hər iki qurum il ərzində Bakı şəhərinin yollarına nə qədər boya işlətməsi və nə qədər xəttin çəkilməsi ilə bağlı hesabat vermir. 

Bu barədə adıçəkilən qurumların saytlarında da heç bir informasiya yoxdur. 

Qlobal.az məsələ ilə bağlı BNA-dan və “Yol Xətt” MMC-dən mövqe öyrənməyə çalışsa da, heç bir qurumdan cavab verilmədi.

Xatırladaq ki, bu il “Yol Xətt” MMC-nin rəhbəri Zaur Həsənov Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. 

qlobal.az

Related Articles

+994 50 295 94 79
top