Azərbaycanda boşanmamaq üçün nə etmək lazımdır? – Alim ARAŞDIRMASI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

2010-2017-ci illərdə bağlanan nikahlara (79172-62923-ə qədər azalmış) nisbətdə boşanmaların səviyyəsi (9061-14514) 11.4%-dən 23%-ə qədər, yəni, iki dəfədən çox artmışdır. Deməli, bu gün, Azərbaycanda bağlanan hər 4 nikahdan biri pozulur. Bu gün, Azərbaycanda 23%-i keçən boşanma səviyyəsi Avropa ölkələrində 1980-ci ildə müşahidə olunmuşdur. Biz, eyni temp və eyni qayda ilə irəli getdiyimiz və heç bir tədbir görmədiyimiz təqdirdə, 30-35 ildən sonra eyni aqibət ilə üzləşmək ehtimalımız yüksəkdir (Əksər Avropa ölkələrində boşanmaların səviyyəsi 50%-i artıq keçmişdir).

     
70-ci illərdən başlayaraq, boşanmaların bağlanan nikahların nisbətinə görə faiz rəqəmləri 15%-in üzərində olmuş və artan dinamika üzrə davam edir. Bu rəqəmlər, bizə bir çox gerçəkləri düşünməyə və onların səbəblərini anlamağa vadar edir.


1.     Məsuliyyətsizlik artır

    AQUPDK-nin sədri Hicran Hüseynova bildirib: “Araşdırma göstərir ki, boşanma hallarının səbəblərindən biri də kişilərin məsuliyyətlərini bilməmələridir. Məcburi şəkildə qurulan ailələr də bir neçə il keçdikdən sonra dağılır.” (https://news.milli.az/society/45520.html)

    AQUPDK-nin rəsmisi Aynur Veysəlova bildirir: “Bu gün boşanmaların əsasında insanların ailə institutuna münasibətindəki dəyişmələr, sosial-mənəvi məsuliyyətin aşağı olması dayanır. Bir çox hallarda insanlar ailəyə toya qədərki dövr kimi yanaşır. Toydan sonrakı birgə yaşayış, ər-arvad qarşısında, daha sonra uşaqlar qarşısında mənəvi-sosial məsuliyyət barədə düşünmürlər. Təəssüflər olsun ki, bu gün bu məsuliyyət hissi çox aşağıdır. Ailə qurmağa çox primitiv hal kimi yanaşırlar. Sonra isə, davam gətirə bilməyərək boşanırlar. Bilirsiniz, 15-20 il əvvəl insan boşanmışam deyəndə bir balaca narahat olurdu. Amma bu gün istər qadın, istərsə kişilər arasında belə narahatlıq hiss olunmur.” (http://musavat.com/news/azerbaycanda-aliment-odeyen-qadinlar-da-var_478809.html)

İnsanların, xüsusilə gənclərin ailəyə münasibətdə məsuliyyətlərinin azalması bütün dünyada (əsasən Qərbin sənaye şəhərlərində) müşahidə olunan bir prosesdir. Türkiyədə də boşanmaların əsas səbəbləri arasında məsuliyyətsizlik və laqeydlik ön yerdə durur.

  2014-2016 illərində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib, həmçinin, bu müddətdə avaraçılıq və dilənçiliklə məşğul olan 1464 uşaq polis orqanları tərəfindən aşkarlanıb. Təbii ki, bu rəsmi rəqəmlər gerçəkliyin cüzi bir qismini əks etdirir. Ailələrdə məsuliyyətsiz və laqeyd valideynlərin qayğısından məhrum olan minlərlə uşaqlar vardır ki, cəmiyyət onların problemlərindən xəbərsizdir. Yaxud, minlərlə ailələr vardır ki, onların bütün maddi-mənəvi yükü anaların üzərinə yüklənmişdir. Görünən odur ki, ənənəvi olaraq ailədə məsuliyyət daşıyan ataların böyük bir qismi son dövrdə öz ənənəvi məsuliyyət hissini itirir və ailəsinə qarşı laqeydlik xəstəliyinə tutulurlar. Belə ailələrdə qadınlar bütün maddi-mənəvi yükü (həmçinin, ərə baxmaq) çəkə bilmədikləri təqdirdə, nə qədər çətin olsa da boşanmaya qərar verirlər. Qadınların, ailəsinə (həyat yoldaşı və uşaqlarına) maddi-mənəvi məsuliyyət hissi ilə yanaşan kişilərdən ayrılması halları geniş yayıla bilməz. Çünki kişilərin ailəsinə görə çəkdiyi maddi-mənəvi məsuliyyət hissi qarşılıqlı sevgi və hörmətin təməlində dayanır. 


2.     Kişilərin məsuliyyətsizliyi niyə artır?

Düşünürük ki, mövcud tendensiyanın təməlində obyektiv səbəblər dayanır. Onlar aşağıdakılardır:


Cəmiyyətdə tədricən kollektiv dəyərlərin ortadan qalxması və individual dəyərlərin kök salması;
Qadınların cəmiyyətdə iqtisadi müstəqilliyinin artması və gender rollarının kişi = qadın (gender bərabərliyi) formulu istiqamətində tədricən dəyişməsi.

3.     İndividuallaşma prosesi özünü nədə göstərir?       

Son dövrdə ictimaiyyətdə ətraf aləmə qeyri-emosionallığı, diqqətsizliyi, laqeydliyi, eqoizmi və real aləmdən daha çox virtual aləmə bağlılığı ilə seçilən, sərhədsiz və tabusuz virtual aləmin sakinləri kimi qeyri-məhdud zaman və məkan, əxlaq və dəyər anlayışlarına, fərqli psixika, davranış və həyat tərzinə malik olan və reallıqla uzlaşa bilməyən bir “robot nəsildən” bəhs olunur. Fərqli mühitdə yetişən yaşlı nəsil, bunları daha aydın şəkildə müşahidə edə bilir. Məsələn, ictimai yerlərdə olarkən və yolda gedərkən gözləri mobil telefonlarda olan, qulaqları qulaqçıqlar ilə qapanan, ətrafında baş verənləri görüb-eşitməyən, əksər hallarda avtobuslarda uşaq və yaşlılara yer verməyən, qonşu və qohumlarla əlaqə qurmağa meyil etməyən, ailədə valideynlərin, məktəb və universitetlərdə müəllimlərin, cəmiyyətdə yaşlıların avtoritetini qəbul etməyən, ailə üzvləri ilə az ünsiyyətdə olan, həyatının böyük bir hissəsini internetdə hərəkətsiz şəkildə keçirən, dostlarını, gələcək həyat yoldaşını ünsiyyət qurduğu virtual aləmdə axtaran bir nəsil mövcuddur (bunu hamıya şamil etmək olmaz). Əslində, cəmiyyətdə və şəxsiyyətin formalaşması prosesində baş verən bu hadisələri şərti olaraq individualizm (eqoizm) kimi səciyyələndirmək olar.

     Son 25-30 ildə hökm sürən qloballaşma şəraitində və milli-mənəvi boşluq mühitində bir nəsil yetişdi. Bu nəsil valideynlərinin mənəvi varisi ola bilməzdi. Çünki valideynlərinin inandığı və yaşadığı sovet dəyərlər sistemi çökmüşdü. Onlar öz valideynlərindən həyat yolu barədə də məsləhət ala bilməzdilər. Çünki baş verən hadisələr hamı üçün qeyri-müəyyən idi. Belə bir durumda, hər kəs öz yolunu axtarmalı idi. Məhz, bu axtarış individual dəyərlərin ortaya çıxmasına və inkişaf etməsinə təkan verdi. Əslində, bunun özünüdərk ilə bağlı müsbət tərəfləri də vardır. Lakin, qloballaşma və onun nəhəng kütləvi mədəniyyəti bu özünüdərk prosesinin inkişaf etməsinə mane olur və onu internet vasitəsilə yönləndirir.

      90-cı illərdən ölkədə internetin genişlənməsi, individualizm dəyərlərinin tədricən gənclər arasında sürətlə yayılmasına şərait yaratdı. Bakı şəhərində kollektivizm dəyərləri bölgələrə nisbətdə çox zəif idi. Bölgələrdə ənənəvi kollektivizm dəyərləri öz varlığını bu və ya digər şəkildə qoruyub saxlayır. Çünki qloballaşmanın təsiri periferiyalara daha gec çatır. Lakin, bölgələrdə sosial-iqtisadi durumun çətin olması, bölgə əhalisinin şəhərlərə miqrasiya etməsinə səbəb oldu.

     Azərbaycanda internetdən ilk istifadə 1993-cü ildən başlamış, 2006-cı ildən “odnoklassniki” və daha sonra “Facebook” sosial şəbəkəsindən istifadə olunmuşdur. Bu gün, onların sayı daha çoxdur. 2010-cu ildən başlayaraq sosial şəbəkələrdən istifadə kütləviləşmişdir. Azərbaycanda 2010-2017-ci illərdə bağlanan nikahlara (79172-62923-ə qədər azalmış) nisbətdə boşanmaların səviyyəsi (9061-14514) 11.4%-dən 23%-ə qədər, yəni, iki dəfədən çox artmışdır. Lakin, 1993-2010-cu illərdə bağlanan nikahlara (60028 – 79172-ə qədər artmış) nisbətdə boşanmaların sayı (6564 – 9061) 10.9%-dən 11.4%-ə qədər, yəni, cəmi 0.5% artmışdır. Maraqlıdır ki, sosial şəbəkələrdən istifadə kütləviləşməyənə qədər Azərbaycanda 17 il ərzində boşanma səviyyəsi artmadığı təqdirdə, sosial şəbəkələrdən istifadə kütləviləşəndən sonra boşanmaların səviyyəsi cəmi 7 il ərzində 12% artmışdır.

    Azərbaycanda boşanmaların səviyyəsinin 7 il ərzində (2010-2017) 12%-dən çox artımın olması nə ilə izah oluna bilər?

    Azərbaycanda boşanmaların səviyyəsi son 50-60 ildə heç bir zaman 7 il ərzində (2010-2017) olan kimi 12% artmamışdır. 1945-1960 illərdə bu rəqəm 1%-dən 6%-dək, 1960-1965 illərdə 6%-dən 9%-dək, 1965-1975 illərdə 9%-dən 15%-dək, 1975-1990 illərdə 15%-dən 19.2%-dək təşkil etmişdir. Göründüyü kimi, son 7-8 ildə boşanmaların səviyyəsi digər illərə nisbətdə xeyli irəli getmişdir. Bunun səbəbini, sosial-iqtisadi problemlərdə axtarmaq da doğru olmazdı. Çünki Azərbaycanda 2010-2017 illərdə sosial-iqtisadi durum heç də 60-70-ci illərdə olan sosial-iqtisadi durumdan aşağı olmamışdır. Halbuki, həmin dövrlərdə boşanmaların səviyyəsi müqayisədə aşağı olmuşdur. Üstəlik, iqtisadi baxımdan inkişaf etmiş Avropa ölkələrində boşanmalar ən yüksək səviyyədədir.

     Azərbaycanda 2010-2017 illərdə boşanmaların səviyyəsinin sürətlə artmasının əsas səbəblərindən birinin sosial şəbəkələr olduğu şübhə doğurmur.  

 Orkhanrza.com-un açıqladığı yeni statistik məlumatda qeyd olunur ki, 2018-ci ildə Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 1.73 milyon təşkil edir. Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlar təşkil edir. İstifadəçilərin yaşına baxanda görürük ki, Facebook və Instagram auditoriyaları təxminən eynidir. Lakin, 36-45 yaşlarda Instagram istifadəçilərinin sayı Facebook ilə müqayisədə xeyli çoxdur. Facebook və Instagram istifadəçilərinin cins nisbətinə diqqət yetirəndə görürük ki, hər ikisində qadın və kişilərin nisbəti təqribən eynidir. 2016-2017-ci illərlə 2018-ci il arasında müqayisə aparanda məlum olur ki, Facebook istifadəçilərinin sayı 1,75 milyondan 1.73 milyona enmiş, xüsusilə qadın istifadəçilərin sayı təqribən iki dəfə azalmışdır. Yaş fərqinə diqqət yetirsək görərik ki, digər yaş qruplarında qadınların sayı təqribən iki dəfə azalsa da, 36-45 yaş qrupunda onların sayı təqribən iki dəfə çoxalmışdır. Facebook istifadəçilərinin 200 mini subaydırsa, 190 mini evli, 18 mini nişanlıdır. Təbii ki, bu statusların əksəriyyəti gerçəkliyi əks etdirmir. Lakin, həqiqət odur ki, əhalinin bütün yaş qrupları ailə vəziyyətindən və cinsindən asılı olmayaraq virtual aləmdə sosial şəbəkələrin istifadəçiləridirlər.


      Azərbaycanda 20-35 yaş arasında boşananların əksəriyyət təşkil etməsini, onlar arasında 61%-nin evlilik müddətinin 5-9 ildən artıq davam etməməsini və bu yaş qrupunda evli olanların aktiv internet istifadəçiləri olduğunu nəzərə alsaq deyə bilərik ki, bu yaş qrupunda olan insanlar arasında boşanmaların əsas səbəblərindən biri sosial şəbəkələrdir.

     Əslində, bu proseslər internetin inkişaf etdiyi bütün dünya ölkələrində gedir. “Slater and Gordon” hüquq firması müəyyən edib ki, dünyada hər 7 ailədən biri sosial şəbəkələr ucbatında dağılır. Dünyada hər 5-ci cütlüyün sosial şəbəkələrdə həyat yoldaşının ona xəyanət edib-etmədiyini araşdırır, hər 4-cü cütlük ən azı həftədə bir dəfə öz tərəf-müqabili ilə internetdən istifadəyə görə mübahisə edir. Bu tendensiya, ilbəil artır.

      Sosial şəbəkələr ailəyə və ailə üzvlərinə aşağıdakı mənfi təsirləri göstərirlər:

  1. Öz həyatının böyük bir hissəsini sosial şəbəkələrdə keçirən insanların bir-birinə vaxt ayırması mümkün olmur. Həyat yoldaşı və uşaqlar özlərinə daha çox vaxt sərf edilməsini və daha çox diqqət edilməsini tələb edirlər. Bu tələbat ödənilmədikdə, onların hər biri öz virtual aləminə çəkilir və ailədə, cəmiyyətdə emosional münasibətlər azalaraq soyuqlaşır, nəticədə ailə və cəmiyyətdə fiziki baxımdan bir yerdə olan fərdlər, mənəvi-psixoloji baxımdan bir-birindən təcrid olunurlar. Beləliklə, mənəvi-psixoloji bağlılığı itirən fərdlər fiziki bağlılığa da ehtiyac hiss etmirlər.
  2. Sıx internet istifadəçilərinin diqqəti ətraf aləmdən virtual aləmə yönəlir. Bu isə, onlarda real ünsiyyət və emosional yetkinlik problemləri yaradır. Özünü həyatda reallaşdıra bilməyən bu fərdlər özlərini virtual aləmdə reallaşdırmağa çalışırlar. Nəticədə, onlar öz içinə qapanan, eqoist, kompleksli insanlar kimi ətrafdakılar üçün maraqsız bir obyektə çevrilirlər. Belə insanlar ailə həyatı üçün yararsız olurlar. Çünki ailənin təməlini fədakarlıq, sevgi və mehriban ünsiyyət təşkil edir.
  3. İndividualizm dəyərləri əsasən şəhər mühitində şəxsin eqoizm, müstəqillik, özgələşmə hissini artırır və onu tənhalığa, qapalı həyat tərzinə, qeyri-ənənəvi və aqressiv davranışlara, milli dəyərlərdən uzaqlaşaraq qloballaşma dəyərlərinə sövq edir. Bu cür insanlar hesab edirlər ki, ailə onun şəxsi azadlığını məhdudlaşdırır və özü üçün yaşamağa mane olur. Çünki ailə, övlad əlavə bir yükdür və ya şəxsi həyatını yaşamaq, karyerasını qurmaq üçün bir maneədir. Ailə həyatı qurmadan da nəsli davam etdirmək və həmçinin, öz şəxsi həyatını istədiyi kimi yaşamaq mümkündürsə, ailə qurmaq üçün də zərurət ortadan qalxır.
  4. Evlilərin sosial şəbəkədən mütəmadi şəkildə istifadə etmələri, ailədə evli cütlüklərin bir-birinə olan qarşılıqlı etimadını zəiflədir. Nəticədə, onlar bir-birindən əsaslı və ya əsassız olaraq şübhələnməyə başlayırlar. Sonra bu zəmində baş verən ilkin anlaşılmazlıqlar ailənin dağılmasına təkan verir. Çünki onlar, bir-birini anlamağa şərait yaradan emosional yetkinlik hissindən məhrumdurlar.

    5.     Sosial şəbəkələr xəyanət hadisələrinin genişlənməsinə operativ şərait yaradır. Çünki mobil telefonlar vasitəsilə sosial şəbəkələrə daxil olmaq, orada operativ əlaqə yaratmaq və xəyanətin məxfiliyini qoruyub saxlamaq imkanları daha da artır. Lakin, xəyanətlər gec-tez özünü biruzə verir və nəticədə, boşanmalar, bəzən cinayət hadisələri baş verir.


    Araşdırmalar göstərir ki, internet cəmiyyətdə individualizm dəyərlərinin inkişafına şərait yaradır. Kollektiv dəyərlər virtual məkanda sosial şəbəkələrdə formalaşır. Lakin, bu virtual əlaqələr real ünsiyyətin azalmasına səbəb olur. İnsanlararası qarşılıqlı ünsiyyətin zəifləməsi, fərdin psixikasında eqoizm, narsizm, özünəqapanma kimi xüsusiyyətlərin formalaşmasına və inkişafına şərait yaradır. Beləliklə, cəmiyyətdə insalarası ünsiyyət və qarşılıqlı məsuliyyətin nəticəsində yaranan kollektiv dəyərlər iflas edir. Bu dəyərlərin başında gələn ailə qurumudur. Deməli, ailənin dağılmasının və boşanmaların artmasının birbaşa və dolayı olaraq sosial şəbəkələrlə əlaqəsi vardır. 

    Bunun qarşısını almaq üçün, insanların kütləvi şəkildə bir yerə toplanmasını və ünsiyyət qurmasını təmin edən tədbir və layihələrin həyata keçirilməsinə ehtiyac vardır. Bunlar aşağıdakılar ola bilər:

    –        parklarda gənclərin kollektiv idman oyunlarının təşkili;

    –        şəhərsalma layihələrində həyatyanı sahələrin genişləndirilməsi və orada bütün yaş qruplarının əylənməsini təmin edən sahələrin ayrılması;

    –        Xalq oyunlarının (əvvəlki küçə oyunlarının) müasirləşdirilməsi və onların həyata keçirilməsi üçün parklarda, həyətyanı sahələrdə şəraitin yaradılması;

    –        parklarda, ictimai yerlərdə yarışların təşkil olunması və qaliblərin mükafatlandırılması;

    –        ödənişsiz futbol və voleybol sahələrinin artırılması;

    –        açıq səma altında yaradıcılıq sahələrinin ayrılması və s.  


    4.     Ənənəvi gender rolları dəyişir

     
 İnkişaf etmiş Qərb ölkələrində patriarxal dəyərlərin zəifləməsi və gender bərabərliyinin inkişaf etməsi, qadınların təhsil və peşəkarlıq səviyyəsinin yüksək olması, qadınların cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirak etməsi, cəmiyyətdə qadın əməyinə şərait yaradan modern əmək bölgüsünün geniş yayılması, dövlətin uşaqlara qayğı ilə bağlı güzəştli sosial dövlət siyasəti həyata keçirməsi, qadınların iqtisadi müstəqilliyinə, onların ailədə kişidən asılılığının azalmasına şərait yaradır. Belə bir şəraitdə, qadınların ailəyə bağlılığı zəiflədiyi kimi, kişilərin də ailəyə bağlılığı zəifləyir. Nəticədə, ailə üzvləri arasında emosional bağlılıq, qarşılıqlı məsuliyyət hissi zəifləyir və ailə qurumu öz əhəmiyyətini itirir. Bu proseslərin nəticəsində ənənəvi ailənin dəyərlərini bölüşməyən qeyri-ənənəvi ailə modelləri (vətəndaş nikahları, homoseksual nikahlar) meydana çıxır. Bunlar kişi = qadın gender bərabərliyi formulu əsasında baş verir. Bu durumda, ailə qurumu dağılır. 

       
İnkişaf səviyyəsinə görə geridə qalan yoxsul ölkələrdə isə, boşanmaların səviyyəsinin çox aşağı olmasının səbəblərini ilk növbədə onda axtarmaq lazımdır ki, bu ölkələrdə patriarxal dəyərlərin güclü olması və gender bərabərliyinin olmaması, qadınların təhsil və peşəkarlıq səviyyəsinin aşağı olması, qadınların cəmiyyətin sosial-iqtisadi həyatında iştirak etməməsi, cəmiyyətdə qadın əməyinə şərait yaradan əmək bölgüsünün olmaması, dövlətin uşaqlara qayğı ilə bağlı güzəştli sosial dövlət siyasəti həyata keçirməməsi, qadınların ailədə kişidən asılı olmasına şərait yaradır. Belə bir şəraitdə, qadınların ailəyə bağlılığı güclənir, kişilərin isə, ailənin maddi təminatına cavab verən şəxslər kimi məsuliyyəti daha da artır. Nəticədə, ailə üzvləri arasında emosional bağlılıq, qarşılıqlı məsuliyyət hissi güclənir və ailə qurumu yeganə mövcudiyyət forması kimi öz əhəmiyyətini artırır. Bunlar kişi = qadın + 2, 3, 4 və s. gender bərabərsizliyi formulu əsasında baş verir. Bu cür ifrat patriarxal ailələrdə isə, qadınların hüquqları kobud şəkildə pozulur.  

    
Lakin, biz düşünürük ki, boşanmalarda iqtisadi göstəricilər səthi xarakter daşıyır. Əslində, bunun təməlində gender bərabərliyi ilə bağlı müəyyən problemlər dayanır. Kişi = qadın gender bərabərliyi formulu ailə qurumunun varlığı üçün təhlükədir. Çünki bu bərabərlik şəraitində kişi öz ənənəvi məsuliyyətini itirir və onun bir hissəsini (yarısını) qadının üzərinə yükləyir. Bəzi hallarda isə, kişi öz məsuliyyətindən tamamilə imtina edir. Belə bir durumda, kişi, qadının gözündə öz əhəmiyyətini itirir. Təbii ki, bunun nəticəsi boşanmalara gətirib çıxarır. Çünki ənənəvi-psixoloji olaraq qadının şüurunda ər ailənin məsuliyyətini daşıyan şəxsdir. Əgər dövlət gender siyasəti vasitəsilə bu funksiyanı onun əlindən alıb qadına verirsə, kişi öz ənənəvi gender funksiyasını və gender rolunu itirir. Bu isə, maskulinliyin iflası və feminliyin inkişafı deməkdir. Buna görə də, son dövrdə dünyanın modernləşmiş cəmiyyətlərində kişilərdə feminləşmə, qadınlarda maskulinləşmə prosesləri gedir.    

   
Kişi = qadın + 2, 3, 4
 və s. gender bərabərsizliyi formulu isə, qadınların istismar olunmasına və zorakılığa məruz qalmasına səbəb olur. Bu formulun tətbiq olunduğu cəmiyyətlər patriarxal cəmiyyətlərdir. Qadın bu cəmiyyətlərdəki ailələrdə iqtisadi asılılıq durumundadır. Buna görə də, orada boşanmalar çox aşağı səviyyədir. Ancaq, bu cəmiyyətlər inkişaf edə bilmirlər. Çünki qadınların təhsil səviyyəsinin və dünyagörüşünün aşağı səviyyədə olması, ailədə şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir. Kölə qadın azad insan yetişdirə bilməz. Bu baxımdan, ifrat gender bərabərsizliyi düzgün çıxış yolu deyildir.  

     
O zaman, hansı yol daha doğrudur?

    
 Biz düşünürük ki, kişi = qadın + 1 gender formulu daha məqsədəuyğundur. Bu formul, tam bərabərliyi və sərt bərabərsizliyi istisna edir. Dövlət gender siyasətində bu formula əsaslansa, boşanmaların səviyyəsi azalar və cəmiyyətin ahəngdar inkişafında meydana çıxan disbalans sabitləşər. Bu formula, qadınların sosial-iqtisadi azadlığını qorumaq şərti ilə, kişilərin ailə üzərindəki məsuliyyətini artırır. Bu dövlətin ailə siyasətinin təməlində dayanmalıdır. Artıq, sovet dövründə Azərbaycanda belə bir təcrübə var idi. Həmin təcrübədən yararlanmaq olar.

     
Kişi = qadın + 1 gender formulu aşağıdakı tədbirlərin həyata keçirilməsini şərtləndirir:

–        Təlim və tərbiyə prosesində cinsi identiklik amillərini nəzərə almaq;

–        Təhsildə kadr məsələsi və tədris metodikasında feminləşmə proseslərinin səviyyəsini kişi = qadın + 1 gender formuluna uyğunlaşdırmaq və təhsili fenimləşmə təhlükəsindən qorumaq;

–        kişlərin ailə üzərində məsuliyyətini artırmaq üçün, işsiz kişilərin sayını minimuma endirmək;

–        kişiləri döyüş idman növlərinə cəlb etmək üçün, tədris müəssisələrində döyüş idman növləri ilə bağlı ödənişsiz icbari seksiyaların yaradılmasını təmin etmək;

–        tədris müəssisələrində peşə sənətlərinin praktiki öyrədilməsi ilə bağlı fənlərin tədrisini gücləndirmək.

–        KİV-də, tədris proqramlarında və digər təbliğat vasitələrində kişilərin ailə üzərindəki ənənəvi məsuliyyətini xatırladan təbliğlərin yayılmasını təmin etmək və s.      


5.     Sonsuzluq problemi

     AQUPDK-nin rəsmisi boşanmaların səbəbi ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb: “Araşdırmalara əsasən, boşanmaların qeyri-rəsmi səbəbləri arasında ilk yerdə sonsuzluq durur. İl ərzində baş verən 12 min boşanma faktından 7-8 minində ailələrdə uşaq yoxdur. Son 5 il ərzində həm rəsmi, həm də qeyri-rəsmi statistikada sonsuzluğun artması qeydə alınıb.” (https://virtualaz.org/bugun/53805)

      AQUPDK-nin rəsmisinin verdiyi məlumat diqqətçəkicidir. Boşanmaların 60-70%-nin sonsuzluqdan irəli gəldiyini və bunun ilbəil artdığını nəzərə alsaq təhlükənin nə qədər ciddi olduğunu anlamalıyıq.

      Xəstəliklərin statistikasına fikir verəndə görürük ki, qadın və kişilərdə övlad dünyaya gətirməklə bağlı ciddi problemlər mövcuddur və onların sayı get-gedə daha da artmaqdadır. Təbii ki, bu problemlərin dərinləşməsi ailələrin dağılmasına birbaşa təsir göstərir.

     Evlilik yaşında olan insanların cinsi xəstəliklərə məruz qalması və bu xəstəliklərin sayının ilbəil artması, sinir sistemi xəstəliklərinin (aqressiyanın) artması müvafiq sahələr üzrə dövlət qurumlarının (Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi) və mütəxəssislərin məsuliyyətlərini artırır. Bunun səbəbləri arasında genetik məhsulların (GMO) istehlakı da dayana bilər. Düzdür, Azərbaycanda GMO məhsullarının istehlakına rəsmi qadağa qoyulmuşdur. Lakin, GMO toxumları qadağadan əvvəlki illərdə kənd təsərrüfatında özünə yer etmişdir. Boston alimlərinin empirik araşdırmaları sübut etmişdir ki, GMO məhsulları hormonal balansın pozulmasına, spermatoidlərin tərkibinin zəifləməsinə, sonsuzluq xəstəliyinin ortaya çıxmasına, hətta, psixoloji problemlərin yaranmasına birbaşa təsir göstərir. Eyni zamanda, bioloji elmlər doktoru İrina Yermakovanın da araşdırmaları bunu təsdiq edir. Son dövrdə psixoloji problemlərlə əlaqədar olan intihar hallarının artmasında da bu amillərin rolu ola bilər.  

Related Articles

+994 50 295 94 79
top