Bayramqabağı qiymətlər qalxıb – Bazardakı real qiymətlər…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

eni il yaxınlaşır, artıq əksər ailələr bayramı qeyd etmək üçün hazırlıqlara başlayıblar. Maddi imkanı yüksək olanlar daha təmtəraqlı bayram keçirmək üçün bahalı restoran və əyləncə mərkəzlərini seçsə də, əksəriyyət həmişə olduğu kimi gələn ili evində qarşılayacaq. Bəs orta statistik azərbaycanlı ailəsi üçün bayram bazarlığı neçəyə başa gəlir?

Müşahidələr göstərir ki, ölkədə il ərzində ərzaq qiymətlərində kəskin bahalaşma olmayıb. Amma qiymətlərdə az da olsa artım müşahidə olunur. Dövlət Statistika Komitəsi də bu günlərdə açıqlama verərək yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətlərinin 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin isə 2,7 faiz artması ilə bağlı məlumat yaymışdı. Qarşıdan gələn günlərdə isə qiymətlərin bir qədər artacağı ehtimal olunur.

Hazırda bayramqabağı ərzaq bazarında və marketlərdə də xeyli canlanma müşahidə olunur. Səbəb isə digər ölkələrdən fərqli olaraq bizdə bayram günlərində qiymətlərin süni şəkildə artırılmasıdır.

Hazırda 4 nəfərlik ailə üçün ortabab süfrəyə lazım olacaq plov üçün 1 kq düyü orta hesabla 2-5 manat, 1 kq mal və ya qoyun əti 10 – 12 manat, şabalıd 7 manat, qaysı 9 manat, kişmiş 10 manat, kərə yağı 15-18 manat arasında dəyişir.

Yeni il süfrəsinin əsas elementi olan paytaxt salatının hazırlanmasında lazım olan yumurtanın qiyməti orta hesabla 20 qəpik, yaşıl noxud 1,8-2 manat, mayonez 2 manat, toyuq filesi 2,5 manat, duzlu xiyar 2,5 manat, kartof 1 manat, yerkökü 1,70 manatdır.

Süfrəyə qoyulan meyvələrin qiyməti isə orta hesabla 10-12 manat arasında dəyişir (alma 1- 2,5 manat, armud 1,5-3 manat, narıngi (2-3 manat), xurma 2 manat, üzüm 2,5-3 manat, nar 2,5-4 manat).

Paytaxt salatından əlavə salat və digər yeməklərlə süfrəsini bəzəmək istəyənlər isə əlavə olaraq şuba salatı üçün 6 manat, tərəvəz salatı üçün 4 manat, toyuq və ya balıq ləvəngisi üçün təxminən10-15 manat xərc çəkməli olacaqlar. Beləliklə, 4 nəfərlik ailə üçün plov, dolma, paytaxt salatı, meyvə, tort və ya şirniyyat daxil ortabab bayram süfrəsinə təxminən 150-200 manat xərc çəkilir. Əlavə içkilər və yemək çeşidləri də olarsa, bu məbləğ iki dəfəyə yaxın arta bilər. (virtualaz.org)

Related Articles

+994 50 295 94 79
top