Ekspertdən nazirliyə cavab: – “Müəllimlərin nəticələri aşağıdır”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc olmaqla, ümumilikdə 38 medal qazanıblar. Amma 2018-ci ildə olimpiada tipli suallara mindən çox müəllimin verdiyi cavab bu göstəricidən də aşağıdır. Çünki təhsil sistemində çalışanların, müəllimlərin nəticələri onlardan aşağıdır.

Bu sözləri Open.az-a təhsil eksperti Kamran Əsədov bir neçə gündür müzakirə olunan “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqənin nəticələri barədə Təhsil Nazirliyinin mövqeyinəı münasibət bildrirərkən deyib.

Onun sözlərinə görə, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsini keçirən Təhsil İnstitutunun (İnstitut uzun müddətdir ki, rəhbərsiz qalıb) saytında 29.11.2018 tarixli elan yerləşdirilib və orda iştirakçılara 3 saat ərzində kağız formatda 20 qapalı tipli test tapşırığının təqdim olunacağı yazılsa da (https://www.arti.edu.az/az/newsd/399-muallimlar-arasinda-musabiqa-kecirilacak), müsabiqədə riyaziyyat, fizika, biologiya fəninin hər birindən 25 test tapşırığı, kimyadan 30 test tapşırığı, informatikadan 20 test tapşırığı təqdim olunub. Ekspert bildirib ki, bu, təşkilatçıların nə qədər qeyri-peşəkar olmasının göstəricisidir:

“İştirakçılara bildirilmişdi ki, sizə ixtisas fənnindən və çətinliyi artırılmış olimpiada tipli suallar təqdim olunacaq. Lakin nazirliyin əməkdaşları deyir ki, müəllimlər imtahana gələndə onlara necə sualların veriləcəyini bilmirdilər. Onlara xatırladım ki, BŞTİ qabaqcadan məktəblərə imtahanın könüllü olması, sualların məktəb proqramından kənar və xeyli çətin olacağı haqqında məlumat göndərib. Hətta iştirakçı müəllimləri yaxından məlumatlandırmaq məqsədi ilə onlara 2017-2018- ci il üçün keçirilən olimpiada suallarının nümunələri və olimpiada suallarının izahlı cavablarının olduğu xüsusi vəsait də təqdim edilib.

Müəllimlərin kifayət qədər məlumatı var idi ki, onları təkcə pul mükafatı gözləmir. Hətta imtahanda hər müəllim iştirak etmirdi, seçilmiş müəllimlər göndərilmişdi imtahana.

Nazirliyin “Müəllimləri tənqid edənlər heç olimpiada sualı görməyiblər” deyən əməkdaşı bildirir ki, bu müsabiqədə onlar yeni müəllim tanıyıblar. O, Neftçala rayonunun Xıllı qəsəbə 1 saylı orta məktəbin müəllimi Seyran Səfərovdur (adını o demədi, mənim müəllimim olduğu üçün yazıram).

Seyran Səfərov 1995-ci ildən indiyə kimi Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı orta məktəbdə müəllim işləyir və indiyə qədər öz şəxsi vəsaiti hesabına yüzlərlə respublika, beynəlxalq olimpiada qalibi yetişdirib. Yəni sizin onu bu vaxta qədər tanımamağınız, indi tanımağınız sadəcə sizin təhsildən, olimpiadadan nə qədər xəbərsiz olduğunuzu göstərir. Seyran Səfərov əməkdar müəllimdir, bir neçə dəfə ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olub”.

K.Əsədov əlavə edib ki, müəllimlərdə yeni təfəkkür tərzi formalaşmır, onlar keçmişin təsirindən uzaqlaşmırlar, köhnə dünyagörüşlə işləyir: “Təhsil müəssisələrinin rəhbərləri isə bu problemləri məktəb şuralarında, pedaqoji şuralarda müzakirə etmir, lazımi tədbirlər həyata keçirmirlər. Söhbət şаgirdlərə akademik biliklər vеrməkdən dеyil, əmək vərdişləri, yaşamaq, dəyişən dünyaya uyğunlaşmaq bacarıqlarının aşılanmasından gedir”.

Ekspert bildirib ki, Təhsil Nazirliyi qədər müəllimlərə qarşı hörmətsizlik edən, onları təhqir edən ikinci bir qurum yoxdur: “Nazirlik ancaq formallıq xətrinə müəllimləri tədbirə dəvət edir. Nazirlik onları DQ, MİQ imtahanları ilə bir-birinə qarşı qoyur, onların problemlərində yanında olmur”.

Bu günə qədər keçirilən olimpiadalarda göstərilən nəticələrin statistikasını yayan K.Əsədov bildirib ki, indi təhsil sistemində çalışanların nəticəsi olimpiadalarda iştirak edən şagirdlərin nəticələrindən aşağlıdır:

“2010-2016-cı illərdə beynəlxalq olimpiadalarda 111 medal qazanılıb. Ən çox medal riyaziyyat fənni üzrə əldə edilib. 2017-ci ildə keçirilən beynəlxalq riyaziyyat olimpiadalarında şagirdlər 1 qızıl, 8 bürünc medal, 2 həvəsləndirici sertifkart alıblar, amma 2018-ci ildə ali təsilli, neçə illik stajı olan müəllimlər o tipli suallara cavab verməkdə çətinlik çəkiblər. Maraqlıdır ki, 2016-2017-ci tədris ilində Tailandda keçirilən 49-cu kimya olimpiadasında 1 qızıl, 1 gümüş, 1 bürüc medal qazanılıb. Amma 15 dekabrdakı imtahanda ali təhsilli müəllimlər bu nəticəni müvafiq fənn üzrə göstərə bilməyiblər.

2013-2017-ci illərdə beynəlxalq olimpiadalarda şagirdlər ümumilikdə 109 medal qazanıb. 1994-2017-ci illərdə 314, 2014-2015-ci tədris ilində 23, 2015-2016-cı ilində 28, 2016-2017-ci tədris ilində 38 medal qazanıblar.

2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc olmaqla, ümumilikdə 38 medal qazanıblar. Amma 2018-ci ildə olimpiada tipli suallara mindən çox müəllimin verdiyi cavab bu göstəricidən aşağıdır”.

Kamran Əsədov əlavə edib ki, hətta müəllimlərin olimpiada nəticələri ilə Diaqnostik Qiymətləndirmə nəticələrini müqayisə edəndə xoşagəlməz bir mənzərənin şahidi oluruq: “2015-ci ildə Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayon məktəblərində çalışan 26 minə yaxın müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. 25.693 müəllimdən cəmi 28 nəfəri 100% nəticə göstərmişdi. 262 nəfər 10 faizdən aşağı nəticə toplamışdı”.

Related Articles

+994 50 295 94 79
top