Fəxrəddin Aboszadənin Azərbaycana ekstradisiyası yubanır – səbəb

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Fəzail Ağamalı: “Onun verilməsinin qarşılığında Rusiya tərəfin istəyi ola bilər”; Elçin Mirzəbəyli: “Heç bir hüquqi maneə yoxdur”

Azərbaycana qarşı separatçılıq edən, “Tolişi Sədo” qəzetinin baş redaktoru Fəxrəddin Aboszadənin Rusiyada həbs edilməsindən 4 ay ötür.

Onun həbsindən sonra Azərbaycana ekstradisiyası üçün dərhal hərəkətə keçən Azərbaycan tərəfi hələ ki, buna nail ola bilməyib. Rusiyanın bu məsələdəki israrlı mövqeyi haqlı olaraq Azərbaycan tərəfdə ciddi narahatlıq doğurmaqdadır. Ekspertlər rəsmi Bakının qətiyyətli tələbinin F.Aboszadənin ölkəmizə təhvil verilməsi ilə nəticələnəcəyini düşünürlər.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Rusiyanın bu məsələdəki mövqeyini qınadı: “Bu məsələ ilə bağlı Rusiyanın müvafiq qurumları Azərbaycana qarşı səmimi davranış nümayiş etdirmirlər. Əldə olunan razılığa uyğun olaraq addımlar da atmırlar. Rusiya tərəfi açıq şəkildə hüquqi proseduraların həyata keçirilməsinə maneçilik törədir. Bu da bizdə təəssüf doğurmaya bilməz. Məlum olduğu kimi, onun haqqında cinayət işi açılıb. O, Azərbaycana təhvil verilməli idi. Uzun müddət keçməsinə baxmayaraq bunu Rusiyanın hüquq mühafizə orqanları həyata keçirmir. Bu da müəyyən narahatçılıqlar doğurur. Görünən odur ki, Fəxrəddin və onun kimi şəxslərdən Azərbaycana qarşı yeri gələndə təzyiq vasitəsi kimi istifadə olunur.

Çox istərdik ki, Rusiya Azərbaycanın ona bəsləmiş olduğu səmimi, mehriban qonşuluq və dostluq münasibətlərini özündə ifadə edən davranışı ortaya qoysun. Hüquqi proseduraların həyata keçməsi üçün əldə olunan razılığın və rəsmi sənədlərin mahiyyətinə uyğun olaraq addımlar atsın, tezliklə Fəxrəddini ölkəmizə təhvil versin. Azərbaycan tərəfin gözlədiyi budur. Rəsmi Bakı öz üzərinə düşən vəzifəni yerinə yetirib. Azərbaycanın hüquq mühafizə orqanları bir daha rəsmi şəkildə müvafiq qurumlara müraciət etməli və bu məsələdə təkidli olmalıdır. Ümid edirəm ki, bu belədir. İstənilən halda bu məsələdə Rusiya tərəfindən çox şey asılıdır. Rusiyanın müvafiq qurumları bu məsələnin həlli üçün üzərinə düşən vəzifələri və hüquqi proseduraları həyata keçirməlidir. Azərbaycan əminəm ki, bu məsələdə təkidli və kifayət qədər ardıcıl addımlarını atır, bundan sonra da atacaq. Mənə elə gəlir ki, Fəxrəddinin ekstradisiyasının qarşılığında Rusiya tərəfin nəsə bir tələbi, istəyi ola bilər. Şübhəsiz ki, ekstradisiyasının gecikdirilməsi suallar yaradır. Azərbaycan istənilən halda dövlət maraqlarına uyğun şəkildə bundan sonra da addımlarını atacaq. Düşünürəm ki, Rusiya bir nəfərə görə Azərbaycana hər hansı bir ziyan gətirəcək addım atılmasına imkan verməyəcək, buna heç zaman razı olmayacaq. Son nəticəni gözləyək. Bu haqda indidən nəsə söyləmək mənim üçün çox çətindir. Hər halda ekstradisiyasının uzanması yaxud ümumiyyətlə, alınmaması dövlətlərarası əlaqələrə mütləq təsir edə bilər. Faktiki olaraq Rusiyaya etimadsızlıq yaradar. Yüksək səviyyəli münasibətlərdə bu cür problemlər olmalı deyil”.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Fəxrəddin Aboszadə kimi şəxslərdən təzyiq vasitəsi kimi istifadə edilməsi mümkün deyil: “Belə şəxslərin Azərbaycanın ictimai rəyinə hər hansı bir formada təsir göstərmək imkanları yoxdur. Belə təfəkkürlü insanlara Azərbaycanın bir parçası olan talışlar da çoxdan ”yox” deyiblər, onları rədd ediblər. Onlardan ermənilər və Azərbaycanda etnik separatizmi stimullaşdırmağa çalışan güc mərkəzləri daha çox istifadə edirlər. İndiki şəraitdə onun Azərbaycana təhvil verilməsi üçün heç bir hüquqi maneə yoxdur. Çünki Rusiya ilə Azərbaycan arasındakı hüquqi sənədlər buna tamamilə imkan verir. Diqqət etsəniz görərsiniz ki, MDB çərçivəsində də qarışıqlı olaraq belə əməkdaşlıq var. Bu və ya digər dövlətlərin ərazi bütövlüyünə təhdid yaradan, terrora çağırış edən insanların təhvil verilməsində əslində problem yaşanmalı deyil.

Əgər Rusiya tərəfi Azərbaycanın tutarlı arqumentlərinə istinad edərək onu ölkəmizə təhvil vermirsə, bu artıq onun beynəlxalq hüquq normalarına olan münasibətinin göstəricisidir. Bu həm də Rusiyanın ikitərəfli münasibətlərdə səmimi olmadığını göstərir. Təəssüflər olsun ki, Fəxrəddin kimi şəxslər Rusiyada tək deyil. Təkcə Rusiyada deyil, MDB-nin bir çox ölkələrində, o cümlədən, Azərbaycanla yaxın dostluq əlaqələrinə malik olan Belarusda da belə şəxslər fəaliyyət göstərir, bölücülüyə çağırışlar edir, müxtəlif KİV-lər yaradır və bunu vasitəsilə təxribat xarakterli məlumatlar yayırlar. Rusiyanın özündə də belə bir şəbəkə fəaliyyət göstərir. Bu şəbəkənin Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələri var. Fəxrəddin Aboszadə bu şəbəkənin sadəcə bir hissəsidir. Digər şəxslərlə qarşı bu cür addımların atılmasına çox böyük ehtiyac var. Çünki burada söhbət hansısa milli-mədəni fəaliyyətdən getmir. Söhbət Azərbaycanın ərazi bütövlüyünə təhdid yaratmaqdan və ölkəmizdə qarışıqlıq yaratmaq cəhdlərindən gedir. Bu tipli insanların fəaliyyətlərinin stimullaşdırılmasında Ermənistanın xüsusi xidmət orqanlarının fəaliyyətinin bir neçə səbəbi var. Ermənistan Azərbaycana qarşı daim ölkəmizdə guya etnik dözümsüzlüyün olduğunu önə çəkir. Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğalını ermənilər məhz bununla əlaqələndirməyə çalışırlar. Fəxrəddin kimi şəxslər vasitəsilə guya Azərbaycanda etniklərin hüquqlarının tapdalandığı məsələsini gündəmə gətirməyə cəhdlər edilir. Bununla da torpaqlarımızın işğalına haqq qazandırılmasına cəhdlər olunur. Belə insanlara qarşı güzəştsiz mövqe sərgiləmək lazımdır”.

“Yeni Müsavat”

Related Articles

+994 50 295 94 79
top