Ölkəni işıqsız qoyan enerji blokundan XƏBƏR VAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq “Azərenerji” ASC tərəfindən həyata keçirilən işlər davam etməkdədir. 2018-2020 illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsi olaraq müəyyən işlər hissə-hissə görülüb və görülməkdədir.

ASC-dən BakuPost-a verilən məlumata görə, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, Mingəçevirdə yerləşən 8 enerji blokundan ibarət “Azərbaycan” İES-in yenidənqurulması çərçivəsində istismar müddətini başa vuran avadanlıq və aqreqatlar yeniləri ilə əvəz edilir, stansiya və yarımstansiyalar tikilərək tamamilə yenidən qurulur.

Artıq “Azərbaycan” İES-in 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyanın yenidənqurulması prosesi yekunlaşmaq mərhələsinə keçib. 2018-ci ilin son aylarında 145 gün müddətinə əsaslı təmir edilməli olan 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyada avadanlıqların yenilməsi işi 80 gün ərzində başa çatdırlıb. Bununla da 6-cı enerji bloku tam gücü ilə işə qoşulub və ehtiyat güc mənbəyi yaradılıb. Eyni zamanda hidrogen istehsal edən eloktroliz, oksigen qurğuları təzələnib. 2019-cu ildə “Azərbaycan” İES-dəki digər 7 enerji blokunun tamamilə yenidənqurulması həyata keçiriləcək.

Paralel olaraq bu yaxınlara qədər faktiki qoyuluş gücü ilə işləməyən Şəmkir Su Elektrik Stansiyasına yeni ehtiyat hissələr alınaraq gətirilib, 2 nömrəli hidro aqreqatda 26 noyabr – 27 dekabr tarixləri müddətində təmir-bərpa işləri aparılıb. Nəticədə aqreqatın gücü 2 dəfə artırılıb. 80 MVt məhdudiyyət aradan qaldırılıb ki, bu təxminən bir neçə rayonun tələbatına bərabərdir. Ümumilikdə isə Şəmkir SES üçün nəzərdə tutulan yenidənqurma işləri davam edir.

Qeyd edək ki, 2018-ci ilin iyul ayının 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş vermişdi. Bu səbəbdən ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayandırılmışdı.

Related Articles

+994 50 295 94 79
top